O, elə bir zirvə idi ki...

post-img

Türkiyənin Nyu-Yorkdakı baş konsulluğunun evsahibliyi ilə Türk Evində Heydər Əliyevin 100 illik yubileyinə həsr edilmiş mərasim düzənlənib. 

Yubiley gecəsi Azərbaycanın ABŞ-dakı səfirliyinin, Azərbaycan və Türkiyənin BMT yanında daimi nü­mayəndəliklərinin birgə təşkilatçılığı və Türkiyənin Nyu-Yorkdakı baş Kon­sulluğunun evsahibliyi ilə Türk Evin­də baş tutub. Tədbirdə Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim, BMT yanında daimi nümayəndəsi Yaşar Əli­yev, Türkiyənin BMT yanındakı daimi nümayəndəsi Sedat Önal, həmçinin Nyu-York şəhərində yerləşən diplo­matik nümayəndəliklərin əməkdaşları, elmi-tədqiqat mərkəzlərinin nümayən­dələri və iş adamları, Azərbaycan və türk diasporunun nümayəndələri iştirak ediblər.

Çıxışında ulu öndər Heydər Əliyevin bəşər tarixinin yetişdiriyi nadir şəxsiyyətlərdən biri olduğunu deyən səfir Xəzər İbrahim onu da bildirib ki, tarixin ən çətin dövrlərində müdrik zə­kası, demokratik dövlət quruculuğu prinsiplərinə sadiq uzaqgörən siyasəti ilə Heydər Əliyev Azərbaycanı sağlam təməllər üzərində yenidən inşa edib: “O, ömrü boyu Azərbaycanın azadlığı, istiqlalı, müstəqilliyi üçün əzmlə, fəda­karlıqla mübarizə aparıb”.

Gecədə çıxış edən Azərbaycanın BMT yanında daimi nümayəndəsi Ya­şar Əliyev müasir Azərbaycanın qu­rucusu kimi Heydər Əliyevin daxili və xarici siyasəti, uzaqgörənliyi nəticəsin­də ölkəmizin rifahının təmin edilməsi, Azərbaycanın regionda və dünya­da nüfuzunun artmasında göstərdiyi müstəsna xidmətlərindən danışıb. Ulu öndərlə bağlı xatirələrini bölüşən Y.Əli­yev onun ABŞ və BMT ilə əlaqələrinin qurulması və inkişafındakı rolundan, bu gün Avropanın enerji təhlükəsizliyinə verdiyi töhfədən də bəhs edib. Türkiyə­nin BMT yanındakı daimi nümayəndəsi Sedat Önal isə Heydər Əliyevin sadəcə Azərbaycanda deyil, türk dünyasında əvəzsiz imzasının olduğunu bildirib. O, uca zirvə hesab etdiyi ulu öndərin Tür­kiyə–Azərbaycan qardaşlığı yolunda möhtəşəm fəaliyyətindən danışıb.

Yubiley mərasimində Amerika - Azərbaycan Cəmiyyətinin sədri Tomris Azəri və Dünya Axıska Türkləri Birliyi­nin nümayəndəsi Şöhrət Temirov da çıxış ediblər. Tədbirin sonunda “Hey­dər Əliyev” adına təqaüd Pensilvaniya Universitetinin tələbəsi Meyson Kellerə təqdim edilib. Türk Evində ulu öndərin ABŞ-a rəsmi və işgüzar səfərlərinə aid foto-sərgi təşkil olunub. Gecədə Azər­baycan XİN tərəfindən hazırlanmış, Heydər Əliyevin xarici siyasət fəaliy­yətini əks etdirən videoçarx nümayiş etdirilib. 

“Xalq qəzeti”



Sosial həyat