Planetimizdə yeni dünya düzəni uğrunda mücadilə həlledici mərhələyə daxil olub. Onu hərə bir cür təsəvvür edir. Təhlilçilər ən yaxın illər ərzində dövlətlər arasında siyasi, iqtisadi, hərbi münasibətlərin birqütblü, ikiqüqütblü, yaxud çoxqütblü güc mərkəzləri tərəfindən idarə olunacağı barədə çox sayda ehtimal və fərziyyələr irəli sürürlər.
Dünyada yeni güc və təsir konfiqurasiyaları yaranır. Bizim üçün hansı variant daha əlverişlidir? Yeni dünya düzəni Cənubi Qafqaza nələr vəd edir? Bu taleyüklü suallara dəqiq, aydın cavablar tapılmalıdır. Zaman isə gözləmir. Təbii ki, hamı kimi biz də öz evimizin qibləsini yaxşı bilirik və öz maraqlarımıza uyğun seçim etməli olacağıq.
Görünən budur ki, dünyanın super gücləri arasında artıq “püşk atılıb” və gözlənildiyi kimi, “ağır çəkili” oyunçular hazırda meydandadır. Birləşmiş Ştatlar hələ də fövqəlgüc olduğunu iddia edir. Rəsmi Vaşinqtonun mövqeyi və niyyəti bəllidir: Ağ ev birqütblü dünyanın qorunub saxlanmasını istəyir və özünə rəqib görmək və tanımaq barədə düşünmür.
Amma, necə deyərlər, sən saydığını say, gör fələk nə sayır. ABŞ dünya liderliyi uğrunda sərt marafonda ona çatmağa və hətta ötüb keçməyə çalışan Çinin nəfəsini öz kürəyində hiss etməyə və bundan ciddi narahat olmağa başlayıb. Buna görə də rəsmi Vaşinqton son ilyarımda artıq ikinci dəfə demokratiya sammiti təşkil etməklə, öz dost və tərəfdaşlarını ətrafına yığmağa cəhd edir.
Sirr deyil ki, bu gün planetimizin çox yerində hibrid müharibələr gedir. Həlledici an, sınma nöqtəsi, ilk növbədə, Rusiya–Ukrayna müharibəsinin nəticəsindən asılıdır. Ağır zorakılıqlarla müşayiət olunan bu amansız silahlı qarşıdurmada kim üstün olacaq: kollektiv Qərb, yoxsa Rusiya? Dəqiq cavab vermək çətindir. Rusiya müharibəni udsa belə, bu, sadəcə Pirr qələbəsi olacaq!
Pekinə gücdən, taqətdən düşmüş, lakin hələ də öz ayaqları üzərində duran Rusiya sərf eləyir. Çin hazırda vəziyyətin kritik nöqtəyə çatdığını hiss edir və Rusiyaya “ikinci nəfəs” verməyə cəhd edir. Eyni zamanda Pekin Moskva ilə müqayisədə özünün dominant mövqedə olduğunu aşkar büruzə verməkdən çəkinmir.
Maraqlıdır ki, rəsmi Pekin bu vaxta qədər dünya liderliyi uğrunda mübarizədə iddialarını müəyyən qədər gizlətməyə, pərdələməyə çalışırdı. “Sarı əjdaha” vaxt itirmədən güc toplayırdı. İndi vəziyyət dəyişib və reallığa uyğun adekvat qərarlar qəbul etmək məqamıdır.
Pekin bu illər ərzində bir an belə yaddan çıxarmayıb ki, ABŞ başda olmaqla, Qərb bütün qüvvələrini səfərbər edib onun üzərinə yeriyəcək. Sadəcə, Rusiya Ukraynaya gözlənilmədən hücum etməklə əsas zərbə qüvvəsini öz üzərinə götürdü. Bu, Pekin üçün göydəndüşmə bir şans idi və fürsəti əldən vermədi. Ən azı, diplomatik sahədə Çin irəli çıxmağa başlayıb.
Bəli, rəsmi Pekin Rusiyanın regionda nüfuzunun kəskin azaldığının fərqindədir və yaranmış siyasi vakuumdan maksimum bəhrələnməyə çalışır. Çinin bu günlərdə əldə etdiyi böyük diplomatik uğur da məhz bundan qaynaqlanır.
Belə ki, Rusiyanın patronajlığını itirməkdə olan İran öz yeni himayədarı Pekinin ətəyindən bərk yapışmalı olub. Tehranın seçim imkanları çox tükənib. Başqa əlacı da yoxdur. Hələlik, dünyadakı real güc mərkəzlərindən yalnız Pekinin onun dadına çatacağına ümid edir.
O biri tərəfdən Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salman Qərbin “The Washington post” qəzetinin müxbiri Camal Qaşıqçının Türkiyədə vəhşicəsinə qətlinin ona bağışlamayacağını yaxşı dərk edir. Deyilənlərə görə, məhz bu amil vəliəhdin Çinin İranla barışmaq təklifini qəbul etməsinə səbəb olub.
Lakin İranla Səudiyyənin ulduzlarının tam barışacağını demək çətindir. ABŞ var gücü ilə bu süni izdivacın davam etməsinə mane olmağa çalışacaq. Ağ ev Səudiyyə Ərəbistanını öz tərəfinə çəkməklə Çinin onun bostanına daş atdığını dərk edir və Ər-Riyadın bu dönüklüyünü cavabsız qoymamağa cəhd edir.
Bu arada Pekinin daha bir böyük diplomatik təşəbbüsdə bulunduğu məlum olub. Belə ki, Çin indi iki qatı düşməni – İran və İsraili barışdırmaq fikrinə düşüb. Bu barədə rəsmi məlumatlar, demək olar ki, yoxdur. Bununla bərabər, bugünlərdə Qərb mətbuatı İranla İsrail arasında məxfi danışıqların başlandığına dair sensasiya xarakterli məlumat yayıb.
Bir çox mənbələrdə gizli danışıqların Çinin vasitəçiliyi ilə Honkonq şəhərində keçirildiyi iddia olunur. Əksər politoloqlar Çinin vasitəçiliyilə başlanan İsrail–İran danışıqlarının uğurla başa çatacağına inanmır. Məsələ ondadır ki, İsrail ilə İran arasında gərginlik və düşmənçilik münasibətləri çox dərindir. Bunun üçün İranın uranın zənginləşdirilməsi və atom bombası əldə etmək iddialarından əl çəkməsi tələb olunur. Bu, ağlabatan görünmür.
Bir daha qeyd etməyə dəyər ki, İsrail–İran münasibətlərinin normallaşması Səudiyyə Ərəbistanı–İran münasibətlərinin nizamlanması qədər asan olmayacaq. Bu baxımdan prosesə dair nikbin fikir irəli sürənlərin sayı çox azdır. Görüşün təşəbbüskarı kimi Pekin çıxış etsə də, bu işdə Rusiyanın da maraqları hiss olunur. Təbii ki, rəsmi Moskava da bu barədə susur.
Oxucular haqlı olaraq soruşa bilər: Çinin Yaxın Şərqdə fəallaşması Cənubi Qafqazdakı proseslərə nə dərəcədə təsir göstərə bilər? Daha konkret desək, rəsmi Pekin Qarabağ probleminin həllində kimin tərəfində duracaq?
Çin “Bir kəmər, bir yol” layihəsinin mümkün qədər tez reallaşmasında maraqlıdır və “Zəngəzur dəhlizi”nin açılmasını arzulayır. Azərbaycandan fərqli olaraq Ermənistan bu dəhlizin açılmasına hər vasitə ilə maneə olmağa çalışır. Fikrimcə, bu, bir qədər əvvəl səsləndirdiyimiz suala cavab kimi də qiymətləndirilə bilər.
Bununla bərabər, Azərbaycana Çinin can atdığı ikiqütblü dünya konfiqurasiyası sərf eləmir. Bakı üçün qardaş Türkiyənin güclü olduğu və müstəqil türk dövlətlərinin yer aldığı güc mərkəzində olmaq əlverişlidir. Yalnız bu halda biz özümüzün və dostlarımızın həyati maraqlarını qoruya bilərik. Bir sözlə, “dünya beşdən böyükdür!” və real güc mərkəzlərindən biri məhz Turan olmalıdır.
Zaman hər şeyi sonda öz yerinə qoyacaq. Biz bütün hallarda haqq və ədalətinin dominant olduğu dünyada yaşamaq istəyirik. Ümid edirik ki, məhz belə də olacaq!
Məsaim ABDULLAYEV, “Xalq qəzeti”