ÜST rəhbəri Efiopiyadakı qarşıdurmalardan narahatlığını bildirib

post-img

Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Baş direktoru Tedros Adhanom Qebreyesus Efiopiyanın ikinci ən çox əhalisi olan bölgəsi Amharada davam edən qarşıdurmalardan narahat olduqlarını bildirib.

ÜST Baş direktoru əvvəllər "Twitter" olan "X" sosial media platformasında Amharadakı qarşıdurmalar haqqında paylaşım edib. 

"ÜST Efiopiyanın ikinci ən çox əhalisi olan bölgəsi Amharada davam edən zorakılıqdan narahatdır",- Qebreyesus bildirib. Onun sözlərinə görə, yolların bağlanması və internetin müvəqqəti dayandırılması səbəbindən humanitar yardımların əldə edilməsində çətinliklər yaranıb.
Baş katib "Münaqişələr insanların sağlamlığına birbaşa təsir göstərir. Bu, səhiyyə sistemləri üçün ciddi və uzunmüddətli nəticələrə səbəb ola bilər" deyib.

Amharada sağlamlıq xidmətlərinə fasiləsiz çıxış və qorunmağa çağıran Qebreyesus ÜST və tərəfdaşlarının işlərini davam etdirə biləcəyini söyləyib.

Qeyd edək ki, Amhara bölgəsində ordu ilə yerli asayiş qoruyucuları arasında toqquşmaların şiddətlənməsindən sonra Efiopiyada federal hökumət avqustun 4-də fövqəladə vəziyyət elan edib.

Anar ƏLİ,
“Xalq qəzeti”

Dünya