Vaşinqtonda ABŞ-Çin məsləhətləşmələri

post-img

ABŞ-nin dövlət katibi Antoni Blinken və Vaşinqtonda rəsmi səfərdə olan Çinin xarici işlər naziri Van İ Vaşinqton və Pekin arasında fikir ayrılıqlarının aradan qaldırılmasını, eləcə də ikitərəfli əməkdaşlıq sahələrini müzakirə ediblər. Bu barədə Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Metyu Miller danışıqlardan sonra verdiyi yazılı bəyanatda deyilir. Məlumatı “İzvestiya.ru” yayıb.

“Dövlət katibi və xarici işlər naziri Van İ bir sıra ikitərəfli, regional və qlobal məsələləri, o cümlədən fikir ayrılıqlarının həlli, eləcə də əməkdaşlıq sahələrinin tapılmasını müzakirə ediblər. Dövlət katibi bir daha təsdiq edib ki, Birləşmiş Ştatlar bizim maraqlarımızı və dəyərlərimizi, eləcə də müttəfiqlərimizin və tərəfdaşlarımızın maraq və dəyərlərini müdafiə etməyə davam edəcək”, - sənəddə deyilir.

Qeyd olunur ki, Blinken və Van İ ABŞ-Çin münasibətləri ilə bağlı müzakirələri oktyabrın 27-də də davam etdirəcəklər.

“İzvestiya”ya müsahibə verən ekspertlər Çin Xarici İşlər Nazirliyinin rəhbərinin Vaşinqtona səfəri zamanı tərəflərin İsrail-Fələstin qarşıdurmasına toxunacağını da istisna etmirlər.

Oktyabrın 25-də Çin Sədri Si Cinpin də bildirmişdi ki, Çin və ABŞ iki dünya gücüdür və onların birgəyaşayışın düzgün yolunu tapıb-tapmaması dünya və onun inkişafı üçün çox vacibdir .

P.ƏMİRCANOV
XQ

Dünya