Samantanın ermənipərəst “dosyesi”

post-img

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) direktoru Samanta Pauer öz ampluasındadır. Azərbaycan Ordusunun ölkənin bütün ərazisində dövlət suverenliyinin bərqərar olması məqsədilə sentyabrın 19-20-də keçirdiyi lokal xarakterli antiterror tədbirlərindən sonra – sentyabrın 25-də dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Yuri Kimlə birlikdə İrəvanda peyda olan, burada iki gün vaxt keçirən, Nikol Paşinyana Prezident Co Baydenin məktubunu çatdıran, sərhədyanı Gorunzur (Kornidzor) kəndinə gedərək Qarabağı könüllü tərk etmiş ermənilərlə görüşən, onlara “canıyananlıq” edən Pauer “X” platformasındakı hesabında haylara bəslədiyi tükənməz sevgisini bir daha ortaya qoyub.

Lokal xarakterli antiterror tədbirlərini “Azərbaycanın hərbi əməliyyatı”, Qara­bağ iqtisadi rayonunu isə “Dağlıq Qara­bağ” adlandıran Pauer qeyd edib ki, bu­nun nəticəsində 100 mindən çox insan öz evlərini tərk edərək qonşu Ermənis­tana köçmək məcburiyyətində (?) qalıb: “ABŞ Dağlıq Qarabağdan olan etnik ermənilərə dəstəyini davam etdirir. Bir­ləşmiş Ştatlar bu gün həmin köçkünlərə kömək üçün əlavə 4 milyon dollar ayır­dığını elan etdi. Biz məcburi köçkünlə­ri qəbul etdiyinə görə (?) Ermənistan hökumətinə minnətdarıq və ehtiyac duyduqları yardımın göstərilməsində onlara dəstəyimizi davam etdirəcəyik. 2020-ci ildən bəri ABŞ-ın Dağlıq Qara­bağın ehtiyacları üçün humanitar yardı­mının ümumi məbləği 28 milyon dollar təşkil edir. Bu yaxınlarda Ermənistana səfərim zamanı mən Dağlıq Qarabağ­dan köçkün düşmüş bir çox insandan öz evlərini tərk etməyin nə qədər çətin və ağrılı olduğunu birbaşa eşitdim. Biz onlara və onları Ermənistanda geniş qəlblə qəbul edənlərə dəstək olmaq üçün əlimizdən gələni edəcəyik”.

Əgər biz S.Paueri yaxşı tanımasay­dıq, onun Ermənistan vətəndaşlarını qə­bul etdiyinə görə rəsmi İrəvana təşəkkür etməsinə təəccüblənərdik. Ancaq Sa­mantanın bu yanaşması bizim üçün ye­nilik deyil. O, erməni mövzularında o qə­dər emosional və həyəcanlıdır ki, bəzən hər şeyi unudur və ermənilərdən daha artıq ermənilik etdiyinin fərqinə varmır. S.Pauer hazırda ABŞ-da hakimiyyətdə olan Demokratlar Partiyasının üzvüdür. Demokratların “erməni məsələsinə həs­sas münasibəti” heç kim üçün sirr deyil. Hələ 2008-ci ildə seçkiqabağı dövrdə Barak Obama prezident seçiləcəyi təq­dirdə “erməni soyqırımı”nı tanıyacağına söz vermişdi. Obama prezident olduğu dövrdə bu ifadəni işlətməsə də, hazırkı demokrat prezident Co Bayden 2021-ci il aprelin 24-də etdiyi çıxışında həmin sözdən istifadə etdi. S.Pauer də “erməni soyqırımı”nın baş verdiyinə inanan, nəin­ki inanan, başqalarını da buna inanmağa çağıran dəstəyə daxildir.

S.Pauer dəfələrlə Ermənistanda olub. Harvard Universitetinin Kennedi Dövlət İdarəçiliyi Məktəbinin professoru olan Pauer öz ixtisasına uyğun dərsliklər yazmaqdansa, qondarma “erməni soyqı­rımı”na dair təbliğat xarakterli kitab yaz­mağı üstün tutub. Kitab “Cəhənnəmdən problem. Amerika və soyqırımı dövrü” adlanır. Pauerin kitabı 2002-ci ildə nəşr olunub. Müəllif kitabda XX əsrdə baş vermiş soyqırımları zamanı ABŞ-ın fəa­liyyətsizliyinə toxunub. O, kitabın birinci fəslini “erməni soyqırımı” və ona olan beynəlxalq reaksiyaya həsr edib.

S.Pauer kitaba görə Pulitser müka­fatını, Robert Kennedi Ədalət və İnsan Haqları Mərkəzinin “İlin kitabı” mükafatını və Soyqırımı Araşdırmaları Mərkəzinin Rafael Lemkin mükafatını qazanıb. Kita­bı oxuyandan sonra ABŞ-ın gələcək pre­zidenti B.Obama S.Pauerə zəng edərək onun komandasına qoşulmağı təklif edib. Beləliklə, Pauer ABŞ Milli Təhlükəsizlik Şurasında Prezident B.Obamanın xüsusi köməkçisi və Çoxtərəfli Münasibətlər və İnsan Haqları Bürosunun baş direktoru vəzifələrində çalışıb. 2013-2017-ci illərdə isə ABŞ-ın BMT-dəki səfiri olub.

2015-ci il mayın 7-də Vaşinqton Milli Kafedralında “erməni soyqırımı qurban­ları” ilə bağlı tədbir keçirilmişdi. Ardınca Ermənistan prezidenti Serj Sarkisyanın çıxışı olmuşdu. Mərasimdə ABŞ-ın vit­se-prezidenti Co Baydeni Birləşmiş Ştat­ların BMT-dəki səfiri S.Pauer müşayiət etmişdi.

2016-cı ilin noyabrında isə Samanta “erməni soyqırımı”nın inkar edilməsindən danışmışdı. Vaşinqtondakı Holokost mu­zeyində nasist konsentrasiya düşərgə­sindən sağ çıxmış “Nobel” sülh mükafatı laureatı Elie Vizelin xatirəsinə həsr olun­muş çıxışında Pauer demişdi: “Dünyada hələ çox ədalətsizlik var. Ermənilərə qar­şı törədilən “soyqırımı”nın inkarı, Vizelin sağlığında baş verən dəhşətlər, Pol Pot rejimi, Bosniya, Ruanda, Darfur, Suri­ya...”

Qeyd edək ki, S.Pauer hazırda DTX-nın İstintaq Təcridxanasında saxlanılan Qarabağdakı keçmiş qondarma rejimin “dövlət naziri” Ruben Vardanyanla sıx əlaqələrə malik olub. R.Vardanyan, Nu­bar Afeyan və Vardan Qriqoryanla bir­likdə 2016-cı ildə “Avrora” adlı mükafat təyin etmişdilər. Tam adı “Bəşəriyyətin oyanışı üçün Avrora mükafatı” olan və “beynəlxalq humanitar mükafat” adlan­dırılan mükafat “erməni soyqırımı”ndan sağ çıxanlar adından verilirdi. Onun təq­dimetmə mərasimləri 24 aprel 2016-cı ildən etibarən hər il keçirilirdi. Laureat 1 milyon ABŞ dolları alırdı. S.Pauer də 2017-ci ildən “Avrora”nın seçim komitə­sinin üzvü idi.

Azərbaycan Prezidentinin köməkçi­si – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hik­mət Hacıyev “X” hesabında S.Pauerə cavabında həmin faktla əlaqədar yazıb: “Avrora” mükafatının himayəsi altında Samanta bu fondun qurucusu, Ukrayna­da separatizmi maliyyələşdirən bədnam oliqarx və çirkli pul yuyan Ruben Vardan­yanla birləşdi. Maraqlıdır ki, 2019-cu ildə Avropa Parlamentinin deputatları Ruben Vardanyana qarşı çirkli pulların yuyulma­sına görə sanksiya tətbiq edilməsini tələb etdilər. Ruben Vardanyan 2022-ci ilin ok­tyabrından Qarabağda peyda olduqdan sonra ABŞ-ın dəstəklədiyi Ermənistanın siyasi rəhbərliyinə qarşı dövlət çevrilişi planlaşdırırdı”.

“Avrora” təşəbbüsü çərçivəsində 2018-ci ilin iyununda İrəvana gələn Pa­uer jurnalistlərin sualına cavab olaraq demişdi: “Mənim təşəbbüsə qoşulma­ğımla bağlı sualın cavabı göz önündədir. Bu insanlar – “Avrora”nın həmtəsisçiləri Ruben, Nubar, Vardan Suriya böhranı­nın həllində və ya Yaxın Şərqdə sülhün bərqərar olunmasında məsul olsaydılar, bu gün bizim bu problemlərimiz olmazdı. İnkişaf etmiş ölkələrdə insanların vax­tilə əziyyət çəkdiyi dövrlərdə, müxtəlif vəziyyətlərin qurbanlarını dəstəkləmək və qorumaq üçün şəxsi təcrübələrindən istifadə edən “Avrora” qəhrəmanları kimi şəxslərlə görüşmək çox gözəldir. Həmin mübarizədə onlara dəstək olmaq bizim üçün gözəl fürsətdir”.

O, səfər zamanı “erməni soyqırımı muzeyi”ndə olmuş, iyunun 8-də Ermənis­tan Amerika Universitetində “Dəyişiklik çətin olanda dəyişiklik etmək” mövzusun­da görüşdə iştirak etmişdi. Pauer onu da bildirmişdi ki, B.Obamanın verdiyi vədi yerinə yetirməməsi və “erməni soyqı­rımı”nı tanımaması çoxlarında təəssüf doğurur.

2021-ci ilin yanvarında ABŞ-ın yeni prezidenti Co Bayden BMT-dəki keçmiş daimi nümayəndə S.Paueri USAID-ə rəhbərlik etməyə namizəd göstərəcə­yini açıqlamışdı. O daimi nümayəndə ki, BMT-də işlədiyi 4 il ərzində heç vaxt azərbaycanlı qaçqın və məcburi köçkün­lərin acınacaqlı vəziyyəti məsələsini qal­dırmamış və BMT TŞ-nin qətnamələrinin icrasını tələb etməmişdi. Belə bir şəx­sin USAID-in direktoru kimi fəaliyyətinin necə olacağını proqnozlaşdırmaq da çə­tin deyildi...

Yeganə HACIYEVA, 
politoloq

– ABŞ hökuməti USAID vasitəsilə strateji hədəflərinə çatmaq məqsədilə quruma 2022-23-cü illər üçün 424 mil­yon dollar məbləğində vəsait ayırıb. Həmin vəsait “vətəndaş cəmiyyəti təsi­satları ilə ABŞ-ın tərəfdaşlığının inkişaf etdirilməsi” yönündə yeni mexanizm­lərin yaradılmasına xərcləndi. ABŞ indiyədək “araşdırmaçı jurnalistlər”, “vətəndaş cəmiyyəti fəalları” adından ayrı-ayrı dövlətlərə qarşı korrupsiya ittihamları irəli sürüb. Məntiqi izləmə bu fəaliyyətlərin “jurnalist araşdırma­sı” olmadığı, konkret ölkələr və güc mərkəzləri tərəfindən yönləndirildiyi, rəqib ölkələri gözdən salmaq üçün quraşdırılmış oyun olduğu barədə eh­timalları həmişə gücləndirir. Xatırladım ki, S.Pauer 2022-ci ilin iyun ayında ABŞ administrasiyasının təmsilçisi qismində “Demokratiya doktrinası”nın “yenilənmiş elementləri”ni açıqlamış­dı. Yenilənmiş “Demokratiya doktrina­sı” ABŞ-ın “demokratiya işartıları”nın göründüyü ölkələrə diqqətini artırması və yerli təşəbbüsləri dəstəkləmək üçün külli miqdarda vəsait ayırması ilə nəti­cələndi. Burada “demokratiyanın işartı­ları” deyəndə nəyin nəzərdə tutulması özü maraqlı nüans idi.

USAID-in milyonluq layihələrinin bəziləri Avropa İttifaqı xətti ilə icra olu­nan layihələrlə sinxronluq təşkil edir. Aİ xətti ilə həyata keçirilən layihələrdən biri də “Regionlarda gənclərin öyrənilməsi, öyrədilməsi və fəallaşdırılmasıdır”. La­yihənin rəsmi məqsədi 13-18 yaş ara­sı yeniyetmələrin media savadlılığının artırılması, onların məktəbdənkənar vaxtlarının səmərəli keçirilməsinin tə­min edilməsidir. Diqqət yetirdikdə isə uşaqların cəlb olunması cəhdləri, gələ­cəkdə xüsusi maraqlar çərçivəsində tərbiyə edilmələri istəyi aydın görünür. Təlimlərin məxsusi olaraq Qarabağ ət­rafı rayonların gəncləri üçün nəzərdə tutulması isə layihə müəlliflərinin əsl məramını daha da aydın edir. Halbuki, Vətən müharibəsi dövründə Gəncənin, Bərdənin mülki əhalisi raket atəşinə tu­tulanda nə USAID-dən səs çıxdı, nə də Qərbdən Azərbaycana dəstək gəldi.

 

Səxavət HƏMİD
XQ



Siyasət