”Gömbul” və digər çox sayda məşhur hekayə və povestlərin müəllifi olan fransız yazıçısı Mopassanın (1850-1893) Parisdə ən zəhləsi getdiyi yer Eyfel qülləsi olub. Buna rəğmən Mopassan, adətən, məhz bu qüllədə yerləşən restoranda nahar və şam edərmiş. Bu haqda ondan soruşanda cavabı çox maraqlı olub: “Eyfel qülləsi yeganə yerdir ki, buradan bu mənasız dəmir skelet görünmür”.
Qeyd edək ki, Mopassan dünya ədəbiyyatı klassikləri arasında ən çox oxunan yazıçılardandır. Onun əsərləri əsasında çox sayda filmlər çəkilmiş, teatr tamaşaları səhnəyə qoyulmuşdur. İncə lirizm və ciddi sarkazm, dərin psixologizm Mopassanın yaradıcılığının səciyyəvi xüsusiyyətləridir.
Mopassan burjua cəmiyyətinə nifrət edirdi, lakin onun dəyişdirilə biləcəyinə inanmırdı. Böyük yazıçıının ömrünün sonu psixi xəstəxanada başa çatmışdır.
S.RZAYEVA, “Xalq qəzeti”