Financial Times” : "Telegram"da ABŞ-ın məxfi sənədləri satılır

post-img

"Financial Times”(FT) qəzetinin jurnalistləri araşdırma aparıblar və "Telegram" sosial şəbəkədə müdafiə və maliyyə sirləri də daxil olmaqla, Amerika sirləri ilə ticarət edən bir çox qrup tapıblar. Qəzetin yazdığına görə, onların bir çoxunun rus hakerləri ilə əlaqəsi var.

FT yazır ki, bəziləri rus hakerləri ilə əlaqəli olan çoxsaylı "Telegram" çat qrupları kütləvi şəkildə Amerikanın maliyyə, sənaye və hərbi şirkətlərinin və dövlət qurumlarının məxfi sənədləri ilə ticarət edirlər.

Qəzet öz araşdırmasını aparıb və "Telegram"da hakerlərin on minlərlə məxfi məlumatı satdığı bir çox qruplar tapıblar. FT bildirri ki, həmin çat qruplarının satdıqları məlumatların bəziləri ABŞ müdafiəsi üçün birbaşa təhlükə yaradır. "Hətta köhnə məxfi sənədlərin də əməliyyat dəyəri var - onlar problemlərə necə yanaşdığımızı, təhdidləri necə qiymətləndirdiyimizi, insanları necə öyrətdiyimizi göstərir", - deyə FT qeyd edir.

ABŞ Hərbi Hava Qüvvələrinin Milli Qvardiyasının əsgəri Cek Teyşeirorinin sızdırdığı sənədlərlə yanaşı, jurnalistlər ABŞ hüquq-mühafizə orqanları ilə texnologiya şirkətləri arasında şəxsi mesajları da  tapmağa nail olublar. Eyni zamanda, bəzi hakerlər anonim şəkildə jurnalistlərə bildiriblər ki, bütün bu qruplar aysberqin yalnız görünən hissəsidir. 

Onların fikrincə, həqiqətən gizli söhbətə dəvət olunana qədər "qaranlıq internet"də "illər keçirə" bilərsiniz. Hakerlər bildiriblər ki, belə çatlarda “ən yaxşı materiallar” oğurlanmış Amerika və ya Avropa kommersiya məlumatları - kredit kartı məlumatları, elektron məktublar, sosial təhlükəsizlik nömrələri ilə mübadilə edilir. 

Hakerlərdən biri FT müxbirlərinə ABŞ istehsalı olan piyada döyüş maşınlarının zirehlərini gücləndirmək üçün istifadə olunan məhsulun mənbə kodu, parametrləri və sınaq məlumatlarını göstərib. Qəzetin jurnalisti digər "Telegram" çatında ABŞ-a, ondan və ya ölkə daxilində uçuşu qadağan edilən şəxslərin siyahısını əldə edə bilib.

Son illərdə ABŞ kəşfiyyatının irimiqyaslı sənəd sızması aprelin əvvəlində məlum olmuşdu: İnternetdə Ukrayna, Cənubi Koreya, İsrail və digər ölkələrlə bağlı Pentaqonun sənədləri yayılmışdı. Məlumatların əksəriyyəti ABŞ kəşfiyyat orqanlarının ələ keçirdiyi mesajlardan əldə edilmişdi.

S.ELAY,

"Xalq qəzeti"

Dünya