Rusiya–Ukrayna müharibəsi: nə qələbəyə güman var, nə savaşa aman…

post-img

Bu gün Rusiyanın Ukraynaya hücumundan bir il yarım vaxt keçir. Düz on səkkiz ay əvvəl, yəni 2020-ci il fevralın 24-də Rusiya Silahlı Qüvvələri qonşu, suveren ölkəyə qarşı hücuma keçiblər. Bu, o dönəmdə çoxları üçün gözlənilməz hadisə idi. 

İkinci Dünya müharibəsindən sonra belə böyük miqyasda müharibə olma­mışdı. Mövcud beynəlxalq qaydalar Təh­lükəsizlik Şurasının beş daimi üzvünün biri tərəfindən kobud surətdə pozulmuş­du. Moskva isə özünə haqq qazandıra­raq başladığı müharibəni “Xüsusi hərbi əməliyyat” adlandırmışdı və bir neçə gün ərzində Kiyevi fəth edəcəyini düşünürdü. Lakin, bu, baş vermədi. 

Rusiyanın “parlaq” qələbəsi ona görə baş vermədi ki, fədakar Ukrayna xalqı qeyri-adi hünər və qətiyyət göstərərək öz torpaqlarının müdafiəsinə qalxdı. Mos­kvada və dünyanın çox yerində bunu gözləmirdilər. Vəziyyəti belə görüb Qərb dövlətləri həm maliyyə, həm də silah-sur­satla Kiyevi dəstəklədilər və hərtərəfli yardımlar bu gün də davam edir. 

Müharibə Ukrayna torpağında gedir. Təbii ki, ən çox dağıntılara məruz qalan tərəf məhz Ukraynadır. Qeyd edək ki, bu qanlı savaş başlanan ilk andan bugünə qədər hər iki tərəfdən on minlərlə hərb­çi və dinc sakin həyatlarını itirib. Onların arasında çox sayda uşaq, qoca və qadın var. Ukrayna əhalisinin, az qala, dörddə­biri qaçqın kimi ölkəni tərk etməyə məc­bur olub. 

Rusiya–Ukrayna müharibəsini şərti olaraq üç mərhələyə bölmək olar. Müha­ribənin ilk bir neçə həftəsi ərzində ruslar Ukraynanın şərqində və cənubunda xeyli ərazi ələ keçirə bildilər. Ötən ilin payız aylarından başlanan ikinci mərhələdə isə ukraynalı hərbçilər daha fəal idilər və Xarkov istiqamətində işğal olunan tor­paqlarını düşməndən azad edə bildilər. 

Çoxları müharibənin üçüncü, həlledici mərhələsinin Ukrayna Ordusunun uğurlu əks-hücum əməliyyatı ilə yadda qalacağını düşünürdü. Hələlik, ukraynalı əsgər və zabitlər uğurlu və genişmiqyaslı hərbi əməliyyatlar həyata keçirməkdə çə­tinlik çəkirlər. Fakt budur ki, Rusiya tərəfi dərin müdafiə sədləri yarada bilib və qar­şı tərəfin əksər hücum həmlələrinin qar­şısını ala bilir. 

Hazırda Rusiya–Ukrayna müharibə­sində cəbhənin yüz kilometrlərlə uzanan təmas xətti boyu ağır mövqe döyüş­ləri gedir. Ara-sıra tərəflər döyüşlərdə uğur qazandıqlarını iddia edirlər. Dünən UNİAN agentliyinin yaydığı məlumata görə, Ukrayna Silahlı Qüvvələri Zaporo­jye istiqamətində rusların birinci müdafiə xəttini yarıblar.

Ukrayna müdafiə nazirinin müavini Anna Malyar Ukrayna qoşunlarının Ro­botino kəndinə daxil olduqlarını təsdiqlə­yib. O bildirib ki, 47-ci briqadanın döyüş­çüləri yerli sakinlərin “Bradley” BMP-lər vasitəsi ilə təxliyəsini təşkil ediblər.

“Döyüşlər davam edir, rus hərbçiləri Robotinoyu artilleriyadan davamlı olaraq atəşə tuturlar”, - A.Malyar özünün “Teleq­ram” səhifəsində yazıb və foto dərc edib.

ABŞ başda olmaqla, “Kollektiv Qərb” Ukraynaya hərbi dəstəyini gücləndirir. Məsələn, Hollandiyanın müdafiə naziri Kaysa Ollonqren Ukraynaya səfər edib və ukraynalı həmkarı Aleksey Reznikova “F-16” qırıcısının maketini hədiyyə edib. Bu barədə Reznikov “Twitter” səhifəsində məlumat yayıb. Nazir belə bir qeyd edib: “İlk “F-16” Hollandiyadan Ukraynaya gə­lib! Böyük şahin ovu üçün geriyə sayım başladı!”

Müdafiə Nazirliyinin məlumatına görə, Kiyevdə keçirilən görüşdə Ollonqren və Reznikov cəbhədəki vəziyyəti, eləcə də Ukraynaya hərbi dəstək məsələsini mü­zakirə ediblər. Xatırladaq ki, Hollandiya Ukraynaya hərbi və hərbi-texniki yardım üçün artıq iki milyard avroya yaxın vəsait ayırıb.

Yeri gəlmişkən, bu günlərdə Dani­marka hökuməti yaxın günlərdə döyüş təyyarələrini Kiyevə köçürmək niyyə­tində olduğunu açıqlayıb. Yerli KİV-lər xəbər verirlər ki, Danimarka Ukraynaya 19 ədəd “F-16” qırıcısı tədarük edəcək və ilk altı təyyarəni Yeni ilə qədər təhvil verəcək. 42 ədəd “F-16” təyyarəsi olan Hollandiyanın isə Ukraynaya nə qədər təyyarə verəcəyi məlum deyil.

Son günlər Rusiya və Ukrayna hərb­çiləri bir-birinə qarşı raket hücumları za­manı pilotsuz uçuş aparatları – PUA-lar­dan geniş istifadə edirlər. Məsələn, dünən Rusiyanın Hava Hücumundan Müdafiə Qüvvələri tərəfindən Moskva vilayəti və iki ölkə sərhədindəki Bryansk şəhəri üzərində Ukraynanın pilotsuz uçan apa­ratının vurulduğunu bildiriblər. Rusiya Müdafiə Nazirliyi Moskva bölgəsindəki hücumda iki dronun iştirak etdiyini və hər hansı tələfatın olmadığını qeyd edib.

Moskvanın meri Sergey Sobya­nin “Telegram” kanalında bildirib ki, bir dron Moskvanın şimal-qərbindəki Krasnoqorsk ərazisində, digəri isə şəhə­rin qərbindəki Çastsı bölgəsində vurulub. “The Reuters” agentliyinin müxbirinin bildirdiyinə görə, Krasnoqorskda hün­dürmərtəbəli yaşayış binasına cüzi ziyan dəyib və yerə düşən parçalar bəzi avto­mobillərə ziyan vurub.

Qeyd etməyə dəyər ki, Ukraynanın hava hücumları Moskva hava limanları­nın bir müddət uçuşları dayandırmasına səbəb olub. Belə bir addım bundan əvvəl də Rusiyanın paytaxt bölgəsinə pilotsuz təyyarələrin hücumlarına cavab olaraq atılmışdı.

Rusiya həmçinin bildirib ki, “Suxoy” qırıcı təyyarələri Rusiyanın Qara dəniz­dəki qaz hasilat müəssisələrinin ərazisin­də fəaliyyət göstərən Ukrayna kəşfiyyat gəmisini məhv edib. Müdafiə Nazirliyinin bəyanatında insidentin dəqiq harada baş verdiyi barədə məlumat da daxil olmaqla, əlavə təfərrüatlar verilməyib.

Aydın İBRAHİMOV,

BDU-nun xarici ölkələrin iqtisa­di-siyasi coğrafiyası və
turizm kafedrasının müdiri, professor:

– Rusiya–Ukrayna müharibəsi­nin başlamasından artıq 18 ay ke­çir. Lakin, gördüyümüz kimi, bu ağır savaş hələ sona çatdırılmaqdan çox uzaqdır. Ümumiyyətlə, bu mü­haribənin dünyada analoqu yoxdur, xüsusən də İkinci Dünya müharibə­si kontekstində. Adətən, çoxları bu növ müharibələrin keçmişdə qaldı­ğına və bir də heç vaxt təkrarlan­mayacağına inanırdılar. Lakin hə­yatın gedişatını bilmək olmur. 

Ən qəribəsi və təəssüf doğu­ran hal isə odur ki, əsrlər boyu bir dövlətdə dinc yanaşı yaşayan iki qardaş slavyan xalqı ilyarımdır ki, bir-birinə qarşı amansızcasına vu­ruşur. 

Fikrimizcə, əsas səbəb bir tərəf­dən ukraynalılarla ruslar arasında sivilizasiya fərqi, digər tərəfdən isə 1917-ci ildə Rusiyadakı bolşevik qiyamından sonra və İkinci Dünya müharibəsi başlamazdan əvvəl Uk­rayna ərazisinin genişlənməsidir. 

Digər mühüm səbəb, şübhəsiz ki, həm Rusiya, həm də Ukrayna­nın aparıcı respublikaları olduğu SSRİ-nin gözlənilmədən müəm­malı şəkildə dağılmasıdır. Bütöv­lükdə, nəticə çıxarmaq və proqnoz vermək çətindir. Rusiya ilə Ukrayna arasındakı müharibə getdikcə Ru­siya Federasiyası ilə Qərb arasın­da toqquşmaya çevrilmişdir. 

Təbii ki, iki dövlət arasında apa­rılan danışıqlar konstruktiv olsay­dı, müharibənin qarşısını almaq olardı. Lakin müzakirələr əvvəldən konstruktiv deyildi. Almaniyanın sa­biq Kansleri Angela Merkel deyibdir ki, “biz Ukrayna ilə bağlı danışıqla­rın uğursuz olması üçün çalışaraq tərəfləri müharibəyə hazırlamışıq”. Bura sözün bitdiyi yerdir. Yəni, əlavə şərhə ehtiyac yoxdur! 

Fikrimizcə, müharibənin başa çatmasından danışmaq hələ tez­dir, amma hər şey ola bilər. Hələlik, tərəflərin mövqeləri diametral şəkil­də ziddiyyət təşkil edir. Ukrayna bü­tün ərazilərinin tam azad edilməsini tələb edir, Rusiya isə işğal olunmuş torpaqların Rusiyanın tərkibinə daxil olmasına Kiyevin razılıq ver­məsi şərti ilə sülhə razıdır.

Qərb deyir ki, Ukrayna nə vaxt istəsə, müharibəni bitirəcəyik, göz­ləyək, görək, nə olur.

Ceyran CƏFƏRLİ,
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”



Dünya