Zəngəzur dəhlizi qlobal önəm daşıyır

post-img

ADA Universitetinin təşkilatçılığı ilə Şuşada ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş “Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə” mövzusunda dördüncü beynəlxalq konfransda Pakistanın Cənubi Asiya və Beynəlxalq Araşdırmalar Mərkəzinin nümayəndəsi Mahmud Həsən xanın Zəngəzur dəhlizi ilə bağlı fikirlərinə münasibət bildirən dövlətimizin başçısı bu layihənin böyük potensiala malik olduğunu vurğulayıb. Azərbaycan lideri bu yolun Çin, Qırğızıstan və Özbəkistan arasında yaradılan dəmiryolu marşrutunun davamı kimi mühüm önəm daşıdığını, “Bir kəmər, bir yol” layihəsinin və ya Şimal-Cənub dəhlizinin tərkib hissəsi ola biləcəyini qeyd edib. Prezident İlham Əliyev daha sonra deyib: “Naxçıvan ərazisindən İranın dəmir yolu ilə bağlantısı var və bu marşrutla Fars körfəzi istiqamətində yüklər daşına bilər. Zəngəzur dəhlizi, sadəcə, Azərbaycan və Ermənistan üçün deyil, hesab edirəm ki, bu layihənin qlobal səviyyədə əhəmiyyəti var. Çünki biz daha böyük həcmdə yüklərin olmasını gözləyirik və marşrutlar nə qədər çox olsa, bir o qədər yaxşıdır”.

Ölkə rəhbəri həmin suala cavabın­da, həmçinin işğal dövründə ermənilər tərəfindən sökülüb daha sonra satılan, Füzulidən Zəngilana və demək olar ki, Ermənistanla sərhədə qədər uzanan Azərbaycan dəmir yolunun inşasının gələn il tamamlanacağını da diqqətə çatdırıb. Dövlətimizin başçısı, eyni za­manda, Ermənistan ərazisindən keçən 40 kilometrdən bir az artıq olan dəmir yolu xəttinin inşasının reallaşacağı təq­dirdə bunun beynəlxalq layihə olacağı­nı deyib. 

Prezident İlham Əliyevin sözləri ilə desək, əgər Ermənistan bu layihə qar­şısında süni maneələr yaradacaqsa, o zaman bundan yalnız uduzacaq. Çünki hazırda ölkəmizin Gürcüstan, Türkiyə və Rusiya vasitəsilə Qara dəniz liman­larına çıxışı var, digər tərəfdən İran əra­zisindən də istifadə edilir. Ermənistanın isə belə bir fiziki bağlantısı yoxdur.

Yeri gəlmişkən, bir daha xatırladaq ki, ikinci Qarabağ savaşında qazanılan ədalətli tarixi qələbədən sonra imzala­nan 2020-ci il 10 noyabr tarixli üçtərəf­li Bəyannamədə Azərbaycanın Qərb bölgələri ilə Naxçıvan Muxtar Res­publikası arasında nəqliyyat əlaqələri­nin təhlükəsizliyinin reallaşdırılmasını nəzərdə tutan Zəngəzur dəhlizinin açıl­ması öz ifadəsini tapıb. Başqa sözlə, həmin sənəd respublikamızın Qərb hissəsi ilə Ermənistanın ərazisindən keçərək nəqliyyat əlaqəsi yaradacaq bu dəhlizin Mərkəzi Asiya və Cənubi Qafqaz, Avropa və Asiya arasında olan iqtisadi əməkdaşlığın yaranmasında və inkişaf etdirilməsində həlledici rolu­nu şərtləndirib.

Zəngəzur dəhlizinin Orta Dəhlizə inteqrasiya ediləcəyi də nəzərdə tutu­lub. Belə halda Azərbaycan ərazisin­dən illik təxminən 35 milyon ton yükün daşınmasına imkan yaranıb. Prezident İlham Əliyev bununla bağlı Şuşa kon­fransında deyib: “Orta Dəhliz layihəsi tərəfimizdən tam dəstəklənir və onun nəhəng potensialı var. Burada anla­maq lazımdır ki, biz yalnız yük daşıma­ları üçün tranzit marşrutu olmamalıyıq. Biz bu imkandan istifadə edərək, mar­şrutboyu biznes fəaliyyətini stimullaş­dırmalıyıq. Orta Dəhlizin tərkib hissəsi olan ölkələr yalnız tranzitdən gəlirin əldə olunması ilə kifayətlənməməlidir­lər. Bu fürsətdən yerli istehsalın stimul­laşdırılmasında istifadə edilməlidir”. 

Sözügedən infrastrukturun digər bir iqtisadi əhəmiyyəti isə Mərkəzi Asiya ölkələrinin bu yeni nəqliyyat dəhlizin­dən gələcəkdə istifadəsi ilə bağlıdır. Başqa sözlə, Zəngəzur dəhlizi “Aşqa­bad müqaviləsi” adı ilə tanınan anlaş­maya qoşulan ölkələrinin Avropaya reinteqrasiyası üçün əlverişli şərait yaradır. Adıçəkilən müqavilə də Türk­mənistan, Özbəkistan, Qazaxıstan, İran, Oman, Hindistan və Pakistan ara­sında Avrasiya regionunda nəqliyyat əlaqələrinin inkişafını gerçəkləşdirmək məqsədi daşıyır.

Prezident İlham Əliyevin vurğula­dığı kimi, Azərbaycan Mərkəzi Asiya ölkəsi deyil. Amma tarixi və mədə­ni əlaqələrlə, indi isə daha çox siyasi əlaqələrlə Mərkəzi Asiya ilə sıx bağ­lıdır. Azərbaycanla Mərkəzi Asiya ölkələri arasında fəal dialoqun möv­cudluğu da bunun bariz ifadəsidir. Bu, çox müsbət dinamikadır. Belə bir şəra­itin isə Mərkəzi Asiya və Azərbaycanın gələcəkdə, ilk növbədə, nəqliyyat, təh­lükəsizlik məsələləri baxımından daha çox inteqrasiyalaşmasına önəmli təsir göstərər. “Çünki Mərkəzi Asiya ölkələri üçün nəqliyyat, təhlükəsizlik məsələlə­ri və ixrac bazarlarına çıxış bu gün bir müddət əvvəl olduğundan daha çox əhəmiyyət kəsb edir. Bunun niyə belə olduğu başa düşüləndir. Burada artıq müasir nəqliyyat infrastrukturuna–də­mir yolu, dəniz limanları, Xəzərdə ən böyük donanma, eləcə də yeri gəlmiş­kən, Qara dənizdə gəmilərin sayının artması kimi imkanlara malik dost ölkə – Türkiyə var.

Hazırda Azərbaycan rəhbərliyi Mərkəzi Asiya ilə respublikamız arasın­da regional əməkdaşlığa töhfə vermək üçün ciddi səy göstərir. Azərbaycanın Özbəkistan, Qazaxıstan, Qırğızıstan və Türkmənistan kimi Mərkəzi Asiya ölkələri ilə, Türkiyə ilə birlikdə Türk Dövlətləri Təşkilatında olması da bu­nun bariz ifadəsidir. 

Zəngəzur dəhlizindən söz düşmüş­kən, dövlətimizin başçısı konfransda “Bir kəmər, bir yol” təşəbbüsü haqqında da fikirlərini bildirib. Ölkə rəhbəri Azər­baycan tərəfindən bu təşəbbüsünün hər zaman dəstəkləndiyini vurğulayıb. Qeyd edib ki, hazırda bu layihənin mü­hüm hissəsi hesab olunan Azərbaycan indiyədək öz üzərinə düşən işi yük­sək səviyyədə yerinə yetirib, nəqliyyat infrastrukturu müasirləşdirilib. Eyni zamanda, Mərkəzi Asiya tərəfindən ölkəmizin infrastrukturundan istifadə etməyə böyük maraq yaranıb var və ötən ilin sonunda Çin, Qırğızıstan, Öz­bəkistan və Xəzər arasında yeni dəmir yolu əlaqəsinin qurulmasına başlanılıb. 

“Bir kəmər, bir yol” layihəsi Qərb və Şərq arasında yaradılacaq ticarət nəq­liyyat xəttinin diversifikasiyalaşmasın­da mühüm bir addımdır. Avropa İttifaqı­nın (Aİ) Çin ilə olan ticarət əlaqələrinə nəzər yetirsək, bu aydın nəzərə çarpır. Son illərdə Qərb və Şərq arasındakı ticarət əlaqələri mənfi xarici təsirlərə baxmayaraq inkişaf edir. Buna uyğun olaraq, Zəngəzur dəhlizinin bu ticarət xətti üzərində yerləşməsi və səmərəli nəqliyyat koridoru olması Azərbayca­nın, o cümlədən digər region ölkələ­rinin 600 milyard avroya çatan ticarət əlaqələrində pay sahibi olmağa imkan yaradır. Bundan əlavə, Aİ və Mərkəzi Asiya ölkələri arasında ticarət əlaqələ­ri 20-30 milyard avro ətrafında dəyişir. Təkcə bu göstərici Zəngəzur dəhlizinin region ölkələrinin ticarət əlaqələrində alternativ nəqliyyat dəhlizi olması ilə iqtisadi əhəmiyyət daşımasını deməyə əsas verir.

Vaqif BİNYƏTOĞLU, “Xalq qəzeti”

Sosial həyat