Qadın azadlığı milli kinomuzda

post-img

İlk adı “Adətin məhvi” olan” İsmət” filmi Azərbaycanda qadın azadlığına həsr edilən ekran işlərindən biridir. Bu film Azərbaycan Respublikası Nazirlər Kabinetinin 7 may 2019-cu il tarixli qərarı ilə ölkəmizdə dövlət varidatı elan edilən kino əsərləri siyahısına salınıb. 

Qeyd edək ki, bu ekran əsəri haqqında ilk dəfə geniş təhlil hələ 1958-ci ilin avqust ayında qəzeti­mizdə (o vaxtkı “Kommunist”) verilib. Daha öncələr qəzetin məsul katibi olmuş yazıçı Şəmsəddin Abbasov “Sovet Azərbaycanının kinosu” adlı məqaləsində “İsmət”dən ətraflı bəhs edib. Həmin tarixdən düz 65 il sonra gənc sənətşünas Ceyhun Mirzəli ye­nidən “İsmət”i yada salıb. Onun köşə yazısını təqdim edirik: 

İlk azərbaycanlı qadın təyyarəçi Leyla Məmmədbəyovaya ithaf olun­muş “İsmət” filminin əsasını, eyni zamanda, doğmaları tərəfindən qətlə yetirilmiş Səriyyə Xəlilovanın drama­tik taleyi təşkil edir. Quruluşçu rejis­soru və ssenarinin həmmüəllifi Mika­yıl Mikayılovdur. Səssiz (rus dilində titrlərlə) təqdim olunmuş film ötən əsrin 20–30-cu illərində gedən pro­sesləri əks etdirir. 

...Evində bir arvadı ola-ola ikinci dəfə ailə quran Səmədin (Xeyri Əmir­zadə) toyunda faciə baş verir. Əvvəl­ki həyat yoldaşı özünü yandıraraq öldürür. Buna şahid olan İsmət (Juka Mixelson) necə ağır həyat yaşayaca­ğını artıq təxmin edir. O başına örtdü­yü örpəklə üzünü gizlədir. 

Sovet hakimiyyəti qurulsa da, mühafizəkar ailələr öz adətlərini qo­ruyub saxlamağa çalışırlar. Səmədlə İsmətin övladları olmur. Bu səbəbdən Səmədə yenə də evlənmək təklifi edilir. İsmət isə həkim müayinəsinə gedir. O, xəstəxanaya başqa qadın­ların həyat yoldaşları ilə gəldiyini gö­rüb tənhalığına möhkəm kədərlənir. Əlində o zaman nəşr olunan “Şərq qadını” jurnalını tutmuş həkim onun­la söhbət edir. Həmin jurnalın filmdə detal kimi işlənməsi İsmətin gələcək oyanışına bir ismarıcdır. 

Əsas konflikt onun ər evinə dön­məsi ilə başlayır. Həkimlərin qoyduğu diaqnozu açıqlayanda evdə dava dü­şür. Dünyaya övlad gətirə bilməyən Səməd qəzəblənərək özündən çıxır. Çünki o, öz zəifliyini həzm edə bilmir. Bundan sonra İsmət evdən qaçaraq fabrikə sığınır. İsmət ilk tabunu bu­nunla yıxmış olur. Atası Yunus onun fabrikdə olmasını təsadüfən görür. Qızını zorla oradan ayırmaq istəsə də, fabrik rəhbərliyi buna mane olur. Bu fakt isə fabrikin cəmiyyət həyatın­dakı rolunu göstərir. Filmin bu epi­zodlarından yeni sovet quruluşunun fabriki bir ailə kimi əvəzləməsini gö­rürük. 

Film boyu Səmədin günlərini dü­kançı Qulunun yeməkxanalarında şərab içməklə keçirməsi əks olunur. İsmətin yeni həyata atılmasıyla pa­ralel olaraq, bu kadrlar davam edir. Beləliklə, yeniliklə köhnəliyin müba­rizəsi göstərilir. 

İclaslarda çıxışlar edən ictimai fəal İsmət təsadüfən təyyarəyə minir və ilk uçuş zamanı külək onun çadrasını aparır. Çadranın atılması prosesi bu epizodla həllini tapmış olur. Lakin İsmət bundan narahat olur və başqa bir qadından çadra alaraq yenidən başına bağlayır. Bununla belə, şəhərdə İsmətin çadrasını atması xəbəri yayılır. İçkiyə qurşanan Səməd bundan bərk qəzəblənir. O dostu Qulu ilə birlikdə İsməti fabrikdən oğurlayıb aparmaq istəyir, ancaq niyyətinə çata bilmir. Onların fabrikin şüşəsini sındırması isə yeni qurulan sovet sisteminə bir etiraz kimi görünür.

İsmətin təyyarə ilə uçması onda pilot olmaq arzusu doğurur. İclas za­manı qadınlara bu barədə edilən tək­lif İsməti ürəkləndirir. Onun pilot kimi uçuşları keçmiş ər evində bomba kimi partlayır. Mətbuatda yayılan şə­killərə baxan keçmiş qayınanasının gözünə onun başqa kişilərlə qol-bo­yun olması görünür. Səmədin anası əməlli-başlı hirslənir və oğluna İsməti öldürməyi tapşırır. 

Səmədin anasının yaxınları olan qadınlar İsməti aldadırlar: guya, atasının xəstə olması bəhanəsi ilə onu köhnə evlərinə çağırırlar. Orada Səməd İsməti öldürmək istəsə də, buna nail olmur. Beləcə, film boyu qorxaq, zəif göstərilən Səmədin kə­nardan yönəldilən məqsədinə çatma­ması filmin ideyasını tamamlayır. 

“İsmət” filmi qadın azadlığı ideya­sının zəfəri ilə bitir. 

Ceyhun MİRZƏLİ



Mədəniyyət