Şamaxı Akademiyası

post-img

XVII əsrin məşhur türk alimi və səyyahı Övliya Çələbinin “Səyahətnamə”sindən məlum olur ki, hicri 1050-ci ildə (1640–1641) Şamaxıda 40 ibtidai məktəb və 7 mədrəsə olmuşdur. Çələbi bu məlumatı Avropa səfərindən qayıdarkən Şamaxıda olduğu vaxt öyrənmişdir. 

1636-cı ilin axırları – 1637-ci ilin əv­vəllərində Azərbaycanda olmuş alman alimi və səyyahı Adam Olearinin (Ole­aryus) “Səyahətnamə”sində də Şamaxı­nın məktəb təhsilindən bəhs edilir. 1727-ci ildə Amsterdamda fransız dilində nəşr edilmiş həmin “Səyahətnamə”də müəllif Şamaxıda gördüyü bir mədrəsədən söh­bət açmışdır. Burada oxuyuruq: “Fevra­lın 5-də bazarın yanında yerləşən böyük bir saraya daxil olduq. Bina gözəl, kol­leclər kimi bir çox qalereyadan və otaq­dan ibarət idi. Biz orada orta yaşlı xeyli adam gördük. Onların bəziləri əlində ki­tab gəzirdi, qalanları isə oturmuşdu. Öy­rəndik ki, mədrəsə adlandırılan bu bina məktəb və ya kollecdir”.

Məlumdur ki, keçmişdə ibtidai mək­təb və mədrəsələr, adətən, məscidlərdə yerləşərdi. Elm ocaqları və yüksək tipli mədrəsədlər üçün xüsusi binalar tikilər­di. “Səyahətnamə”də göstərilən təhsil ocağının bir çox qalereyası və otağı olan müstəqil binada yerləşməsi, müdavimlə­rin əsasən orta yaşlılardan ibarət olması onun yüksək tipli mədrəsə və ya Adam Olearinin ifadəsi ilə desək, “Akademiya” olduğunu bildirir. Bu haqda o, belə ya­zır: “Onların (azərbaycanlıların – Ə.Y.) elmləri və incəsənəti öyrətmək üçün mədrəsə adlandırdıqları kollec və aka­demiyaları var. Orada tədris ilə məşğul olanları müdərris adlandırırlar”. 

Məşhur şərqşünas Fransua Bernal Şarmua bu tip mədrəsələrin müdər­rislərini professora, müdavimlərini isə aspiranta və elmlər namizədinə müva­fiq hesab etmişdir. Çox maraqlıdır ki, A.Oleari həmin təhsil müəssisəsində kütləvi mühazirələr oxunduğunu gör­müşdür. O, burada tədris olunan riya­ziyyat, astrologiya və sair elmlər üzrə tələbə və müəllimlərin ümumi bilik sə­viyyəsini yoxlamaq üçün onlarla xeyli söhbət etmişdir. 1637-ci il fevralın 5-də baş çəkdiyi təhsil ocağına ertəsi gün A.Oleari bir “gözəl qlobus” aparmışdır. 

“Səyahətnamə”dəki qeydlər göstərir ki, təhsil dairələrini maraqlandıran əsas bilik sahələri əxlaq, poeziya, hesab, həndəsə, fizika, astronomiya, astrologi­ya, təbabət, fiqh və fəlsəfə olmuşdur. A.Oleari Şamaxının məhəllə məscidlə­rində yerləşən məktəblərlə də tanış ol­duğunu bildirir. Onun bu barədə qeydləri məktəb təhsili tariximizin öyrənilməsi baxımından çox qiymətlidir. 

Göstərdiyimiz faktlar hələ XVII əsrdə Şamaxıda elm və təhsilin yaxşı inkişaf etməsi barədə təsəvvür yaradır. Təsa­düfi deyil ki, “Səyahətnamə”də Şamaxı mədrəsələri kollec və akademiyası ilə bərabər sayılan şəhərlər sırasına daxil edilmişdi. Fikrimizcə, A.Olearinin Şa­maxıda gördüyü xüsusi sarayda yer­ləşmiş mədrəsə vaxtilə akademiya tipli emi-pedaqoji bir mərkəz olmuşdur.

 

Əsəd Rza YƏQUBİ,
professor

Sosial həyat