“Xalq qəzeti”nə cavab verirlər

post-img

Hər gün paytaxtdan və bölgələrdən redaksiyamıza məktublar gəlir. Vətəndaşlar narazı qaldıqları məsələlərlə bağlı müraciətlər edir, problemlərinin həllinə çarə arayırlar. Aldığımız məktubların bəziləri təhqiqata göndərilir, bəziləri isə qəzetdə dərc olunur. Tənqidi yazılara aidiyyəti orqanlardan aldığımız cavablar şikayətlərə diqqətlə yanaşıldığını, “Xalq qəzeti”nin məhz xalqın tribunası olduğunu göstərir... 

“Mədəniyyət evi siyahıya salınıb”

Şəmkir rayonunun Kür qəsəbəsin­dəki Mədəniyyət evinin ciddi təmirə eh­tiyacı olması ilə bağlı qəzetimizdə veril­miş tənqidi məqaləni iki ünvana– Şəmkir Rayon İcra Hakimiyyətinə və Mədəniyyət Nazirliyinə göndərmişdik. Fevralın 1-də göndərdiyimiz məktubla bağlı Mədə­niyyət Nazirliyi cavab göndərib. Aparat rəhbəri Xanlar Ağalarov bildirir ki, na­zirliyin strukturuna daxil olan regional mədəniyyət idarələrinin yenidən təşkili, mədəniyyət müəssisələrinin təkmilləş­dirilməsi və səmərəliliyinin artırılması məqsədilə kompleks islahatlar aparılır. 2023–2026-cı illər ərzində tikintisi nəzər­də tutulmuş layihələrin siyahısında Kür qəsəbə Mədəniyyət evinin əsaslı təmiri də nəzərdə tutulub. Şəmkir Rayon İcra Hakimiyyətinin indiyədək susqunluğunu isə başa düşə bilmirik.

Ümid qalıb fiziki və hüquqi şəxslərə...

Qəzetin 23 fevral 2023-cü il tarixli nömrəsində dərc edilmiş “Lerik camaatının avtobus dərdi” sərlövhəli replikada rayonun kəndlərinə getmək üçün marşrut olmadığından bəhs edilirdi. Məsələyə münasibət bildirmək və tədbir görülmək üçün məqaləni rayon icra hakimiyyətinə göndərmişdik. 

Lerik Rayon İcra Hakimiyyətinin baş­çısı Əkbər Abbasovdan aldığımız cavab­da bildirilir ki, 2011-ci ildən kənddaxili yolların 20 km-dən çox hissəsinə büdcə vəsaiti hesablna asfalt döşənib. Daxili imkanlar hesabına kəndarası avtomobil yollarıında təmir işləri aparılıb və hər növ maşınların hərəkətinə şərait yaradılıb. Bakı və Sumqayıta 100-dən çox mikroav­tobus sərnişin daşısa da, kəndlərə marşrut avtobusları işləmir. Bununla bağlı ra­yonda yaşayan sahibkarlara marşrut xətti açmaları üçün avtobuslar alınması təklif edilsə də, RİH-nə müraciət edən olma­yıb. Sahibkarlardan müraciət daxil olsa, qanuna müfafiq kömək göstəriləcək. 

Şirkətə müraciət edilib

Bakı Şəhər Ticarət və Xidmət Depar­tamentinin sektor müdiri Mübariz Atayev istehlakçıların haqlı şikayətlərinə cavab verib. Bildirib ki, Xırdalan şəhərindəki “Bazarstore” marketdə saxlama kamera­larının kilidlənməməsi ilə bağlı “Azərsun Holdinq”in rəhbərliyinə müraciət edilib. Yaxın günlərdə qüsur aradan qaldırıla­caq.

“Xalq qəzeti”

Sosial həyat