Çağdaş Azərbaycan Heydər Əliyevin əsəridir

post-img

Ulu öndər Heydər Əliyevin mənim haqqımda, ayrı-ayrı əsərlərim haqqında, 60 illiyimlə bağlı dediyi xoş sözlər, mənim onun haqqında dediklərimdən və yazdıqlarımdan az deyil. Yalnız bir dəfə 75 illiyində “Oqonyok” jurnalının sifarişi ilə onun barəsində “Şəxsiyyətin miqyası” adlı ayrıca bir məqalə yazmışdım.

İndi bu böyük şəxsiyyətin miqyası­nın o vaxt mənim yazdığımdan da bö­yük olduğunu etiraf edirəm. Və şübhə etmirəm ki, illər ötdükcə bu miqyasların çox-çox daha böyük olduğunu da dərk edəcəyik.

O mənim həyanım idi. Atamı, anamı itirəndən sonra mən bunu daha dərin­dən duyurdum. Ona həmişə arxalana bilərdim. Yazıçılar Birliyinin problemlə­riylə bağlı hər hansı bir təklifi Heydər Əliyev həssaslıqla qəbul edir, bütün məsələlərin həllində köməyini əsirgə­mirdi.

Bu sözləri tam səmimiyyətlə de­yirəm. Heydər Əliyevə nə qohumluğum çatırdı, nə də yaş fərqi, ictimai mövqe etibarı ilə dost ola bilərdik. Amma öm­rüm boyu onun diqqətini və qayğısını, isti münasibətini duymuşdum. Bilirdim ki, istər sovet dönəmində, istərsə də müstəqillik dövründə məndən ona pis niyyətlə deyənlər də az olmayıb. Yazı­çıların XX qurultayında çıxış edərkən özü bu barədə danışdı. Amma onu da bilirəm ki, bütün bu danoslar mənə olan münasibətinə zərrə qədər də təsir etmirdi və edə də bilməzdi. Çünki insan sərrafı idi. Və kimin kim olduğunu da yaxşı bilirdi. Boğazdan yuxarı təmən­nalı sözləri də gerçək əməllərdən seçib ayırırdı. 

Heydər Əliyevi tanıyanda çox gənc idim. Sonrakı illərdə Azərbaycan rayon­larına səfərlər zamanı, müxtəlif vaxt­larda Gəncədə, Naxçıvanda, Şuşada, habelə İstanbulda və Ankarada, Moskvada, Romada, Pekində və Şanxayda, Alma-atıda, Bişkəkdə, döv­lət başçılarıyla söhbətlərində, sənət­çilərlə ünsiyyətində, tarlalarda ya küçələrdə adi adamlarla görüşlərində onu yaxından müşahidə etmək imka­nım olub.

Saysız-hesabsız toplantılarda, yu­bileylərdə onu dinləmişəm, yazıçılarla, sənət adamlarıyla görüşlərində iştirak etmişəm, iki-üç dəfə isə təkbətək çox ətraflı, məhrəm söhbətlərimiz olub. 1997-ci ilin payızında İtaliyadan qayı­darkən təyyarədə ta Romadan Bakıya­can üç saatdan artıq ikilikdə danışmı­şıq. Bu söhbətləri gündəliyimdə bütün ayrıntılarıyla və tam dəqiqliklə isti-isti qeyd etmişəm.

Əgər Sovet dönəmində Heydər Əliyev rayonlara yola düşəndə özü ilə mütləq yazıçıları da aparırdısa, müstəqil Azərbaycanın Prezidenti kimi fəaliyyətə başlayandan sonra bu adə­tinə sadiq qalmışdı, xarici səfərlərinə ziyalıları dəvət edirdi. Mən Rusiya, Çin, İtaliya, Türkiyə, Qazaxıstan, Qırğı­zıstan səfərlərində onu müşayiət edən nümayəndə heyətinin üzvü olmuşam. Heydər Əliyevin Çinin rəhbəri Tzyan Tzeminlə, İtaliya Prezidenti Oskar Lu­ici Skalforo ilə, Roma Papası II İohann Pavellə, Türkiyə Prezidenti Süleyman Dəmirəllə görüşlərində iştirak etmək imkanım olub. Prezidentin böyük döv­lətlərin başçıları ilə necə təmkinlə, lə­yaqətlə söhbət aparmasını, Qarabağ münaqişəsinin mahiyyətini necə səylə izah etməsini, əlini xəritənin üstündə gəzdirərək işğal olunmuş Azərbaycan rayonlarını göstərməsini müşahidə edirdim və qürur hissi keçirirdim.

“Manas” eposunun 1000 illik təntənələrində iştirak etmək üçün Türk Dövlətlərinin sammitinə Heydər Əliyev Yusif Səmədoğlu ilə məni də dəvət et­mişdi. Bu görüşlərdə türkdilli ölkələrin yaşca nisbətən cavan Prezidentlərinin Heydər Əliyevə necə hörmətlə yanaş­malarını, onun rəylərilə hesablaşmala­rını görmək çox xoş idi.

Heydər Əliyevlə bağlı epizodlar bir-bir xəyalımda canlanır. Yenidən ha­kimiyyətə qayıdandan sonra onun ilk görüşü ziyalılarla oldu. Heydər Əliyevin çoxlu məziyyətlərindən biri də bunda idi – həmişə ictimai proseslərdə mədə­niyyət, elm xadimləriylə hesablaşardı, onların rolunu dəyərləndirərdi. Görüş 1993-cü ilin 21 sentyabrında Elmlər Akademiyasının Rəyasət Heyətinin binasında keçirildi. Görüşdə mən də çıxış etdim və iri həcminə görə onu məruzə hesab edənlər də oldu.

O da yaxşı yadımdadır ki,ulu öndər bir dəfə söhbət əsnasında dedi ki, hələ sovet vaxtı Siyasi Büronun üzvü olan­da, ölkə rəhbərliyi tərəfindən Azərbay­cana münasibətdə ikili standartlarla üz­ləşib. Və indi, Azərbaycanın Prezidenti olanda da, dünya dövlətləri tərəfindən Azərbaycana və Ermənistana münasi­bətdə ikili standartların olmasını müşa­hidə edir.

Heydər Əliyevin son dərəcə zəngin hadisələrlə dolu taleyində bir məqam xüsusilə ibrətamizdir. Adətən, siyasi xadimləri onlar tarixin malı olandan sonra dəyərləndirirlər, onların şəx­siyyətinin həqiqi miqyası, gördükləri işlərin əhəmiyyəti zaman keçdikcə daha dəqiq qavranılır. O, heç bir vaxt qarşısına çıxan heç bir çətinliyin qaba­ğından qaçmazdı. Ən qorxulu vəziy­yətlərdən belə zəfər çalaraq çıxardı. Xalq Cəbhəsi hakimiyyətdə olan vaxt rus qoşunlarının Azərbaycandan çıxa­rılmasını böyük tarixi uğur hesab edir­lər. Razıyam. Amma çıxarılan ordunun yerini tutacaq milli zabitlər korpusunun əsasını axı Heydər Əliyev çox-çox qa­baqlar sovet dönəmində Naxçıvanski hərbi məktəbini yaratmaqla, neçə-neçə gənci SSRİ-nin ali hərbi məktəblərinə göndərməklə qoymuşdu.

Sirr deyil ki, sovet dövründə Azər­baycanın hərbi çağırışçıları orduda ya tikinti batalyonunda, ya mətbəxdə iş­lədilirdilər. Böyük əhəmiyyətini yalnız 15–20 il sonra Qarabağ davası başla­nanda – tam dərk etdiyimiz bu iş – milli hərbi kadrların yetişdirilməsi – sovet ehkamları üzərində qələbə idi. Azər­baycanı yalnız xammal ərazisi kimi görmək istəyənlərə qarşı – ən yeni sə­naye ocaqlarının qurulması – SSRİ-nin iqtisadi ətalət siyasətinə qalib gəlmək­di. 

37-ci ilin milyonlarla repressiya qur­banlarından yalnız birinin – böyük Hü­seyn Cavidin nəşinin tapılıb vətənə gə­tirilməsi hələ də zehinlərdə hökm sürən Stalin buzlaqlarının əridilməsi deməkdi. Azərbaycanın görkəmli sənətkarlarının yüksək ümumittifaq mükafatlarına, təltiflərinə nail olmaq yalnız o konkret şəxslərin deyil, ümumən ədəbiyyatımı­zın, sənətimizin və deməli, Azərbayca­nın nüfuzunu ucaltmaqdı. Bütün bun­lar – Heydər Əliyev vətənsevərliyinin, Heydər Əliyev zəkasının, iradəsinin, uzaqgörənliyinin qələbəsi idi.

Və bütün bunlar bədnam qonşula­rımızı qıcıqlandırır, qızışdırır, qəzəb­ləndirir, yuxularını qaçırırdı. Moskvaya, mərkəzi dairələrə danos-danos dalınca gedirdi. – “Heydər Əliyev Naxçıvanı er­mənilərdən təmizlədi, indi də Qarabağı təmizləmək niyyətindədir” – danosların əsas mövzusu bu idi.

Heydər Əliyev bunu bilirdi. Və bunu bilə-bilə məhəl qoymurdu. Brejnevlə xoş münasibətlərinin bir səbəbi də özü­nü və xalqını, respublikasını mikoyan­lardan, baqramyanlardan və onların tör-töküntülərindən siğorta etmək idi.

Şuşada əzəmətli Vaqif məqbərə­sini, Natəvan heykəlini ucaltmaqla, Üzeyir Hacıbəyli, Bülbül muzeylərini açmaqla, Şuşada təntənəli beynəlxalq sənət tədbirləri keçirməklə Heydər Əliyev bu qədim Azərbaycan şəhərinin milli simasını müəyyənləşdirirdi. Axı 50-ci illərdə Şuşada yeganə iki hey­kəlin Nelson Stepanyanın və Tevos­yanın büstləri olduğunu mən yaxşı xa­tırlayıram. Heydər Əliyev Azərbaycan KP MK-nın birinci katibi olduğu illərdə Dağlıq Qarabağda erməni millətçiliyi meyllərinə qarşı çıxarılmış partiya qə­rarı da yadımdadır. Nə bundan əvvəl, nə sonra erməni millətçiliyi meyllərinə qarşı bu kəskinlikdə partiya qərarı qə­bul olunmayıb.

Bütün bunlara rəğmən Heydər Əliyev iki dəfə Sosialist Əməyi Qəh­rəmanı adına da layiq görülür, Siyasi Büronun tərkibinə düşür. Ermənilər yanıb-yaxılmasın neyləsinlər? Məni isə yandırıb-yaxan odur ki, Heydər Əliyev haqqında Moskvaya gedən danosların böyük bir qismi elə onun öz vətənin­dən, Azərbaycandan gedirdi. Onun öz soydaşları, azərbaycanlılar verirdilər bu danosları.

Səd heyif ki, yalnız ermənilərin de­yil, bəzi “özümüzünkülərin” də Heydər Əliyevə bu bədxah münasibəti bizim günlərdə, müstəqillik dövründə də da­vam edir. Heydər Əliyev ermənilərlə mübarizə aparırdı, “Özümüzünkülər” isə onun özüylə. Bu nə milli şakərimiz­dir belə, anlaya bilmirəm. Azərbayca­nın hər hansı bir görkəmli övladı – istər siyasət sahəsində olsun, istər elm, sənət, ədəbiyyat – xalqına şöhrət gə­tirirsə, ölkəmizin sərhədlərindən kənar­da ad qazanırsa, millətin beynəlxalq aləmdə layiqincə təmsil edirsə – həmin elə bu xalqın, bu millətin bir para insan­ları ona qənim kəsilir.

1987-ci ildə ermənilərin, erməni da­irələrinin güclü təsiri altında olan Qor­baçovun birgə səyləri ilə Heydər Əliyev SSRİ-nin siyasi Olimpindən uzaqlaş­dırıldı. Düz bir həftə sonra isə adıbəd­nam akademik Aqanbekyan Parisdə Qarabağ kampaniyasına start verdi.

Heydər Əliyev istefaya göndəril­di, ailə üzvləri basqılara məruz qaldı, Moskva qəzetlərində böhtanlar, iftira­lar dərc olundu, barəsində cinayət işi açmaq üçün qurdalanmağa başladı­lar. Təkləndiyi, yaxşılıq etdiyi adamla­rın çoxunun dönük çıxdığı (bu da milli şakərimizdi?) bir məqamda Heydər Əliyev heç nədən və heç kəsdən qorxub-çəkinmədən Moskvadakı Azər­baycan nümayəndəliyinə gəlir, 90-cı ilin qara Yanvarını lənətlə damğalayır, bütün dünya mətbuatı qarşısında Qor­baçovu ittiham edirdi. Bu da onun qələ­bəsi idi.

O vaxt Moskvada Heydər Əliyevə telefon etmişdim. Moskva mətbuatındakı iftira dolu yazılardan ürək ağrısıyla danışırdı. – Belə yazılara fikir verməyin – dedim – Siz tarixi şəx­siyyətsiniz və bunu hamı bilir. Bu tele­fon söhbətinin bir başqa vacib məqamı və nəticələri haqqında gələcəkdə ətraf­lı yazacam. İndi isə ancaq onu deyim ki, bu söhbətdən Heydər Əliyevin daha Moskvada qalmaq, orada yaşamaq istəmədiyini başa düşdüm.

Əfsuslar olsun ki, Heydər Əliyevə nəinki Moskvada, heç Bakıda da yaşa­mağa imkan vermədilər. Tikilib qurul­masında bu qədər böyük zəhməti olan adama Bakıda bir mənzil də tapılma­dı, doğulduğu yerə Naxçıvana getməli oldu. Soyuq, şaxtalı, yanacaqsız Nax­çıvan qışında ətrafındakı etibarlı in­sanlara – “ölsək də bir yerdə öləcəyik, qalsaq da bir yerdə qalacayıq” – dedi. İlk baxışda belə görünə bilərdi ki, siyasi karyerası bitmiş Heydər Əliyev axır ki, məğlub edilib. Belə amansızlıqlarla üz­ləşmiş, belə dözülməz şəraitə düşmüş başqa birisi, bəlkə də, məğlub olardı. Hər hansı başqa birisi. Heydər Əliyev yox.

Cəmisi bir-iki il keçdi, Qorbaçovun özü də, ölkəsi də yerlə-yeksan oldu, indi SSRİ-nin ilk və son prezidenti vax­tını öldürmək üçün radioda uşaq nağıl­larını səsləndirir və cibini doldurmaq üçün Makdonaldsı reklam edir. Heydər Əliyev isə XX əsrdə müstəqilliyini ikinci dəfə qazanmış milli dövlətinin düz on il ərzində Prezidenti oldu. Özü də elə bir Prezident ki, ərazisi və əhalisi baxı­mından kiçik ölkənin dövlət başçısıyla ən böyük məmləkətlərin rəhbərləri he­sablaşırdı. Kim qalib çıxdı? Nəinki öz hakimiyyətini qoruya bilən, başçılıq et­diyi dövləti belə bada verən Qorbaçov­mu, ya parçalanmaqda olan ölkəsini xilas edən, sonrakı çeviriliş cəhdlərinin qarşısını alan, bir gecə yarısı televizi­ya çıxışı ilə Prezident sarayı ətrafına minlərlə insanı toplaya bilən Heydər Əliyevmi?

Bəziləri Heydər Əliyevi atəşkəs sa­zişinə görə suçlayır, Qarabağ proble­mini həll etməməkdə təqsirləndirirlər. Azərbaycanın hələ güclü ordusu ol­madığı bir vaxtda Bişkək protokolu im­zalanmasaydı, rus ordusunun açıq və gizli dəstəyilə ermənilər gəlib Yevlaxa çatsaydılar, Azərbaycan və Gürcüstan arasında yeni bir işğal zonası yaran­saydı və neft boru kəməri əbədi olaraq gündəmdən çıxsaydı, bu ittihamçılar görən onda nə deyəcəkdilər?

Qarabağ probleminin gec-tez həll olunacağına, Azərbaycanın ərazi bü­tövlüyünün bərpasına, işğal edilmiş torpaqlarımızın qaytarılacağına qəti inamım var, amma bu problemin nə qədər çətin olduğunu da aydın dərk edirəm. Postsovet məkanının bu səp­kili hansı problemi həll olunub – Mol­dova–Dnestrbasar problemi? Gürcüs­tanın Abxaziya, Cənubi Osetiya indi də Acarıstan problemi? Və nəhayət Rusiyanın Çeçenistan problemi? Hələ yarım əsrdən artıq sürən İsrail–Fələs­tin qarşıdurmasını demirəm. – Siyasət mümkün olana əsaslanmaq sənəti­dir – deyiblər. Hər halda Qarabağla bağlı danışıqlarda, hər yöndən güclü təzyiqlər altında Heydər Əliyev Azər­baycanın mənafeyinə zidd olan heç bir güzəştə getmədi. Və siyasətin müm­kün olan əsasları baxımından bu da qələbə idi.

Sonuncu dəfə Heydər Əliyevi Rə­sul Rzanın yubileyində, indi Preziden­tin adını daşıyan sarayda görmüşəm. O, böyük maraqla teatrlaşdırılmış ta­maşaya baxırdı, Rəsul Rzanın, Nigar Rəfibəylinin sözlərinə bəstələnmiş mahnıları diqqətlə dinləyirdi. Gənc mü­ğənnilərin ifalarını xüsusilə qeyd edirdi:

–Bizim necə də istedadlı xalqımız var, – deyirdi, – hər dövrdə meydana yeni-yeni istedadlar çıxır, elə bil bulaq­dılar, torpağın təkindən qaynayırlar.

Tamaşadan sonra səhnəyə qalxdı, ifaçılarla səmimi söhbət etdi. Heydər Əliyevin bu söhbətindəki incəlikləri mən təfsilatı ilə “Unudulmaz görüş­lər” xatirə kitabımda yazıya almışam, çalışmışam ki, kağız üzərində olsa da o nostalji duyğuları yenidən canlandı­rım, o gecənin təkrarolunmaz anlarını yenidən yaşayım. Heyif, bu mənim bö­yük şəxsiyyətlə son görüşüm oldu. Tale belə insanları xalqa yüz ildə, bəlkə də üç yüz il, beş yüz ildə bir dəfə bəxş edir.

Arxivimdə Heydər Əliyevin bir fo­to-şəkli də var – Rəsul Rzanın 90 illik yubileyində çəkilib. Bu şəklə baxanda mənə elə gəlir ki, Heydər Əliyev bizim hamımızla vidalaşır. Və o cümlədən, mənimlə də vidalaşır... 

2003-cü ili – ömrünün son ilini də Heydər Əliyev qalib kimi başa vurur. Geniş infakt keçirmiş, gecəsi-gündü­zü olmayan, nə şənbə, nə bazar, nə məzuniyyət, nə istirahət bilən, yaşı səksənə çatmış insan çıxış edərkən qəlb böhranı keçirir, yıxılır, yeddi qa­bırğası sınır və dözülməz ağrılara tab gətirərək yenidən səhnəyə qayıdır, sö­zünə davam edir. Bir də yıxılır və yenə görünməmiş, inanılmaz bir iradə ilə səhnəyə dönür, xalqı ilə vidalaşmağa özündə güc tapır. Bu da onun yıxılması haqqında hərzə-hərzə danışan və ya­zan mənəviyyatsız düşüklər üzərində qələbə idi.

Ucuz mətbuat şoularına Heydər Əliyev bu mənhus xəbərlərin bazara çıxarılmasından sonra neçə ay yaşa­masıyla, xəstə-xəstə belə Azərbaycanı idarə etməsiylə, prezident seçkilərində iştirakı və vaxtlı-vaxtında namizədlik­dən imtina etməsiylə, seçkiləri izləmə­si və nəticələrindən arxayın olmasıyla qələbə çaldı. Bəlkə də bu gün yeganə təsəllimiz odur ki, Prezidentimiz dövlə­tinin taleyindən arxayın getdi.

İlham Əliyev Prezident seçiləndən sonra tez-tez çıxış edərkən Azərbay­can dilində belə səlis danışması məni heyrətə gətirirdi. Məsələ ondadır ki, orta məktəbdə də, institutda da rus dilində təhsil almışdı. Rusca təhsil alanlar, sonradan ana dilini nə qədər mənimsəsələr də, adətən fikirlərini ifa­də edəndə çətinlik çəkirlər. Bu zaman məhdud söz ehtiyatı da, cümlələrin, sözlərin uzlaşmaması da, rusca dü­şündüyü fikri Azərbaycan dilində ifadə etmək cəhdi də hiss olunur. 

İlham Əliyevin nitqində bu kəsirlər­dən heç biri yoxdur. Onun ana dilində zəngin söz ehtiyatı var, o az işlənən ibarələrdən, sözlərdən belə yerində istifadə edir. Rus və ingilis dillərində də beləcə sərbəst danışır, amma bu - orta və ali təhsilin nəticəsidir. Azərbay­can dilini o sonra işlətməyə başlayıb, ancaq elə bil ki, doğulandan bu dilin təmiz axarında yetişib, ömrü boyu bu dildə danışıb. Məlum olur ki, xüsusi dil qabiliyyətindən başqa, Heydər Əliyev oğlunu məqsədyönlü şəkildə mühüm dövlət missiyasına da mükəmməl ha­zırlayıbmış.

Məhz elə buna görə də gənc Pre­zidentimiz bu çox çətin və təhlükəli dövrdə ölkəmizi açıq ya gizli şəkildə təhdid edən qüvvələr qarşısından geri çəkilmir, tarazlaşmış, müstəqil siyasət aparır, Qərbdən və Şərqdən, Şimaldan və Cənubdan çeşidli təzyiqlərə baxma­yaraq Azərbaycanın ərazi bütövlüyü, işğal olunmuş torpaqlarımızın qayta­rılması yolunda bir addım güzəştə getmir.

Dünyaya qalib kimi gəldi, dünya­dan qalib kimi getdi. Heç kəsin xidmə­tini danmadan müstəqil Azərbaycanın qorunmasında, qurulmasında və ya­şamasında Heydər Əliyevin müstəs­na rolu insafı olanların hamısına açıq-aşkardır. Bir jurnalist doğru yazıb ki, Heydər Əliyev Qulliver, ona çirkab atanlar isə liliputlardır.

Bütün keçəri, ötücü narazılıqlar, umu-küsülər, giley-güzar unudulub gedəcək, Heydər Əliyevin möhkəm­ləndirdiyi, inkişaf etdirdiyi ölkə-sabit, istiqrarlı, söz, mətbuat azadlığı təmin olunmuş, müxtəlif siyasi qurumların, o cümlədən müxalifət partiyalarının fəa­liyyət göstərdiyi, senzurasız, ölüm hök­msüz, sivil dünya ailəsində layiqli yer tutan demokratik Azərbaycan qalacaq. Əlbəttə, Azərbaycan, yaxın gələcəyin Azərbaycanı daha da gözəl, firavan, daha əzəmətli və daha ədalətli olacaq. Amma bu xoşbəxt gələcəyin təməlini bütün şər qüvvələriylə mübarizədə qa­lib çıxan Heydər Əliyev qurdu, əl-aya­ğa dolaşanlara rəğmən çətin doğulan əsər kimi yaratdı.

Çağdaş Azərbaycan, doğrudan da, Heydər Əliyevin əsəridir. Bizim borcu­muz bu əsəri yaşatmaq, qorumaq, cila­lamaq və gələcək nəsillərə yetirməkdir. Bütün siyasi çəkişmələr, dartışmalar, toqquşmalar – Xalqın taleyi qarşısında çox cılız görünür, böyük Tarix önündə çox kiçik həvəslər, hərisliklər, hikkələr­dir.

Heydər Əliyev hər xalqa bəlkə də, əsrdə bir dəfə qismət olan nadir şəx­siyyət idi. Həyata qalib kimi gəlmişdi. Xalqı ölümüylə sarsıdan, sarsındıraraq birləşdirən, kədərləndirərək bütövləş­dirən Heydər Əliyev ölümüylə də zəfər çaldı. Kim nə deyir-desin, nə yazır-yaz­sın, qalib gəldi, qalib getdi.

Azərbaycanımızın əbədi müstəqilli­yi, ərazi bütovlüyünün bərpa olunması ulu öndər Heydər Əliyevin ölməz ruhu­nun hamımıza əmanətidir.

 

ANAR,
Azərbaycan Yazıçılar Birliyinin sədri, Xalq yazıçısı

Sosial həyat