“Heydər Əliyev İli” dünyanı gəzir

post-img

Ulu öndərin Azərbaycan xalqı qarşısında xidmətləri misilsiz­dir və biz – onun davamçıları onun yolu ilə gedirik. 2003-cü ildə prezident seçkiləri ərəfəsində xalqa müraciət edərək demişdim ki, əgər mənə etimad göstərilərsə, mən Heydər Əliyev siyasətinə sa­diq qalacağam. Azərbaycan xalqı mənə inandı və mən də sözüm­də durmuşam və duracağam. 2003-cü ildən bu günə qədər 20 il keçib. Bu 20 il sürətli inkişaf və tərəqqi illəri olmuşdur. Uzun illər bundan sonra da Azərbaycan yalnız və yalnız inkişaf edəcək.

İlham ƏLİYEV, 
Azərbaycan Respublikasının Prezidenti

Şuşa, 10 may 2023-cü il

 

Cümhuriyyətimizin 100-cü ilini qeyd edəcəyimiz 2023-cü ilin Azərbaycanda da “Heydər Əliyev İli” olaraq qəbul edilməsindən məmnunluq duyuruq. Ümummilli liderimiz Heydər Əliyevin əziz xatirəsini birlikdə yaşatmağa davam edəcəyik.

Rəcəb TAYYİB ƏRDOĞAN 

Cəbrayıl şəhəri, 20 oktyabr 2022-ci il

Azərbaycan Prezidentinin sərəncamı ilə elan edilən, bütün dövlət qurumları və xalqımızın hər bir fərdi tərəfindən məmnunluq və mütəşəkkilliklə icra olunan, üstəlik, demək olar ki, bütün dünyanı gəzib-dolaşan “Heydər Əliyev İli”nin beynəlxalq aləmdəkı əks-sədası barədə qəzet materialı hazırlamaq o qədər də asan deyil. Çünki həm bu məqsədlə müxtəlif ölkələrdə keçirilən tədbirlər çoxdur, həm də dünyanın görkəmli simalarının ulu öndərimiz haqqında söylədiyi dəyərləndirmələr.

Ona görə də biz bu yazının girişi­ni məşhur qazax şairi, yazıçısı, ictimai xadim və siyasətçisi Oljas Süleymeno­vun ulu öndər barədə söylədiyi fikirlər­lə başlayırıq: “Heydər Əliyev ilə tez-tez görüşmürdüm. Amma hər görüşün bir ömürlük xatirəsi var. O, demək olar ki, mənim müəllimim idi. Heydər Əliyev, Dinmuhammed Kunayev – bu insanlar mənim siyasi və ümumtürk dünyagörü­şümü formalaşdırıblar”.

Ümummilli liderin həyat və fəaliyyə­tini xarakterizə edən çoxsaylı çıxış və müsahibələrdən, məqalə və sitatlardan məhz bu ifadələri seçməyimiz təsadüfi deyil. Çünki bu gün “Heydər Əliyev İli” münasibətilə Türk dünyasının istənilən guşəsində keçirilən tədbirdə “Hey­dər Əliyevin ümumtürk dünyagörüşü” ifadəsi, demək olar ki, hər gün təkrar olunur. Ancaq, bu o demək deyil ki, o böyük tarixi şəxsiyyət təkcə ümumtürk dünyagörüşü tərəfdarları tərəfindən yüksək qiymətləndirilir. Elə deyil. 

Dünyanın mütərəqqi siyasətçiləri­nin və ziyalılarının hamısı onu bəşəri dəyərlərə böyük önəm verən, daim sülhə can atan, elm, təhsil və mədəniy­yətin himayədarı, ən başlıcası, böyük qurucu insan kimi qiymətləndirir. Tə­sadüfi deyil ki, 2003-cü ilin dekabrın­da – ulu öndərin dəfnində iştirak edən gürcüstanlı siyasətçilərdən biri demişdi ki, Bakının hansı prospekti ilə getsən, Heydər Əliyevin 1969–1982-ci illərdə tikdirdiyi yaşayış binasını, təhsil müəs­sisəsini və ya sənaye mərkəzini görə­cəksən. 

“Heydər Əliyev İli” dünyanı gəzir” arqumentimizi konkret faktlarla əsas­landıraq. Məsələn, Özbəkistan Prezi­denti Şavkat Mirziyoyevin Prezident İlham Əliyevə ünvanladığı təbrik mək­tubunda oxuyuruq ki, adı çəkilən təd­birlə bağlı bu Orta Asiya ölkəsində keçirilən müxtəlif məzmunlu tədbirlərin sayı-hesabı yoxdur: “Mübaliğəsiz qeyd etmək olar ki, bu əlamətdar yubiley münasibətilə Özbəkistanda Heydər Əliyevin mənalı həyat yoluna və örnək fəaliyyətinə həsr olunmuş çoxsaylı “də­yirmi masa”lar, müxtəlif mədəni-maa­rif tədbirləri, elmi-bədii ədəbiyyatların nəşri özbək xalqının bu dahi şəxsiyyətə hədsiz ehtiramının parlaq ifadəsidir”.

Yaxud, Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenko döv­lət başçımıza göndərdiyi məktubda qeyd edir ki, mən əsl strateji düşünmə qabiliyyətini Heydər Əlievdən öyrən­mişəm: “Mən onun 25 il əvvəl söylə­diyi sözləri xatırlayıram: “Azərbaycan mənim ürəyimdir. Azərbaycan mənim nəfəsimdir. Azərbaycan mənim həya­tımdır”. Əminəm ki, həyatının məna­sını ölkəsinə xidmət etməkdə görən belə vətənpərvər şəxsiyyəti əbədi ola­raq xatırlayacaqlar. Mənə nadir insan, böyük siyasi xadim, müasir Azərbay­can dövlətinin banisi hörmətli Heydər Əlirza oğlunu şəxsən tanımaq nəsib olub. Ondan siyasi müdrikliyi, təmkin­liliyi, əsl strateji düşünmə qabiliyyətini məmnunluqla öyrənmişəm”.

Ulu öndərin ən çox önəm verdiyi məsələlərdən biri də, yaxın qonşumuz olan ölkələrlə dostluq və tərəfdaşlıq münasibətinin daim qorunması və in­kişaf etdirilməsi idi. Bu faktın təsdiqini Gürcüstanın Baş naziri İrakli Qaribaş­vilinin Prezident İlham Əliyevə gön­dərdiyi təbrik məktubunda da görürük: “Gürcüstan ilə Azərbaycan arasında strateji münasibətlərin qurulmasında dahi Heydər Əliyevin fundamental rolu­nu vurğulayaraq qeyd etmək istəyirəm ki, onun bu xidmətləri daim yaşayacaq­dır. İnanıram ki, biz birgə səylərimizlə strateji tərəfdaşlığımızı xalqlarımızın və bütün regionun rifahı naminə daha da inkişaf etdirməyə davam edəcəyik”.

Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycan Prezidentinə ünvanladığı məktubda isə ulu öndəri­mizin siyasi fəaliyyətinin başqa bir is­tiqaməti yüksək qiymətləndirilir: “Sizin atanızın... dinlərarası dialoqun inkişa­fına, millətlərarası sülhün və vətəndaş barışığının yaradılmasına verdiyi bö­yük şəxsi töhfəni minnətdarlıqla qeyd etmək istəyirəm”.

“Rossiya-24” telekanalının “HeydərƏliyev İli” münasibətilə hazırladığı bir saatlıq müəllif proqramı başda ol­maqla, Avrasiyanın müxtəlif mətbuat vasitələrində verilmiş məqalələr, dost ölkələrin, demək olar ki, əksəriyyətin­də yazılan kitablar, ucaldılan abidələr, salınan xiyaban və küçələr, keçirilən ictimai-siyasi, elmi-kütləvi məzmunlu konfrans, simpozium və görüşlər ulu öndərimizin bir əsrlik yubileyinə verilən önəm, qiymət və dəyərin göstəricisidir. 

Bu möhtəşəm yubiley ilə bağlı olan fikirlərimizi mühüm faktlardan birini xatırlatmaqla yekunlaşdırmaq istəyi­rik. Belə ki, mayın 16-da Azərbaycan Respublikası Milli Məclisinin xalqımı­zın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qu­rucusu Heydər Əliyevin 100 illik yubi­leyinə həsr olunmuş xüsusi iclasında, ümumilikdə 228 nəfər, o cümlədən, 12 parlament sədri, 15 parlament sədrinin müavini, 57 parlament üzvü, 4 bey­nəlxalq parlament təşkilatının, eləcə də diplomatik korpusun təmsilçiləri qismində əcnəbi dostlarımız istirak edirdi. Fikrimizcə, bu rəqəmlər adiu bir say göstəricisi deyildi. Bu rəqəmlər Azərbaycan xalqının böyük oğlunun xatirəsinə gəstərilən ehtiramın təsdiqi, sübutu idi. 

Dövlət başçımızın dediyi kimi, Heydər Əliyev siyasi kursu uğurla da­vam etdirilir və bu siyasət bizi daha bö­yük nailiyyətlərə aparacaq. 

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Sosial həyat