Macarları “Aİ-nin havasına oynamamağa” çağırırlar

post-img

Macarıstanın hakim Fides Partiyası ölkə paytaxtının küçələrində gələn ilin iyununda Avropa Parlamentinə seçkilərlə bağlı təbliğat kampaniyasının başlanması şərəfinə maraqlı reklam daşıyıcıları yerləşdirib. Baş nazir Viktor Orbanın lideri olduğu iqtidar partiyası Avropa Komissiyasının sədri Ursula von der Lyayenin ələ salındığı reklam lövhələri quraşdırıb. Avrokomissiyanın rəhbəri ilk dəfə seçki kampaniyası dövründə şəxsi hədəfə çevirib. Bu barədə məlumat yayan“Reuters” agentliyi reklam lövhələrində amerikalı maliyyəçi Corc Sorosun oğlu Aleks Sorosla yanaşı Lyayenin də portretinin nümayiş olunduğunu göstərib. Anti-reklam lövhələrində ölkə vətəndaşlarına xitabən “Gəlin onların mahnısına oynamayaq”, – şüarı yazılıb. 

Qeyd edək ki, Belçikada anadan ol­muş 65 yaşlı alman əsilli Ursula von der Lyayeni bundan daha yüksək vəzifəyə namizədliyi də nəzərdən keçirilib. ABŞ Prezidenti Co Bayden Yens Stolten­berqin səlahiyyət müddəti başa çatdıq­dan sonra Avropa Komissiyasının sədri vəzifəsini icra edən Lyayenin NATO-nun gələcək Baş katibi olmasını istəyir. Bu­nunla bağlı Avropa mediasında yayılan məlumatlarda deyilirdi ki, Bayden və Lyayen arasında son illər yaxın əlaqələr mövcuddur. Bu təmaslar, ilk övbədə, Çin, Ukrayna və iqlimlə bağlı sıx transatlantik mövzuları əhatə edir. 

Avropa Komissiyasının sədri Ursula von der Lyayen daha əvvəl bəyan et­mişdi ki, onun üçün NATO Baş katibli­yinə potensial varislər siyahısında olmaq böyük şərəfdir. İntəhası, mövzu ilə bağlı jurnalistlərin sualına mətbuat xidmətin­dən belə cavab verilib: “O, nə indi, nə də gələcəkdə bu iş üçün hazır deyil”.

Məlumdur ki, Yens Stoltenberq NA­TO-nun Baş katibi vəzifəsini 2024-cü il oktyabrın 1-dək icra edəcək.

Yeri gəlmişkən, Avropa Komissiya­sının rəhbəri Ursula von der Lyayen 2022-ci ilin yayında Bakıya səfəri za­manı qarşıdakı 5 il ərzində Aİ ölkələrinə Azərbaycandan qaz idxalını iki dəfə ar­tırmaq barədə rəsmi Bakı ilə razılığa gəl­diyini açıqlamışdı. Lyayenin fikrincə, bu razılaşma Rusiyadan qaz tədarükünün azaldılmasını kompensasiya etməlidir. Sənədi imzalamazdan bir qədər əvvəl, o, öz “X” səhifəsində “Aİ indi daha etibarlı enerji təchizatçılarına üz tutur” yazmışdı. Xanım Lyayen həmin paylaşımında Azər­baycanı enerji sahəsində “əsas və etibar­lı tərəfdaş” adlandırmışdı.

 

İ.HƏSƏNQALA
XQ

Siyasət