Ulduzların planetləri varmı?

post-img

İnsanlar Yerin nadir olmadığını çoxdan başa düşüblər. Hətta qədim yunan filosofu Epikur eramızdan əvvəl IV əsrdə tələbəsi Herodota məktubunda yazırdı: “Dünyalar sayca sonsuzdur, həm bizim dünyamıza oxşardır, həm də, bir-birindən fərqlənir”. 

Alimlər ekzoplanetlərin axtarışına yalnız XIX əsrdə başladılar. O vaxta qədər onlar artıq göy cisimlərinin bir-birinə necə təsir etdiyini bilirdilər. Astronomlar ümid edirdilər ki, teleskoplar vasitəsilə ulduzların səmada hərəkətində “qəribəlikləri” görə biləcəklər.

Bunu kəşf etməyə müvəffəq oldular. Ancaq bunun ekzoplanetlərlə heç bir əlaqəsi yox idi – hərəkət trayektoriyasına adi gözlə görünməyən çox tutqun ulduzlar təsir edirdi. Sonralar onları “ağ cırtdanlar” adlandırdılar. Planetlərə gəlincə, onların ulduzların hərəkətinə təsiri o qədər zəif idi ki, o dövrün teleskoplarında bunu müşahidə etmək mümkün deyildi.

XIX əsrin alimlərinin nail ola bilmədiklərini həmkarları XX əsrdə etməyə çalışdılar. Astronom Pieter van de Kampın hekayəsi daha çox maraqlıdır. O, elmi karyerasının əhəmiyyətli hissəsini Yerdən cəmi 5,96 işıq ili uzaqlıqda yerləşən Ophiuchus bürcündə qırmızı cırtdan olan Barnard ulduzunun tədqiqinə həsr etdi. Astronom hesab edirdi ki, bu az kütləli ulduz – Günəşdən, təxminən, 6-7 dəfə yüngüldür – digər göy cisimlərinin təsiri altında öz trayektoriyasını nəzərəçarpacaq dərəcədə dəyişir. 1960-cı illərin sonlarında alim əvvəlcə birinci, sonra isə ikinci ekzoplanet kəşf etdiyini açıqladı. Onun hesablamalarına görə, bunlar kütlələri 0,7 və 0,5 Yupiter kütləsi olan qaz nəhəngləri idi.

Təəssüf ki, van de Kamp yanıldı – onun “tapdığı” planetlər mövcud deyildi. Astronomun qaz nəhənglərinin olması ilə əlaqələndirdiyi ulduzun “yer dəyişmələri” isə teleskopun işindəki səhvlərdən qaynaqlanırdı.

Hazırda astronomlar Barnard ulduzunun yaxınlığında planet tapmaq ümidlərini itirməyiblər. 2018-ci ilin sonunda beynəlxalq alimlər qrupu yeni kəşf haqqında məlumat verdilər. Düzdür, bu, van de Kampın xəbər verdiyi qaz nəhəngi deyildi. Yerə bənzər, təxminən, 3,2 Yer kütləsi olan planet idi. Ümid edilirdi ki, bu planetdə yaşamaq üçün şərait olacaq. Lakin bu kəşfin taleyi də uğurlu olmadı. Cəmi üç ildən sonra onun həqiqiliyi başqa bir elmi qrup tərəfindən təkzib edildi. Beləliklə, Barnard ulduzunun planetlərinin olub-olmaması hələ də açıq qalıb.

 

P.ƏFƏNDİ
XQ

Dünya