Yaxın Şərq: Silahlar 4 gün susacaq...

post-img

Dünən, nəhayət, HƏMAS ilə İsrail arasında dördgünlük atəşkəs barədə razılıq əldə olunub. Bu xoş xəbər dərhal qlobal medianın gündəminə çevrilib. Bu barədə “Reuters” agentliyi məlumat yayıb. 

Məlumdur ki, Qəzzada HƏMAS ya­raqlılarına qarşı aparılan antiterror əmə­liyyatları zamanı çox sayda dinc sakin həlak olur. Onların arasında uşaq, qa­dın və ahıllar var. Eyni zamanda, böyük dağıntılar baş verir. Münaqişənin qlobal müharibəyə çevrilmək ehtimalı güclənir. Bu, təbii ki, dünya birliyini, bəşəriyyəti ciddi narahat edir. 

Dünən bütün gün ərzində Yaxın Şərqdən yayımlanan reportajlarda qeyd olunur ki, razılaşmanın birinci mərhələ­sində HƏMAS Qəzzada saxlanılan 50-yə yaxın israilli qadın və uşağı, İsrail tərəfi isə əksəriyyəti qadın və yeniyet­mələrdən ibarət 150-yə yaxın fələstinli girovu azad etməlidir. 

Qeyd edək ki, atəşkəsin başlaya­cağı və bitəcəyi vaxt dünən 24 saat ərzində elan edilməli idi. Yazını hazırla­yarkən bu barədə konkret məlumat hələ yayımlanmamışdı. Atəşkəs barədə ra­zılaşmanın pozulması istisna olunmur, lakin bu ehtimal azdır. 

Bundan əlavə, İsrail hökuməti Misir­dən gündəlik olaraq Qəzzaya humanitar yardım aparan 300-ə yaxın TIR-ın ank­lava keçməsinə, o cümlədən əraziyə daha çox yanacaq gətirilməsinə icazə verəcək. Bununla bağlı rəsmi Təl-Əvivə beynəlxalq təzyiqlər artıb.

Xatırladaq ki, Qəzzaya humanitar yardımlar yalnız Misirin Qəzza ilə sərhə­dində yerləşən “Rəfah” keçid məntəqə­sindən daxil olur. Burada isə humanitar yardımlarla dolu yük maşınları bəzən günlərlə, hətta həftələrlə gözləməli olur. 

Atəşkəsin ikinci mərhələsində, İsra­ilin humanitar atəşkəsi əlavə olaraq bir neçə gün uzatması müqabilində HƏ­MAS daha çox qadın, uşaq və qocanı azad edə bilər. Bütövlükdə, atəşkəsin elan edilməsi yaxın günlərdə sülh danı­şıqlarının başlayacağı ilə bağlı ümidləri artırır. 

Yeri gəlmişkən, dünən İsrail hö­kuməti HƏMAS ilə onlarla girovun azad edilməsinə dair razılaşmanı təsdiqləyib. Bu barədə baş nazir Benyamin Netan­yahunun ofisinin yaydığı bəyanatda bil­dirilib.

İsrail qəzetləri yazır ki, hökumət sa­atlarla davam edən və olduqca gərgin keçən xüsusi iclasdan sonra dörd gün ərzində Qəzza zolağından ən azı 50 gi­rovun geri qaytarılmasını nəzərdə tutan planın icra olunmasına etiraz etməməyi qərara alıb. Lakin hökumətin sözçüsü atəşkəs bitən kimi İsrailin Müdafiə Qüv­vələri tərəfindən anklavda hərbi əməliy­yatların bərpa olunacağını bildirib. 

HƏMAS rəhbərliyi, öz növbəsin­də girovların qaytarılması üçün İsraillə dörd günlük atəşkəs haqqında razılıq əldə olunduğunu təsdiqləyib. İlk sərbəst buraxılan girovların qadın və uşaqlar­dan ibarət olacağı ehtimal edilir. 

Beləliklə, bir daha xatırladaq ki, razı­laşmaya əsasən İsrail qüvvələri Qəzza zolağında hərbi əməliyyatları dayan­dırmalı, HƏMAS isə təxminən 240 gi­rovdan azı 50-ni sərbəst buraxmalıdır. Dünya ictimaiyyəti bunun fərqindədir və böyük intizarla girovların azad edilməsi anlarını gözləyir. 

HƏMAS ilə İsrail arasında atəşkəs barədə razılaşmanın əldə olunma­sı dünyanın bir çox siyasi mərkəzlə­rində müsbət hal kimi dəyərləndirilib. Məsələn, ABŞ-ın dövlət katibi Entoni Blinken İsrail və HƏMAS arasında razı­laşmaları “əhəmiyyətli irəliləyiş” adlan­dırıb. 

Bir neçə kəlmə də tərəflərin itkiləri barədə məlumat vermək istərdik. BBC müxbiri yazır ki, oktyabrın 27-də quru əməliyyatları başlanan vaxtdan indiyə­dək İsrail ordusunun itkiləri 69 nəfərə çatıb. Bu müharibədə İsrail ordusu 390 əsgər və zabitini itirib. 

Bütövlükdə, bu müharibədə İsrail və Fələstin tərəfinin itkilərinin müvafiq olaraq 1200 və 14 mindən çox olduğu bildirilir. İsrail tərəfi HƏMAS-ın 240 İs­rail vətəndaşının girov saxladığını iddia edir. Yaraqlılar bu faktı nə təsdiq, nə də təkzib edirlər. 

Təəssüf ki, münaqişə zamanı həlak olanlar arasında beynəlxalq humanitar təşkilatların, eləcə də KİV mənsub­ları da var. Ən son məlumatlara görə, dünən İsrail aviasiyasının Livanın cənu­buna endirdiyi zərbə nəticəsində Bey­rutda yerləşən “Əl-Mayadin” telekanalı üçün reportaj hazırlayan iki jurnalist hə­lak olub. 

Livanın dövlət mediasının verdiyi məlumata görə, hava hücumu nəticə­sində Hüseyn Akil adlı mülki şəxs də həyatını itirib. Livanda yerləşən “Hizbul­lah” təşkilatı bunu cavabsız qoymadı­ğını bildirib. 

Qeyd etmək lazımdır ki, son günlər Livan-İsrail sərhədində “Hizbullah” və İsrail əsgərləri arasında atışmalar inten­sivləşib. Ehtimal etmək olar ki, HƏMAS ilə İsrail arasında dörd günlük atəşkəsin elan edilməsi buradakı qarşıdurmaya da öz təsirini göstərəcək. 

Sonda bir daha vurğulamaq lazım­dır ki, bütün qanlı savaşlar bir körpənin göz yaşlarına dəyməz. Ümid edək ki, Qəzzadakı ağır zorakılıqlara son qo­yulacaq, insanlar bir daha səhərlərini qırıcı təyyarələrin ölüm saçan uğultu səsi altında açmayacaqlar. Qoy həmişə Günəş olsun! 

 

Məsaim ABDULLAYEV
XQ

Dünya