Avstriya kansleri Avropa hava hücumundan müdafiə sisteminə qoşulduqlarını bildirib

post-img

Avstriya kansleri Karl Nehammer bildirib ki, ölkəsi yaxın zamanda Avropanın “Sky Shield” hava hücumundan müdafiə sisteminə qoşulmaq niyyətindədir. Sistemin yaradılması ilə bağlı sazişə daha əvvəl 15 Avropa dövləti qoşulub.

“Avstriya Avropanın “Sky Shield” hava hücumundan müdafiə təşəbbüsünə qoşulacaq”, – Nehammer "Twitter" hesabında yazıb.

O vurğulayıb ki, üzvlüklə bağlı danışıqlar artıq gedir. Bununla yanaşı, cənab Nehammer qeyd edib ki, ölkəsi bitərəf qalacaq. Karl Nehammer qeyd edib ki, Ukraynadakı hərbi münaqişə və Avropa qitəsində silahlı eskalasiyanın “təhdid vəziyyətinin” artması onu bu qərara gəlməyə vadar edib.

Ötən il oktyabrın 13-də Almaniyanın təşəbbüsü ilə Avropanın 15 ölkəsinin “Sky Shield” ümumavropa hava hücumundan müdafiə sisteminin yaradılmasına dair protokol imzaladığı bildirilib. Müqaviləyə Almaniya, Belçika, Böyük Britaniya, Finlandiya, Çexiya, Bolqarıstan, Rumıniya, Sloveniya, Slovakiya, Norveç, Litva, Latviya, Estoniya, Macarıstan və Hollandiya qoşulub. Eyni zamanda, Polşanın hakimiyyət orqanları vahid Avropa hava hücumundan müdafiə sisteminə qoşulmaq niyyətində olmadıqlarını rəsmən bəyan ediblər.

"Xalq qəzeti"

Dünya