Türkiyənin xarici işlər naziri: İsveçin NATO-ya daxil olmasının faydaları ilə bağlı böyük mübahisə var

post-img

“Stokholmda Quranın yandırılması ilə törədilmiş təxribatı qətiyyətlə pisləyirik və Türkiyənin bütün xəbərdarlıqlarına baxmayaraq, bu anti-İslam əməlinə sanksiya verilməsini qəbuledilməz hesab edirik”.

“Anadolu”nun məlumatına görə, bunu Türkiyənin xarici işlər naziri Hakan Fidan Ankarada iordaniyalı həmkarı Ayman Hüseyn Abdullah əs-Səfədi ilə birgə mətbuat konfransında deyib.

Türkiyə diplomatiyasının rəhbəri dini zəmində ksenofobiyanın və nifrətin hər hansı formasının yolverilməzliyini qeyd edib.

H.Fidan vurğulayıb ki, Ankara dünyada islamofobiya təzahürlərinin yolverilməzliyi məsələsində aydın mövqedən çıxış etməyə davam edəcək.

O, İsveçin paytaxtında baş verənləri dünyanın müxtəlif ölkələrinin də tənqid etdiyini xatırladıb. “Belə əməllərin [İslam əleyhinə təxribatların] hüquq-mühafizə orqanları əməkdaşlarının himayəsi altında həyata keçirilməsi müəyyən nəticələrə gətirib çıxarır. İsveç təhlükəsizlik sistemi təxribat xarakterli hərəkətlərin qarşısını almaq iqtidarında deyil və bu, strategiya və təhlükəsizlik kontekstində suallar doğurur”, - deyə türkiyəli nazir bildirib.

Türkiyənin xarici işlər naziri əlavə edib ki, strategiya və təhlükəsizliyin qiymətləndirilməsi kontekstində İsveçin NATO-ya daxil olmasının faydaları məsələsi getdikcə daha çox mübahisə doğurur.

"Xalq qəzeti"

Dünya