Biz Qərbi Azərbaycana qayıdacağıq!

post-img

Xəbər verdiyimiz kimi, ötən günlərdə “Xalq qəzeti” redaksiyasında Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun rəhbərliyi və bu elm ocağında yeni yaradılmış Qərbi Azərbaycan tarixi şöbəsinin əməkdaşları ilə Qərbi Azərbaycana Qayıdış ümummilli hərəkatının elmi-tarixi təminatı mövzusunda Dəyirmi masa keçirildi. 

Aktual müzakirədə səslənən elmi açıq­lamaların, bildirilən dəyərli mülahizələrin, qaldırılan önəmli məsələlərin bir hissəsini qəzetimizin 29 mart 2023-cü il tarixli sa­yında dərc etmişik. Diskussiya materialla­rının ardını oxucularımıza təqdim edirik.

AMEA Tarix İnstitutunun baş direk­toru, professor Kərim Şükürov siyasi-ideoloji avantüraların quluna çevrilmiş erməni tarix saxtalaşdırıcılarının uy­durduqları yalanlara, dünyaya püsküt­sükləri böhtan və iftiralara rəhbərlik etdiyi elmi kollektivin münasibət və ca­vabına toxunaraq bildirdi:

–Erməni müəlliflərinin iddiasına görə, “Şərqi Ermənistan” indiki Ermənistan Res­publikasının ərazisidir, “Qərbi Ermənis­tan” isə Anadolunun 6 vilayətidir. Ancaq bunlar boş xəyal və saxta iddialardır. Cə­nubi Qafqazda isə ümumiyyətlə, tarixən erməni olmayıb. Ümumiyyətlə, ermənilər Qafqazın yerli əhalisi deyil və bunun tarixi əsasları var. Ermənilər tarix boyu başımı­za bu qədər faciələr gətiriblər, amma yenə də bizim onlarla mübarizə sahəsində milli ideologiyamız mövcud deyil. Bunun bir sə­bəbi bizim tolerant xalq, multikultural ölkə olmağımızdırsa, bir səbəbi də düşmənin təbliğat hücumlarını lazımi səviyyədə ca­vablandırmamağımızdır. 

Azərbaycan Ordusunun II Qarabağ sa­vaşında erməni işğalına son qoyması ilə bağlı tarixi rəşadəti biz tarixçi alimlər üçün örnəkdir. Qəhrəman oğullarımız Qarbağı döyüş meydanında qaytardığı kimi, biz də soydaşlarımızın Qərbi Azərbaycana qayı­dışını – tarixi həqiqəti dünyaya qəbul et­dirməklə, saxta erməni tarixçiliyini məğlub etməklə təmin etməliyik.

Deyirik ki, 1828–29-cu illərdə ermə­nilər İrandan köçürülüblər. Amma unu­duruq ki, bu ərazilər də Azərbaycan tor­paqları idi, ermənilər isə bu taya Cənubi Azərbaycandan gətiriliblər. Bəs ermənilər Cənubi Azərbaycana haradan köçürül­müşdülər? Bu məsələlər gedib çıxır Şah Abbasa. 623-cü ildə Şah Abbasın köçü­rülmə siyasəti olub. Söhbət 200–300 min nəfərin köçürülməsindən gedir. Bu qədər erməni haradan gəlib Cənubi Azərbaycan ərazilərinə? Ermənilər Aralıq dənizi sahili xalqıdır və “Ermənistan” adlı yer adına ilk dəfə Dəclə və Fərat sahillərində rast gə­linib. 

Eramızın IV əsrinin ortalarında Sa­sanilərlə Bizans arasında müqavilə var, o müqavilə ilə Ermənistan bölüşdürülüb. Bu zaman Sasanilər ərazisində yaşa­yan ermənilər Bizans ərazisinə keçməyə başlayıblar. Bundan sonra ermənilərdən “maşa” kimi istifadə olunmağa başlanıb. Azərbaycanın tarixi ərazilərinə ilk ermə­ni köçü də o vaxtdan başlayıb. Ona görə də biz ermənilərin köçürülməsi tarixini 1828 – 29-cu illərlə bağlasaq, bu, tama­milə yanlış olar.

Ermənilər miqrasiyaya meyilli toplum­dur. Statistikaya görə, ermənilər 80-dən çox ölkədə yaşayırlar. Biz ermənilərin formalaşmasına və dünyaya yayılmasına ötəri yanaşmamalıyıq, tarixi həqiqəti or­taya qoymalıyıq. Bir həqiqət odur ki, Qa­rabağın dağlıq hissəsində yaşayan ermə­nilər albanlar olublar. Azərbaycanda İslam yayılanda ərəblər dağlıq hissəyə çıxmağa meyilli olmadılar, onlar xristian olaraq qal­dılar və sonralar albanların erməniləşməsi prosesi getdi. Bunlara dönmüş ermənilər deyilir. Qarabağ erməniləri ilə Ermənistan erməniləri genetik baxımdan bir-birindən fərqlənirlər. 

Azərbaycanda olan ermənilərə bax­dıqda, burada iki mərhələ olub: əvvəla, Dağlıq Qarabağdakı xristian albanlar qriqoryanlaşıb, daha sonra isə tədricən erməniləşiblər; ikincisi, rusların köçürməsi prosesində Azərbaycanda gəlmə ermə­nilər peyda olublar. 300 mindən çox ermə­ni Cənubi Qafqaza və Azərbaycana köçü­rülüb. Bunlardan da önəmlisi odur ki, çar Rusiyası XIX əsrin əvvəllərində Ermənis­tanı deyil, Azərbaycan feodal dövləti olan İrəvan xanlığını və tarixi Göyçə mahalını işğal edib.

Rusiyanın Qərbi Azərbaycan əra­zilərinin işğalı məsələsinə Tarix İnsti­tutunun aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Eiçin Qarayev belə ay­dınlıq gətirdi:

–XVII əsrin sonu–XVII əsrin əvvəllə­rində Azərbaycan Səfəvilər dövləti dərin iqtisadi və siyasi böhran keçirirdi. Mərkəzi dövlət zəiflədi, ölkədə narazılıq, üsyanlar və qiyamlar başladı. Bundan istifadə edən Rusiya və Osmanlı Türkiyəsi Azərbaycana müdaxilə etdilər, nəticədə, Azərbaycan bu iki dövlət arasında bölüşdürüldü. Xəzər­sahili ərazilər Rusiyanın, digər ərazilər isə Osmanlı Türkiyəsinə müvəqqəti də olsa ilhaq edildi. Lakin XVIII əsrin 20-ci illərin sonunda Nadir şah Əfşar tarix səhnəsinə çıxması ilə Səfəvilər dövlətinə məxsus iti­rilmiş torpaqları geri qaytardı və regionda sabitlik yaratdı. 

Sonradan öz imperiyasını yaratmış Nadir şah böyük hədəflər üçün xarici si­yasət yeritdi, düşmən imperiyaların plan­larını pozdu. Lakin 1747-ci ildə Nadir şah Əfşar sui-qəsd nəticəsində həlak olduqdan sonra onun imperiyası dağıldı. Azərbaycanda 20-yə qədər müstəqil və yarımmüstəqil xanlıqlar – kiçik dövlət qu­rumları yarandı. Belə xanlıqlardan biri İrə­van xalığı idi. İrəvan xanlığı Azərbaycanın şimal-qərbində yaranmışdı. 

İrəvan xanlığı inzibati-ərazi bölgüsü baxımından mahallara, mahallar isə kənd­lərə bölünmüşdü. 

İrəvan xanlığında hakimiyyət xana və yaxud sərdara məxsus idi. Xanın ya­nında məsləhətçi şura – “Divan” da fəa­liyyət göstərirdi. Divanda mühüm, dövlət əhəmiyyətli məsələlər müzakirə olunurdu. Burada müharibə, sülh, vergi yığılma­sı və qatı cinayətlər kimi bu və ya digər məsələlər həll edilirdi. İrəvan xanlığının xarici siyasətində Osmanlı Türkiyəsi, Ru­siya, Qacar dövləti, Kartli-Kaxetiya çar­lığı və Azərbaycanın ayrı-ayrı xanlıqları əsas yeri tuturdu. İrəvan xanlığı 1769-cu il və 1779-cu illərdə müharibələr apa­rıb. Rusiyanın I İrəvan yürüşü 1804-cü ilin iyun-sentyabrında, II İrəvan yürüşü 1808-ci ilin sentyabr–noyabrında, III İrə­van yürüşü 1811-ci ilin noyabrı–1813 martında, IV İrəvan yürüşü isə 1827-ci ilin aprel-oktyabrında olmuşdu.

İrəvan xanlığında rus işğalına qədər əhalinin əsas etnik tərkibini Azərbaycan türkləri təşkil etmişdilər. Məşhur Azərbay­can səyyahı H.Z.Şirvanlı “Bustan-üs-sə­yahət” əsərində yazırdı ki, İrəvan Arran mülkündədir: “Azərbaycana məxsusdur... Əhalisi türkdilli və şiə məzhəbindədir. Azacıq isəvi də vardır.” Rus hərb tarixçisi N.Dubrovin də “bütün İrəvan xanlığın­da əhali arasında Azərbaycan türklərinin çoxluq təşkil etdiyini” təsdiq edirdi. N.N.Şavrov isə köçürmə məsələsinin Cənubi Qafqazda demoqrafik vəziyyətə təsirini təsvir etməklə yanaşı, konkret rəqəmlər göstərirdi: “Biz Cənubi Qafqaza İrandan 40 mindən çox, Türkiyədən isə 84 min er­məni köçürmüşük... İndi Cənubi Qafqazda yaşayan 1,3 milyon erməninin 1 milyon­dan çoxu diyarın köklü sakinləri olmayıb, bizim tərəfimizdən (burada) məskunlaşdı­rılmışdı”. 

Çarizm 1828-ci il fevralın 10-da Türk­mənçay müqaviləsindən sonra İrəvan və Naxçıvan xanlıqlarını rəsmən öz tərkibinə ilhaq etdikdən sonra Osmanlı imperiyası və Qacar səltənəti ilə sərhəd ərazilərində bufer zona yaratmaq üçün birinci addımı bölgə əhalisinin etnik mənzərəsini dəyiş­mək olmuşdur. 1828–1832-ci illər kame­ral siyahıyaalınmaya görə, keçmiş İrəvan xanlığında 14 min 205 ailə yaşamışdı. Bunlardan etnik tərkibinə görə 9 min 746-sı Azərbaycan türk ailəsi (və yaxud 53 min 409 nəfər), 3 min 452-si erməni ailəsi (və yaxud 19 min 878 nəfər), 847-si kürd ailə­si (və yaxud 4 min 217 nəfər), 60-ı qaraçı ailəsi (və yaxud 257 nəfər) idi. Ümumiy­yətlə, bütün xanlığın əhalisi 77 min 761 nəfərdən ibarət olmuşdu. İrəvan quber­niyasına köçürülənlər arasında ermənilər çoxluq təşkil etmişdilər. Onların İrəvan quberniyasına köçürülməsi bəhs etdiyimiz dövr ərzində daimi davam etdirilmişdir. 

Qərbi Azərbaycan tarixi şöbəsinin aparıcı elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Bəxtiyar Həsənov müzakirənin davamında söylədi:

–Çar Rusiyası hökuməti işğal etdiyi Qərbi Azərbaycan ərazisində inzibati dəyi­şikliklər edərək qondarma “erməni vilayə­ti” adlanan ərazi yaratdı və ermənilərin xaricdən bu bölgəyə kütləvi köçürülməsi­ni təşkil etdi. Bu köcürmələr ermənilərin bölgədə süni surətdə çoxalması ilə nəti­cələndi ki, bu səbəbdən yüz minlərlə Azər­baycan türkü öz doğma yurd-yuvasından didərgin salındı. Ermənilər bu ərazilərə gəlib yerləşdikdən sonra öz cinayətkar əməllərini törətmək üçün təşkilatlanmağa başlayaraq, münasib zamanın gəlməsini gözləməyə başladılar. 

İlk belə məqam çar Rusiyasında baş verən 1905–1907-ci illər inqilabı oldu. Bu dövr bölgədə baş verən inqilabın hö­kumət əleyhinə güclənməsinin qarşısın almaq üçün çar hökuməti regionda etnik münaqişənin baş verməsində maraqlı oldu. Çar hökuməti 1905-ci ildə baş verən inqilabın hökumətə qarşı olan etirazını azaltmaq məqsədilə 1905–1906-cı illər­də ermənilərin bölgədə tötətdikləri bəşəri cinayətlərə göz yummaqla bir növ buna dəstək verdi. 

Ermənilər tərəfindən törədilmiş bu ci­nayətlərlə bağlı arxiv sənədlərində olan materiallarda minlərlə azərbaycanlı əha­linin öldürülməsi ilə bağlı çoxlu məlumat­lara rast gəlmək olur. Ermənilər tərəfin­dən azərbaycanlılara qarşı törədilmiş bu qırğınlar nəticəsində həm də on minlərlə azərbaycanlı bu əraziləri tərk etmək məc­buriyyətində qalmışdır. Bu hadisələrdən sonra ermənilər bir müddət gözləmə mövqeyi tutaraq növbəti cinayətlərə ha­zırlıq görməyə başladılar. Birinci Dünya müharibəsinin başlanması ilə ermənilər yenə də öz cinayətlərini törətmək üçün məqamın yetişdiyini düşünərək hərəkətə keçdilər. 

Nəhayət, XIX əsrin birinci yarısında başlayan bu prosses XX əsrin əvvəllə­rində imperiyanın apardığı siyasət nəti­cəsində Qərbi Azərbaycan ərazisinin bir hissəsində 1918-ci ildə Ararat (Ermənis­tan) Respublikası elan edildi. Hansı ki, bu respublika elan ediləndə heç onun pay­taxtı da olmamışdır. 1918–1920-ci illərdə yenə də ermənilər terror dəstələri yara­daraq Azərbaycan türklərinə qarşı bəşəri cinayətlər törətdilər. Bu illər ərzində yüz minlərlə azərbaycanlı ermənilərin yaratdı­ğı terror dəstələri tərəfindən qətlə yetirildi, yüz minlərlə azərbaycanlı bölgəni tərk et­mək məcburiyyətində qaldı.

Azərbaycan Respublikası Dövlət Tarix arxivində olan sənədlərdə təkcə Zəngəzur ərazisində 10 min 68 nəfər qətlə yetirilmiş, 50 mindən çox əhali isə canlarını qurtar­maq üçün öz doğma yurdunu tərk edərək qaçqın kimi ayrı-ayrı bölgələrə getmişlər. 1920-ci ildə regionda bolşeviklərin haki­miyyətə gəlməsi ilə bu prosesslər başqa bir istiqamətdə cərəyan etməyə başladı. Bolşevik-daşnak birləşmələri minlərlə qa­baqcıl insanları güllələyərək məhv etdilər. Cənubi Qafqazda azərbaycanlılara qarşı bolşevik hökuməti tərəfindən formalaşmış bu mənfi münasibət sonradan dövlət sə­viyyəsində Azərbaycan türklərinin bu böl­gədən etnik təmizlənməsinə yönəldildi. 

II Dünya müharibəsindən sonra, 1947-ci ildə SSRİ Nazirlər Kabineti tərə­findən Azərbaycan türklərinin bu bölgədən köçürülməsi ilə bağlı qərar qəbul edildi və bu qərarın nəticəsi kimi, 1948-ci ildə 10 min, 1949-cu ildə 40 min, 1950-ci ildə isə 50 min nəfərin köçürülməsini nəzərdə tu­tan qərar qəbul edildi. Bu qərar nəticəsin­də on minlərlə soydaşımız bölgədən köçü­rüldü, minlərlə Azərbaycan türkü yollarda məhv edildi. Ancaq bu basqılara baxma­yaraq, minlərlə azərbaycanlı öz ata-baba yurdunu tərk etməkdən imtina etdi. 

Qərbi Azərbaycandan soydaşlarımı­zın etnik təmizləməyə məruz qaldığı son hadisələr sovet imperiyasının çökməsi ilə baş verdi. 1988-ci ildə başlayan bu etnik təmizləmə siyasəti nəticəsində 1991-ci ildə son azərbaycan türkü bu günkü Ermə­nistan (Qərbi Azərbaycan) ərazisindən zor gücünə çıxarıldı. 1988–1991-ci illərdə son etnik təmizləmə zamanı 200 minə qədər Azərbaycan türkü öz ata-baba yurdunu tərk etdi. Bununla Qərbi Azərbaycan azər­baycanlısız məkana çevrildi.

Professor Kərim Şükürov bildirdi ki, hazırda Tarix İnstitutunun əməkdaşları – aparıcı elmi işçi, tarix üzrə fəlsəfə dokto­ru, dosent Elmar Məhərrəmov və xəritə çəkilişi üzrə mütəxəssis Yaşar Bəhramov Qərbi Azərbaycanın türk yurdu olduğunun tarixi möhürü olan İrəvan xanlığının xə­ritəsini hazırlayırlar. Onlar artıq xanlığın xarici sərhədlərini tam dəqiqləşdiriblər və indi xanlığa daxil olan mahallar arasındakı sərhədlər üzərində işləyirlər.

Bu barədə məlumat verən Elmar Məhərrəmov dedi:

– İrəvan xanlığı Səfəvilər imperiya­sı dövründə mövcud olmuş Çuxur-Səəd bəylərbəyiliyinin bir hissəsində forma­laşmışdır. Bu kiçik feodal dövləti 15 ma­haldan və ondan asılı vəziyyətdə olan 1 sultanlıqdan – Şörəyil sultanlığından və Pəmbək əyalətindən ibarət olmuşdur. Bu mahallarda 831 kənd qeydə alınmışdır.

Müxtəlif ölkələrdən olan mütəxəssis­lər İrəvan xanlığının ərazisini çəkdikləri xəritələrdə təsvir etməyə çalışmışlar. La­kin o dövrlərdə lazımi səviyyədə texniki avadanlığın olmaması üzündən çəkilən xəritələr çox kiçik – kitab vərəqinin yarısı boyda, nisbi idi və təbii ki, mövcud variant­lar da bir-birindən fərqlənirdi.

Bunlardan ingiliscə “Wikipedia” say­tında “Erivan Khanate” səhifəsində, təx­minən, 1800-cü ildə çəkilməsi iddia edilən Naxçıvan və İrəvan xanlıqları xəritəsini göstərmək olar. Amma qeyd etmək lazım­dır ki, bu xəritə elektronlaşdırılan zaman onun üzərində, təbii ki, ermənilər tərə­findən düzəlişlər edilmiş, xəritə üzərində “Persian Empire” yazılmış, Göyçə gölü “L. Sevan” kimi verilmiş, habelə Qarabağ xanlığının qərbində isə saxta erməni topo­nimləri əlavə edilmişdir. 

İrəvan xanlığının geniş yayılmış xə­ritələrindən biri 1902-ci ildə Tiflisdə çap olunmuş və Rusiyanın 1809-cu ildən 1817-ci ilə qədər Cənubi Qafqazda apar­dığı hərbi əməliyyatları əks etdirən xə­ritədən çıxarılmış fraqmentdir. Xəritədə xanlığın yalnız təxmini sərhədləri və adı göstərilir. Mahallar haqda isə heç bir mə­lumat yoxdur.

Yararlandığımız xəritələrdən biri də 1886-ci ildə Y.Kondratenko tərəfindən tərtib edilmiş və 1886-cı ildə Tiflisdə çap olunmuş İrəvan quberniyasının etnoqrafik xəritəsidir. Rusiya tərəfindən ermənilərin ayrı-ayrı vaxtlarda müxtəlif ərazilərə köçü­rülməsi nəticəsində elə təsəvvür yaranır ki, guya, ermənilər burada çoxdan, özü də müxtəlif mahallarda yaşayırmışlar. Bu xə­ritədə mahallar deyil, qəza bölgüləri təsvir olunmuşdur. 

Diqqəti çəkən xəritələrdən biri də Ru­siyanın 1809-cu ildən 1817-ci ilə qədər Cənubi Qafqazda apardığı hərbi əmə­liyyatları əks etdirən başqa bir xəritədir. Xəritənin çap ili dəqiq məlum deyil. La­kin təxmini sərhədlər göstərilir. Daha çox diqqəti çəkən xəritələrdən biri də Rusiyalı mütəxəssislər tərəfindən çəkilmiş xəritə­dir. Burada sərhədlər dəqiq olmasa da, ermənilərin xeyrinə saxtakarlıq o qədər də nəzərə çarpmır.

Bəhrələndiyimiz daha bir xəritə isə Qafqaz hərbi dairəsinin Hərbi-topoqrafik şöbəsi tərəfindən 1903-cü ildə tərtib olun­muş və 1914-cü ildə çap olunmuş “Qafqaz diyarının xəritəsi”dir. Xəritədə şəhər və kənd adları çox aydın şəkildə verilib. Lakin bəzi adlarda təhriflər mövcuddur. 

İstifadə olunan daha bir xəritə Qafqaz Statistika Komitəsinin baş redaktoru Zeydlisin çəkdiyi “Qafqazın etnoqrafik xə­ritəsi”dir. Burada da həm toponimlər, həm də məskunlaşmış əhalinin milli mənsubiy­yəti nisbətən aydın verilib.

Bu gün burada təqdim olunan xəritə isə bizim tərəfimizdən çəkilib və yuxarıda qeyd edildiyi kimi, indi mahallararası sər­hədlərdə dəqiqləşdirmə aparılır. 

Qərbi Azərbaycan şöbəsinin mən­bəşünaslıq mütəxəssisi Tamara Rüstə­mova erməni saxtakarlıqlarını ifşa etməkdə tarixi qaynaqların önəminə toxundu:

–Tarixdə hiylə və yalan ilə diqqətçəkən ermənilər 200 ilə yaxındır ki, Qərbi Azər­baycan tarixini saxtalaşdırmaqla, türk mənşəli toponimləri dəyişdirib erməniləş­dirməklə məşğul olurlar. Bundan məqsəd isə onların türklərə aid torpaqları ələ keçir­mək, soydaşlarımızı öz yurdlarından qov­maq olub. Düşmən bu işə əvvəlcə topo­nimlərimizin adlarının erməniləşdirilməsi ilə başlayıb. 

Bu saxtakarlığı ifşa edən arxiv mate­rialları kifayət qədərdir. İnstitutumuzda bu məsələ daim diqqətdə saxlanılır. Məsələn, erməni iddialarını alt-üst edən coğrafi xə­ritələr bədnam qonşularımızın əsassız istəklərinə cavab vermək məsələsində xü­susi önəm daşıyır. Həmin xəritələrə baxan hər kəs görür ki, indiki Ermənistanın bütün toponimləri Azərbaycan–türk mənşəlidir.

Bunlar ölkə Prezidentinin sərəncamı ilə nəşr olunan “Cənubi Qafqaz. 1903-cü il” xəritəsində də öz ifadəsini tapıb. Bu xəritəyə nəzər saldıqda indiki Ermənistan ərazisində erməni mənşəli tək-tük yaşayış məntəqələrinə rast gəlinir. Dağ, çay, çöl, meşə, düzəngah, el-oba adlarının 99 faizi tamamilə türk mənşəlidir. Onu da xatırla­dım ki, dağ, çay adları yaşayış məntəqələ­rindən daha əvvəl yaranıb. Bu isə deməyə əsas verir ki, babalarımız Qərbi Azərbay­can ərazilərində daha erkən dövrlərdə yurd salıblar. 

Şöbənin baş laborantı Nailə Məm­mədova da növbəti tədqiqqatlar üçün zəruri mənbələrin toplanmasının da­vam etdiyini bildirdi: 

–Tarixi yaddaşımızın bərpasına və qo­runaraq gələcək nəsillərə çatdırılmasına hər zaman böyük önəm verən Azərbaycan Prezidenti İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycan İcmasının inzibati binasında yaradılan şəraitlə tanış olarkən deyib: “Qərbi Azərbaycan bizim tarixi tor­pağımızdır, bunu bir çox tarixi sənədlər təsdiqləyir, tarixi xəritələr təsdiqləyir, bizim tariximiz təsdiqləyir. Ancaq əfsuslar olsun ki, ermənilər Qarabağdakı kimi, Qərbi Azərbaycanda da bizim bütün tarixi, dini abidələrimizi yerlə-yeksan ediblər, dağı­dıblar, azərbaycanlıların tarixi irsini silmək istəyiblər, ancaq buna nail ola bilməyiblər”.

Dövlətimizin başçısının çıxışında vur­ğuladığı həmin sənədlərin, xəritələrin sax­lanılması, qorunması, onların əsasında elmi-tədqiqat işləri aparılması bu gün qar­şıda duran prioritet istiqamətlərdən biridir. 

Dəyirmi masada qərara alındı ki, AMEA Tarix İnstitutunda yaradılmış Qərbi Azərbaycan tarixi şöbəsində apa­rılan araşdırma və tədqiqat materialları bundan sonra da davamlı olaraq “Xalq qəzeti”nin oxucularına çatdırılacaq.

 

“Dəyirmi masa”nın materiallarını çapa “Xalq qəzeti”nin əməkdaşları Tahir AYDINOĞLU, Vaqif BAYRAMOV, Elşən AĞALAR (foto) hazırladılar.

QA1.jpg

QAAA2.jpg

Sosial həyat