Özbəkistanda “Azərbaycan mədəniyyəti və poeziyası həftəsi” tədbirlərinə start verilib

post-img

Özbəkistandakı Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzinin (AMM) təşkilatçılığı ilə ölkənin Daşkənd və Xarəzm vilayətlərində “Azərbaycan mədəniyyəti və poeziyası həftəsi” keçirilir. 

     Həftə çərçivəsində Özbəkistan Dövlət Sənət və Mədəniyyət Universitetində “Şuşa – Türk dünyasının mədəniyyət paytaxtı” adlı beş dilli ensiklopedik nəşrin təqdimatı və azərbaycanlı sənət adamlarının iştirakı ilə böyük konsert baş tutub.

     Tədbir iştirakçıları əvvəl AMM tərəfindən universitetdə yaradılan Azərbaycan Mədəniyyət və İncəsənət Mərkəzinə baxıblar. Sonra foyedə Mədəniyyət Mərkəzi tərəfindən təşkil edilmiş Ümummilli Lider Heydər Əliyevə, Azərbaycan Prezidenti İlham Əliyevə, ölkənin parlaq Zəfərinə, mədəniyyətinə, ədəbiyyatına həsr edilən foto və kitab sərgisi ilə tanış olublar.

     Universitetin rektoru, professor Elmar Şermanov iki qardaş ölkə arasında mədəni əlaqələrin yüksək səviyyədə olduğunu vurğulayaraq bu işdə AMM-nin böyük rolunu qeyd edib. Rektor yaxın günlərdə Şuşada keçirilən I Türk Dünyası Mədəniyyət Forumunda iştirakından, Türk dünyasının mədəniyyət paytaxtı olan Şuşanın türkdilli xalqların mədəniyyətindəki mühüm rolundan söz açıb, toplu haqqında fikirlərini bölüşüb.

     AMM-nin direktoru Samir Abbasov iki ölkə arasında mövcud olan mədəni əlaqələrdən danışıb, bu işdə dövlət başçılarının rolunu xüsusi vurğulayıb. 

S. Abbasov Şuşanın Türk dünyası mədəniyyətində bir körpü rolunu oynadığını qeyd edərək Mədəniyyət Mərkəzi tərəfindən Özbəkistanda Şuşa ilə bağlı həyata keçirilən layihələr haqqında məlumat verib. Toplunun hazırlanmasından söz açan direktor bu nəşrin Şuşa ilinə və Şuşa şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsinə Mədəniyyət Mərkəzinin töhfəsi olduğunu qeyd edib.

     Ədəbiyyatşünas alim, tərcüməçi Babaxan Şərif  Şuşanın Türk dünyası üçün böyük əhəmiyyətini vurğulayaraq bu nəşrin Şuşa haqqında dəyərli bir mənbə olduğunu və eyni zamanda nəşrin beş dildə hazırlanmasını yüksək qiymətləndirib.  

     Azərbaycanın Xalq şairi Vahid Əziz Özbəkistan Yazıçılar İttifaqının dəvətilə Özbəkistanda olmasından və poeziya sevərlərlə görüşündən çox böyük məmnunluq hissi keçirdiyini bildirib.

     Tədbirin bədii hissəsində Azərbaycandan dəvət edilmiş tanınmış xanəndələr- beynəlxalq müsabiqələr laureatları Mirələm Mirələmov, Kamilə Nəbiyeva milli muğam və xalq mahnılarını, aşıq İlham Abdullayev qədim  saz havalarını, Mədəniyyət Mərkəzinin nəzdində fəaliyyət göstərən Kövkəb Əliyeva adına “Azərbaycan qızları” rəqs ansamblının üzvləri milli rəqslərimizi ifa ediblər.  

 

Qulu Kəngərli

XQ-nin xüsusi müxbiri

Daşkənd       











Mədəniyyət