Mən yenə ot biçdim, Fikrət müəllim

post-img

Əslində, “Yaddaşlarda yaşayanlar” rubrikasının bu həftəki yazısını başqa bir qələm sahibimizə həsr eləmək istəyirdim. Ancaq mayın 7-də Bakıətrafı kəndlərdən birində həyətdəki ağaclara qulluq məqsədilə ot biçən adama az da olsa kömək elədim və dəryazın səsi, biçilmiş otun ətrafa yayılan qoxusu mərhum şairimiz Fikrət Sadıqdan oxuduğum misraları yadıma saldı. 

Bağban, mənə gəncliyimi xatırlatdın 

Doxsanıncı illərin yay günlərindən biri idi. İş vaxtımız qurtaranda Tele­şirkətdən çıxıb metronun “Bakı Soveti” (indiki “İçərişəhər”) stansiyasına piya­da gedirdim. Məndən qabaqda Fikrət Sadıq, Qabil və Balasadıq sanki söh­bətin ahəngini pozmamaq üçün asta danışdıqları kimi asta da gedirdilər. Onlara salam verib ötmək istəyirdim ki, Qabil “Daha bir xahiş eləmək istə­yirəm!”- deyə məni saxladı (Həmin gün onun səsini lentə almışdım). Xahiş elə­di ki, verilişin vaxtı dəyişsə, ona zəng edim. Sonra bir yerdə getməli olduq. 

O vaxtlar “aşağı düşən” (teleşirkət əməkdaşları metroya gedən yolu belə adlandırırdılar) asfaltla yanaşı, ağac­ların arasıyla, yaşıllıqlarla da yol vardı. Yaşlı adamların hamısı həmin yoldan istifadə edirdilər. Fikrət müəllim birdən ayaq saxlayıb dedi: “Dəryazın səsi gəl­mir, amma biçilmiş otun qoxusu adamı bihuş edir”. 

Tut ağacının kölgəsində oturub su içən bağban: “Mən burdayam, ağsaqqal, dəryazın səsini də eşidə bilərsən”– dedi və ayağa qalxdı. Fikrət Sadığın siması şirin bir yuxuya getmiş körpənin çöhrəsinə çevrilmişdi. Sanki əsrarəngiz bir musiqiyə qulaq asırdı. Balasadığın “Sən bu yaş otun qoxu­sunda nə görmüsən, ay Fikrət?” – su­alı cavabsız qaldı. Fikrət müəllim “Sən mənə gəncliyimi xatırlatdın, a bağ­ban” – deyə adını bilmədiyimiz adama təşəkkür etdi. Mən isə bağbandan xa­hiş edib dəryazı əlimə götürdüm. Bəlkə birinci dəfə idi ki, şairlər şeir oxuyan həmkarlarını yox, ot biçən jurnalisti alqışlayırdılar.

30 ildə 60 ilin işini görməyi ancaq Müşfiq bacarardı

Deyəsən, 1995-ci il idi. Mikayıl Müşfiqin vəfatının ildönümü münasi­bətilə Xızıda keçiriləcək tədbirə ge­dirdik. Mən Qabillə Fikrət Sadığın da oturduğu maşında getməli oldum. Fikrət müəllim yol boyu narahatlıq ifa­də edirdi ki, bu yağışlı yanvar havası mənim onsuz da ağrıyan ayağımı pis günə qoydu. 

Müşfiqin abidəsi önündə keçirilən tədbirdə Fikrət Sadığın dediyi “Otuz ildə altmış ilin işini görməyi ancaq Müşfiq bacarardı” – deyimini hamı alqışlamışdı. Tədbir qurtaranda ta­nımadığım bir adam soruşdu ki, Fik­rət müəllim, ayağınız necədir? Dedi, Müşfiq sağaltdı. Yenə gülüşdülər. 

Sonra təşkilatçılar Bakıdan gəlmiş qonaqları çay süfrəsinə dəvət edəndə üzrxahlıq elədilər ki, çöl şəraitində ye­yib-içəcəyik. Onda Qabilin bir ifadəsini hamı alqışlamışdı: “Ördəyə göl şəraiti, şairə çöl şəraiti”. 

Musiqi təhsilini hansı məktəbdə almısan, Mirzəbəyli? 

1998-ci il idi. Yazıçılar Birliyinə üzv olmaq üçün hazırladığım sənədləri Fik­rət Sadığa təqdim etdim. Dedi, getmə, beş-on dəqiqəyə bu kitabçana baxım. Oqtay Rzanın “sısqa kitab” adlandır­dığı, oğlum Natiqin dörd yaşı olanda verdiyi bir sualdan yaranmış şeirlə başlanan “Ata, hara gedirsən?” adlı kitabdan beş-altı şeir oxudu və sonra davam etdi. Orada cəmi altmış şeir var idi. Bəlkə də yarısını oxudu və məndən soruşdu: – Musiqi təhsilini hansı mək­təbdə almısan, Mirzəbəyli? 

Dedim, mənim heç bir musiqi təhsi­lim yoxdur. İnanmaq istəmədi və əlavə etdi ki, şeirlərinin əksəriyyətindən mu­siqi eşidilir. 

Mən Fikrət Sadığın həmin qiymət­ləndirməsini bəlkə də ondan çox ya­zıda yada salmışam. Bəstəkar Tofiq Bakıxanov isə həmin kitabçadakı şeir­lərdən beşinə mahnı bəstələyib. 

3 cür olur zurnaçalan...

“Xalq qəzeti” baş redaktorunun birinci müavini Məmməd Nazimoğlu (Allah ona rəhmət eləsin!) müxtəlif ya­zılarında Fikrət Sadığın ifadələrindən istifadə edirdi. O, kənd rayonlarımız­dan birinin icra başçısı haqqında olan məqaləsinə Fikrət müəllimin “Üç cür olur zurnaçalan” adlı üç misralıq şeiriy­lə başlamışdı. 

Bir dəfə Axundov kitabxanasının yanında Fikrət müəllimlə Məmməd Nazimoğlunun söhbət etdiyini gördüm. Axşamüstü işdə Məmməd müəllimdən soruşdum ki, şair sizin yazılardan na­razılıq edir? Dedi, yox, yeni ideyalar verirdi. 

Altı il yarımdır ki, sıramızda olma­yan Fikrət Sadıq bu gün də yeni ya­zılarımıza “ideya verir”. Allah rəhmət eləsin!

 

İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

Sosial həyat