Heydər Əliyev Azərbaycan dövlətinin banisidir

post-img

Ağsuda “Heydər Əliyev ili” çərçivəsində tədbir keçirilib

 

 

“Heydər Əliyev İli” ilə əlaqədar Yeni Azərbaycan Partiyasının Mərkəzi Aparatı tərəfindən hazırlanan və İdarə Heyətinin qərarı ilə təsdiq edilən Tədbirlər Planı çərçivəsində Ulu Öndərin zəngin dövlətçilik irsinin öyrənilməsi və yeni nəslə aşılanması məqsədilə martın 30-da YAP Ağsu rayon təşkilatı tərəfindən tədbir keçirilib.

Əvvəlcə ümummilli lider, müasir müstəqil Azərbaycan dövlətinin banisi, Yeni Azərbaycan Partiyasının qurucusu Heydər Əliyevin abidəsi ziyarət edilib, abidənin önünə gül dəstələri düzülüb.

Tədbirdə Dövlət Himni səsləndirilib. 

Ulu öndər Heydər Əliyevin və torpaqlarımızın işğaldan azad edilməsi uğrunda canlarını qurban vermiş şəhidlərimizin, eləcə də qardaş Türkiyədə təbii fəlakət nəticəsində həlak olanların əziz xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Daha sonra ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətindən bəhs edən videoçarx nümayiş olunub.

Tədbiri giriş sözü ilə açan YAP Ağsu rayon təşkilatının sədri Füzuli Abdullayev bildirib ki, Azərbaycanın dövlətçilik tarixinin çox mühüm mərhələsi dünya şöhrətli siyasətçi, böyük dövlət xadimi Heydər Əliyevin adı ilə bağlıdır: “Ulu Öndər öz mənalı və zəngin ömrünü bütövlükdə millətinə, xalqına, vətəninə və dövlətinə həsr etmiş, müqəddəs amallar uğrunda müstəsna fəaliyyət göstərmişdir. Məhz Ulu Öndərin gərgin əməyi və qətiyyətli siyasəti sayəsində yeni, müasir Azərbaycan dövləti qurulmuş, ölkəmiz dünya məkanında öz layiqli yerini tutmuşdur. Dahi şəxsiyyətin Azərbaycana rəhbərlik etdiyi dövr çoxəsrlik dövlətçilik tariximizin ən şanlı səhifələrindəndir”. 

O qeyd edib ki, Heydər Əliyevin əsasını qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham Əliyev Azərbaycanın tərəqqisini təmin edib, torpaqlarımız işğaldan azad olunub və ölkəmiz möhtəşəm nailiyyətlərə imza atmaqdadır.

Tədbirdə çıxış edən Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Rövşən Bağırov bildirib ki, müasir müstəqil Azərbaycanın memarı, ümummilli lider Heydər Əliyev tarix yaradan əvəzolunmaz şəxsiyyətdir. Görkəmli dövlət xadimi, dünya miqyaslı siyasətçi, Azərbaycan dövlətçiliyini bütün təhlükələrdən qoruyan və inkişaf etdirən qüdrətli şəxsiyyət Heydər Əliyevin müstəsna fəaliyyəti müasir tariximizin şərəfli mərhələsini təşkil edir. O qeyd edib ki, bu gün Azərbaycan dinamik inkişaf edən, beynəlxalq müstəvidə layiqli yer tutan, müstəqil siyasət yürüdən bir dövlətdir. Məhz Heydər Əliyevin ideyaları əsasında ölkəmizin maraqları naminə praqmatik siyasət həyata keçirən Prezident İlham Əliyevin fəaliyyəti nəticəsində Azərbaycan Zəfər zirvəsinə yüksəlmişdir. Bu, bir daha əyani olaraq sübut edir ki, dahi Liderin ideyaları bənzərsizdir və gələcək üçün Azərbaycanın işıqlı yol xəritəsini müəyyən etmişdir. 

YAP İdarə Heyətinin üzvü Tofiq Cahangirov vurğulayıb ki, Ulu Öndərin uzaqgörən, müdrik siyasəti nəticəsində müstəqil Azərbaycan tərəqqi yolunda inamla irəliləyir. Azərbaycanın müsbət beynəlxalq imici yaranıb, ölkəmiz dünyanın siyasi arenasının fəal subyektlərindən birinə çevrilib. Ulu Öndər xalqımızın xilaskarı, müasir müstəqil Azərbaycan dövlətinin banisi olaraq adını tarixə qızıl hərflərlə yazdırdı.     

Xalq artisti, Prezident təqaüdçüsü, şəhid atası Əli Nuruzadə qeyd edib ki, Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrdə dövlət müstəqilliyimizin möhkəm təməli qoyuldu, milli ruh, azərbaycançılıq məfkurəsi yüksəlməyə başladı. 

Tədbirdə Ağsu rayon Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə, Ağsu rayon Ağsaqqallar şurasının sədri Seyfəddin Abdullayev, Ağsu şəhər 4 saylı tam orta məktəbin direktoru Günay İnayətova çıxış edərək Ulu Öndərin misilsiz xidmətlərindən bəhs ediblər. 

Tədbirin sonunda rayonun ictimai-siyasi həyatında fəal iştirak edən partiya üzvlərinə fəxri fərmanlar, partiya sıralarına yeni qoşulmuş gənclərə isə üzvlük vəsiqələri təqdim edilib.

Tədbir-2.jpg

Sosial həyat