DSX-də Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbirlər keçirilib

post-img

Dövlət Sərhəd Xidmətinin bütün hərbi hissə və bölmələrində müstəqil Azərbaycan dövlətinin banisi, ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə tədbirlər keçirilib.

Dövlət Sərhəd Xidmətinin rəhbər heyəti Fəxri Xiyabanda ulu öndər Heydər Əliyevin əziz xatirəsini dərin hörmət və ehtiramla yad edərək məzarı önünə gül dəstələri düzmüşlər. Sonra görkəmli oftalmoloq Zərifə xanım Əliyevanın məzarı üzərinə çiçəklər düzülüb. 

Dövlət Sərhəd Xidmətinin aparatında davam edən tədbirdə şəxsi heyət əvvəlcə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı cənab İlham Əliyevin Şuşa şəhərindən ümummilli lider Heydər Əliyevin 100 illik yubileyi münasibətilə Azərbaycan xalqına müraciətini canlı izləyiblər. 

Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev tədbir iştirakçılarını Azərbaycan dövlətinin qurucusu, dahi şəxsiyyət və dövlət xadimi, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyi münasibətilə təbrik edib, Heydər Əliyevin milli inkişaf strategiyası və ideyalarının Müzəffər Ali Baş Komandan İlham Əliyev tərəfindən uğurla davam etdirildiyini, inamlı, dinamik və dayanıqlı tərəqqi yolunda Azərbaycanın çağdaş dünyada yeni inkişaf modelinə çevrildiyini vurğulayıb.

Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda Vətən müharibəsində tarixi Zəfərin qazanıldığı, torpaqlarımızın işğaldan azad olunduğu, dövlət başçısının tapşırığı əsasında Ermənistan-Azərbaycan dövlət sərhədində, Laçın-Xankəndi yolunun başlanğıcında, Həkəri çayı üzərindəki körpünün üstündə sərhəd-buraxılış məntəqəsinin qurulması, fəxarət rəmzimiz olan üçrəngli dövlət bayrağımızın qaldırılması ilə sərhədlərimizin bütövlüyünün təmin edildiyi qürur hissi ilə vurğulanıb, “Azərbaycan xalqı tarix boyu, əsrlər boyu həmişə mərdlik, cəsarət, qəhrəmanlıq göstərmişdir, öz yurdunu, öz torpağını müdafiə etmişdir, öz mənliyini qoruyub saxlamışdır” deyən ümummilli lider Heydər Əliyev dühasının daim uğurlar qazandığı iftixarla qeyd olunub.

 

Rizvan FİKRƏTOĞLU,

“Xalq qəzeti”





Sosial həyat