Hakan Fidan: Ukrayna və Fələstin üçün fərqli standartlar qəbul edilməzdir

post-img

Türkiyənin xarici işlər naziri Hakan Fidan Qəzza zolağındakı vəziyyətlə bağlı ikili standartlar siyasətinin yolverilməz olduğunu bildirib. O, xüsusilə Ukrayna və Fələstində baş verənlərlə bağlı müxtəlif yanaşmaların mövcudluğuna diqqət çəkib. Məlumatı “Anadolu” verib. 

“Ukrayna üçün ayrıca, Fələstin üçün isə ayrıca standartlar ola bilməz. Əgər ədalətli dünya istəyiriksə, biz həmişə prinsipial və ardıcıl hərəkət etməliyik”, - diplomat iranlı həmkarı Hüseyn Əmir Abdullahiyanla birgə mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, Ankara Qəzza zolağında baş verənlərin region ölkələrinə təsir edəcək müharibəyə çevrilməsini istəmir: "Biz bütün oyunçuları davamlı sülh üçün səy göstərməyə çağırırıq".

Fidan Aİ ölkələrini Qəzza zolağında atəşkəsi təşviq etmək istəmədiklərinə görə tənqid edib. Onun sözlərinə görə, Aİ Qəzzadakı vəziyyətlə bağlı kollektiv mövqeyinə görə “atəşkəs haqqında eşitmək istəmir”.

Nazir həmçinin bildirib ki, 500-ə yaxın xarici vətəndaşın Qəzzanı tərk etməsi ilə bağlı razılıq əldə olunub: “Hazırda həm də Türkiyə vətəndaşları ilə bağlı danışıqlarımız davam edir”.

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahiyan isə bildirib ki, “sionist rejim Qəzzada qadın, uşaq və mülki vətəndaşları qətlə yetirməkdə, soyqırım və müharibə cinayətləri törətməkdə davam edir”. Onun sözlərinə görə, “müharibə dayandırılmasa, regionda vəziyyətin nəzarətdən çıxmasına görə məsuliyyət ABŞ, İsrail və müharibə cinayətlərini dəstəkləyənlərin üzərinə düşəcək.

İranlı nazir Qəzzalıların deportasiyasına və Fələstin anklavına humanitar yardımın çatdırılmasına qarşı səyləri dəstəklədiyi üçün Türkiyəyə təşəkkür edib.

 

P.ƏMİRCANOV

XQ

Dünya