“Xiaomi”nin “yaddaşsız” yaddaşı güclənir

post-img

“Xiaomi” şirkəti yaddaş kartından istifadə etmədən smartfonların yaddaşını artırmağın yolunu tapıb. Hələlik bu “hiylə”  “Xiaomi 14” smartfonlarında işləyir. Ancaq sonradan digər qadcetlər üçün də əlçatan olacaq. 

“Xiaomi 14” seriyalı smartfonların bu yaxınlarda elanı ən yüksək səviyyəli texniki xüsusiyyətlərinə görə böyük gündəm yaratmışdı. Bununla belə, təqdimat zamanı bəzi funksiyalar, o cümlədən “UltraSpace” barədə çox az danışıldı.

“UltraSpace” fləş kartlardan istifadə etmədən yaddaşı bir qədər artırmaq üçün nəzərdə tutulmuş “Xiaomi”nin yeni texnologiyasıdır. Məsələn, 256 GB yaddaşa malik “Xiaomi 14 Pro” əslində 264 GB, 512 GB-lıq “Xiaomi 14” və “Xiaomi 14 Pro” isə 528 GB yaddaşa sahib olacaq.

Hər bir fləş yaddaş çipində cihazın sürətini artırmaq üçün istifadə olunan “Over-Provisioning” üçün ayrılmış bir sahə var. “Xiaomi” mühəndisləri yeri boşaltmağın bir yolunu tapıblar. 

Hələlik bu texnologiya yalnız “HyperOS” sistemli “Xiaomi 14” seriyalı smartfonlarda işləyir. 

“HyperOS”un “MIUI” ilə müqayisədə əsas dəyişikliyi ondan ibarətdir ki, yeni konseptdəki smartfon bütün “Xiaomi” cihazları, yəni saatlar, televizorlar, marşrutlaşdırıcılar və hətta elektrik avtomobili üçün pult olacaq. Onların hamısı öz parametrləri ilə pərdədə görünəcək. Əvvəllər “HyperOS” dəstəyi almalı olan qadcetlərin böyük siyahısı onlayn yayımlanırdı.

 

Ayan NƏCƏF,
tələbə-jurnalist
XQ

Dünya