Nobel mükafatının məbləği 90 min dollar artırılacaq

post-img

Builki Nobel mükafatının qalibləri əlavə 1 milyon İsveç kronu (təxminən 90 min dollar) alacaqlar. Nobelin bütün kateqoriyalar üzrə ümumi maliyyə mükafatı isə 11 milyon İsveç kronuna (986,000 ABŞ dolları) çatacaq. Bu barədə xarici KİV məlumat yayıb. 

Nobel Fondundan bildirilib ki, 2022-ci ilin sonunda fondun sərmayə kapitalının bazar dəyəri 5,8 milyard krondan (təxminən 519 milyon dollar) bir qədər az olub. 

Qeyd edək ki, 2012-ci ildə fond öz maliyyə imkanlarını gücləndirməyə çalışdığı üçün mükafat 10 milyon krondan 8 milyona endirilib. Mükafatın məbləği 2017-ci ildə 9 milyona, 2020-ci ildə isə 10 milyona çatdırılıb.

Məlumata görə, builki qaliblər oktyabrın 2-dən elan olunmağa başlayacaq. İlk elan olunacaq qaliblər fiziologiya və tibb üzrə olacaq. Oktyabrın 9-dək müxtəlif sahələr üzrə Nobel mükafatçılarının adları elan olunacaq. Mükafatlandırmanın baş tutacağı Stokholm və Oslo şəhərlərində Nobel Həftəsi keçiriləcək.

Rizvan FİKRƏTOĞLU
XQ

Dünya