Bu il martın 24-də Danimarkada “Patrioterne Gar Live” adı ilə fəaliyyət göstərən qatı radikal dəstənin üzvləri Türkiyənin Kopenhagendəki səfirliyi önündə müsəlman dini əleyhinə plakatlar fonunda müqəddəs “Quran”ın bir nüsxəsini və türk milli bayrağını yandırıblar. Aksiya adıçəkilən qrupun “Facebook” səhifəsi vasitəsilə canlı yayımlanıb.
Bu məlun olay Türkiyə hökuməti və ictimaiyyəti, eləcə də dünyanın bir çox müsəlman ölkələri, o cümlədən Qətər, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirliyi, İordaniya, Mərakeş və Pakistan rəsmiləri, onların milyonlarla əhalisi tərəfindən qətiyyətlə pislənilib.
Qeyd etmək lazımdır ki, son vaxtlar Avroapdakı qatı millətçi qruplar söz və ifadə azadlığı bəhanəsi altında qitədə yaşayan müsəlmanlara qarşı tez-tez zorakılıq aktlarına əl atırlar. Danimarkadakı insident də məhz bu qəbildən olan növbəti məşum olaydır.
Son vaxtlar bir çox müsəlman ölkələri, xüsusilə, Türkiyə “Köhnə qitə”dəki qatı dini və milli radikalların hədəfinə tuş gəlir. Bunun əsas səbəbi isə odur ki, rəsmi Ankara Avropanın bir çox ölkələrdə, xüsusilə İsveçdə terrorçu qruplaşmaların üzvləri və tərəfdarlarının sığınacaq almalarını pisləyən bəyanatlar səsləndirir və buna son qoyulmasını tələb edir.
Bu ilin yanvarında ikili Danimarka–İsveç vətəndaşlığı olan mühafizəkar siyasətçi Rasmus Paludan “Quran”ı iki dəfə, əvvəlcə Stokholmda Türkiyə səfirliyi qarşısında, sonra isə Danimarka şəhərlərinin birində müsəlman məscidi önündə yandırıb. Onun bu bədnam davranışı haqlı olaraq müsəlman dünyasında qəzəb və hiddət doğurub.
Türkiyə hökuməti, öz növbəsində, bir daha Danimarkada müqəddəs Qurana və türk bayrağına qarşı növbəti xain hücumları qətiyyətlə pisləyib. Qardaş ölkə XİN-in dünən yaydığı bəyanatda qeyd olunur ki, Kopenhagendə Qurana və türk bayrağına növbəti dəfə heç bir əndazəyə sığmayan dini dözümsüzlük və hörmətsizlik nümayiş etdirilib ki, bu da yolverilməzdir.
Yeri gəlmişkən, bu məsələ ilə əlaqədar Danimarkanın Ankaradakı səfiri Denni Annan Türkiyə XİN-ə çağırılıb və onun nəzərinə çatdırılıb ki, Ankara və ölkə ictimaiyyəti bu qanuna və mənəviyyata zidd aktı qətiyyətlə pisləyir və buna kəskin etiraz edir.
Bəyanatda, həmçinin qeyd olunur ki, Danimarka hakimiyyəti ən qısa müddət ərzində sözügedən cinayəti törədənlərə qarşı ciddi tədbirlər görməli və bununla da yeni təxribatların təkrar olunmasının qarşısı alınmalıdır.
Türkiyə XİN-in bəyanatında deyilir: “Söz və ifadə azadlığı” devizi altında belə mənfur hərəkətlərə əl atmaq heç bir ölkəyə hörmət gətirmir. Yalnız özbaşınalıq və cəzasızlıq şəraitində bu cür təxribatlar üçün “münbit şərait” yaranır. Görünən budur ki, Danimarkada belə antihumanist aktlarla mübarizədə siyasi iradə nümayiş etdirilmir, təxribatçılar adekvat hüquqi və inzabati tədbirlərlə cəzalandırılmırlar.
Sənəddə sonra vurğulanır ki, “qitədə islamofobiya, ksenofobiya, milli ayrı-seçkilik və rasizm geniş yayılaraq güclənmir. Belə hadisələr dünyada tolerantlığa, sivil birgəyayış normalarına və demokratik dəyərlərə ciddi zərbə vurur”.
Türkiyənin Müdafiə naziri Hulusi Akar da Danimarkada Qurana və türk bayrağına qarşı törədilən təxribatı kəskin pisləyib. Bu il fevralın 6-da dəhşətli zəlzələdən ən çox ziyan çəkən bölgələrdən biri olan Hataya Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisi Yaşar Gülən ilə birgə səfər edən nazir həmin hadisə ilə bağlı mövqeyini belə açıqlayıb:
“Hesab edirəm ki, yalnız qəlbləri çılğın qəzəb və nifrət içində olanlar, adi insani hissləri unudanlar belə vəhşiliyə əl ata bilərlər. Radikal və dini dözümsüzlüyə göz yuman rəsmilər isə cinayətkarların ortaq yoldaşları hesab olunmalıdır. Onlar belə hallara biganə qalmaqla, faktiki olaraq təxribatçıları yeni ağır cinayətlərə sövq edirlər və bununla da islamofobiyaya rəvac verirlər”.
Hulusi Akar sonda vurğulayıb ki, Avropada dini radikalların müsəlmanlara qarşı düşmənçilik və barbar düşüncəsi qitədə sivil və demokratik dəyərlərin aşınmasına və dağılmasına səbəb olur. Avropa bu barədə düşünməli və düzgün qərar qəbul etməlidir.
M.HACIXANLI, “Xalq qəzeti”