Ulu öndər və Naxçıvanın musiqi mədəniyyəti

post-img

Azərbaycanın qədim və zəngin tarixə, mədəniyyətə və çoxəsirlik dövlətçilik ənənələrinə malik olan Naxçıvan diyarı mürəkkəb və çətin inkişaf yolu keçmişdir. Orta əsrlərdə Şərqin iri elm, mədəniyyət, ticarət və sənətkarlıq mərkəzlərindən biri kimi şöhrət qazanmış Naxçıvan dünya sivilizasiyasına dəyərli töhfələr vermişdir. Naxçıvanlıların öz fədakarlığı, işgüzarlığı hesabına Naxçıvan yaşayır, inkişaf edir, Naxçı­vanda quruculuq işləri gedir.

Heydər ƏLİYEV,
Ümummilli lider

Naxçıvan Azərbaycanın qədim, maddi və mənəvi dəyərləri ilə zəngin olan ərazilərindəndir. Bu qədim yurd yeri Azərbaycan tarixinə millilik və ululuq simvolu kimi daxil olmuşdur. Naxçıvan yaranışı günündən mədəniyyət, sənət, ədəbiyyat beşiyi olub və dünya mədəniyyətinə onlarca qüdrətli sənətkar bəxş edib. 

Naxçıvan tarixinin möh­təşəm sütunlarından biri də Naxçıvan musiqi mədəniyyəti tarixidir. Bu musiqi mədəniy­yəti Naxçıvanın özünün tarixi qədər qədimdir. Bu qədim di­yarın mədəniyyəti, eləcə də onun bir qolu olan musiqi mə­dəniyyəti heç bir dövrdə ictimai inkişafdan geri qalmamış, Azər­baycanın yüksək inkişaf etmiş mədəniyyət mərkəzlərindən birinə çevrilmişdir. Naxçıvan di­yarında ta qədimdən həm xalq musiqisi, həm də klassik musiqi yanaşı şəkildə yayılmışdır. Mu­siqi mədəniyyətinin inkişafında xalq mahnı və rəqslərinin, aşıq və muğam sənətinin mühüm rolu olmuşdur. 

XX əsrin 30-cu illərində Naxçıvanda professional bəstə­karlıq sənəti sürətlə inkişaf etməyə başlayır. 1937-ci ildə dahi bəstəkar Üzeyir Hacıbəy­linin Naxçıvana gəlişi, 1942-ci ildə bu diyarda Tofiq Quliyevin rəhbərlik etdiyi caz orkestrinin fəaliyyət göstərməsi, 1959-cu ildə Naxçıvan Dövlət konsert briqadasının yaranması, mütə­madi olaraq zəmanəmizin məş­hur dirijoru Niyazinin, görkəmli müğənnilərdən Bülbülün, Rəşid Behbudovun, Lütfiyar İmano­vun və başqa musiqiçilərin qə­dim şəhərlə yaradıcılıq əlaqələ­ri istər bəstəkarlıq, istərsə də ifaçılıq sənətinin yüksəlməsinə təsir göstərməyə bilməzdi.

Musiqi mədəniyyətinin digər əsas inkişaf mərhələsi musiqi təhsili və peşəkar musiqi kol­lektivlərinin yaranması ilə bağlı olmuşdur. Bütün bunların bariz nümunəsi kimi, zəmanəmizin böyük siyasi xadimi, ümum­milli liderimiz Heydər Əliyevin 1999-cu ildə Naxçıvan Muxtar Respublilasının yaranmasının 75 illiyi münasibətilə keçirilən təntənəli gecədə naxçıvanlı sənətçilərinin istedadına, ba­carığına yüksək qiymət verərək dediyi sözləri xatırlatmaq yerinə düşərdi: “Naxçıvanda mədəniy­yət xeyli inkişaf edib, tərəqqi yo­luna çıxıb. Bu torpağın istedadlı gəncləri çoxdur. Onlar milli mə­dəniyyəti və milli ruhu gözəl qo­ruyurlar”. 

Bildiyimiz kimi, ümummil­li liderimiz Heydər Əliyevin respublikaya rəhbərlik etdiyi dövrdə başqa sənət sahələri ilə yanaşı, Azərbaycan bəstəkarlıq məktəbinin və musiqişünaslığı­nın inkişafına böyük diqqət və qayğı göstərmişdir. Ulu öndər Bəstəkarlar İttifaqının və onun üzvlərinin yaradıcılıq fəaliyyəti ilə daim maraqlanmış, onların uğurlarına və nailiyyətlərinə yüksək qiymət vermişdir. Elə­cə də, Azərbaycan Bəstəkarlar İttifaqının inkişafını, bölgələrdə onun təşkilatlarının yaradılma­sına yüksək qayğı göstərmişdir.

Naxçıvan Muxtar Respub­likası Bəstəkarlar Təşkilatı da ulu öndərimiz Heydər Əliyevin təşəbbüsü və qayğısı ilə yara­dılan yaradıcılıq qurumların­dandır. Ümumiyyətlə, muxtar respublikada musiqi sənətinin inkişafının son 45 ili Heydər Əli­yevin adı ilə bağlıdır. Məhz ulu öndərin sayəsində 1978-ci ildə Azərbaycan Bəstəkarlar İttifaqı­nın Naxçıvan Təşkilatı yaradıl­mışdır. Hələ 1976-cı ildə ulu öndərimizin tapşırığı ilə Naxçı­vanda Bəstəkarlar Təşkilatının yaranması ilə əlaqədar SSRİ Xalq artisti, Azərbaycan Bəstə­karlar İttifaqının katibi Rauf Hacıyev Naxçıvanda olmuş və burada Naxçıvan bəstəkarları­nın əsərlərindən ibarət konsert­də iştirak etmişdir. Konsertdə hər bir bəstəkarın yaradıcılığı haqqında söhbət getmiş və əsərləri səslənmişdir. 

Konsertin bədii rəhbəri Na­zim Quliyev, dirijoru Arif Məhər­rəmov olmuşdur. Bu konser­tin ərsəyə gəlməsində əsas məqsəd Naxçıvanda bəstəkar­lıq sənətinin də inkişaf etdiyini respubika rəhbərliyinə çatdır­maq və bu bölgədə Bəstəkar­lar İttifaqının bölməsinin ya­radılmasının zəruri olduğunu göstərmək idi. 

On səkkiz musiqi nömrəsin­dən ibarət böyük konsertdən sonra Rauf Hacıyev bəstəkar­larla görüşdə hər bir əsəri geniş təhlil etmiş, bəziləri haqqında müsbət fikirlər söyləmiş, gənc­lərdən bir neçəsinə Azərbay­can Dövlət Konservatoriyasının bəstəkarlıq şöbəsində təhsillə­rini davam etdirməyi məsləhət görmüşdür. Beləliklə, 1978-ci ilin sentyabr ayında ulu öndə­rimizin göstərişi ilə Naxçıvanda Azərbaycan Bəstəkarlar İttifaqı­nın Naxçıvan Təşkilatı yaradıl­dı. Görkəmli bəstəkar, Əmək­dar incəsənət xadimi Ramiz Mirişli təşkilatın sədri, Məmməd Ələkbərov isə məsul katib təyin olundular. Bəstəkar Ramiz Mi­rişli təqribən 20 il bu təşkilata rəhbərlik etdi.

Onu da qeyd edək ki, 1978-ci il Naxçıvan bəstəkarlıq sənə­tinin inkişafında məhsuldar il­lərdən birinə çevrildi. Naxçıvan Bəstəkarlar Təşkilatının yara­dılmasından sonra yeni-yeni əsərlər ərsəyə gəldi. Məmməd Ələkbərovun, Rəşid Məmmə­dovun, Məmməd Məmmədo­vun, Əkrəm Məmmədovun, Səidə Məmmədovanın, Elxan Muradovun, Azər Abbaso­vun, Ramiz Mirişlinin, Nəriman Məmmədovun yaradıcılıqları­nın çiçəklənməsi məhz bu döv­rə təsadüf edir. 

1998-ci ildən 2000-ci ilə qədər bölməyə bəstəkar Na­zim Quliyev rəhbərlik etmişdir. Qeyd edək ki, 1994-cü ildə Azərbaycan Bəstəkarlar İttifaqı­nın Naxçıvan Təşkilatına məsul katib təyin olunan Nazim Quli­yevin bu qurumun fəaliyyətində xidmətləri danılmazdır. 2000-ci ildə isə Nazim Quliyevin Bakıya köçməsi ilə əlaqədar Naxçıvan təşkilatının rəhbərliyi Şəmsəd­din Qasımova həvalə edilmiş­dir. 2016-cı ilə qədər təşkilatın sədri Ş.Qasımov, məsul katibi K.Əhmədov olmuşdur. 2016-cı ildən isə bu vəzifədə bəstəkar Yaşar Xəlilov işləyir.

Naxçıvan Bəstəkarlar Təş­kilatı uzun illərdir ki, müntəzəm olaraq muxtar respublikanın ic­timai-mədəni həyatında yaxın­dan iştirak edir, musiqi mədə­niyyətimizin zənginləşməsi və inkişafı yolunda geniş fəaliyyət göstərir. Təşkilatın məqsədi xalqın mənəvi zənginləşməsinə xidmət göstərən Azərbaycan musiqi mədəniyyətini inkişaf et­dirməkdən, musiqi irsinin qey­dinə qalmaqdan, Azərbaycan bəstəkarlarının əsərlərini ölkə­mizdə və onun hüdudlarından kənarda təbliğ etməkdən ibarət­dir. Bunun üçün təşkilat öz fəa­liyyətində Azərbaycanın və elə­cə də Naxçıvan diyarının musiqi sənətinin yaradıcılıq çoxcəhətli­liyini, milli musiqi klassikasının və dünya musiqi mədəniyyə­tinin ən yaxşı ənənələrinin qo­runub saxlanması və yeniləş­dirilməsi prinsiplərini əsas kimi qəbul etmişdir. Bu məqsədlə təşkilat üzvləri ayrı-ayrılıqda öz öhdələrinə düşən vəzifələri də­rindən dərk edərək musiqi mə­dəniyyətimizin inkişafı naminə öz yaradıcılıq potensiallarını daha da artırırlar.

Təşkilatda tez-tez konfrans­lar, hesabat konsertləri keçiri­lir. Bu tədbirlərdə Azərbaycan Bəstəkarlar İttifaqının sədr və üzvləri də iştirak edir, konsertdə ifa olunan əsərlərin müzakirəsi­ni keçirir, məsləhət və təklifləri­ni, tövsiyələrini söyləyirlər.

2008-ci il iyul ayının 29-da isə Naxçıvan Bəstəkarlar Təş­kilatının 30 illik yubileyi təntənə ilə qeyd olunmuşdur. Bu möh­təşəm tədbirdə iştirak etmək üçün Azərbaycan Bəstəkarlar İttifaqının sədri, Azərbaysan Respublikasının Xalq artisti, professor, “Şərəf” və “Şöhrət” ordenli, UNESCO-nun “Dün­yanın artisti” fəxri adına layiq görülmüş Firəngiz xanım Əli­zadə, Azərbaycan Bəstəkar­lar İttifaqının katibi, professor Ramiz Zöhrabov, Azərbaycan Bəstəkarlar İttifaqının məsul katibi Lalə xanım Hüseynova, Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, ki­no-rejissor Cahangir Zeynallı da dəvət olunmuşdular.

Azərbaycan Bəstəkarlar İt­tifaqının sədri Firəngiz xanım Əlizadə yubiley münasibətilə musiqiçiləri təbrik etmiş, eyni zamanda, Naxçıvanda gedən böyük quruculuq işlərindən da­nışaraq demişdir: “Bizim Azər­baycanın bir çox bölgələrində təşkilatlarımız fəaliyyət göstərir. Lakin Naxçıvan təşkilatı ən fəal, öndə gedən qurumlarımızdan­dır. Biz həmişə Naxçıvan mu­siqiçilərini çox böyük məhəb­bətlə qarşılamışıq və onların əsərlərinə, musiqişünaslarının isə yazdıqları kitablara böyük diqqət yetirmişik”. 

Yubiley münasibətilə mənim “Naxçıvan Muxtar Respublika­sı Bəstəkarlar Təşkilatının 30 ildə keçdiyi yaradıcılıq yolu” adlı monoqrafiyam da işıq üzü görmüşdür. Burada Naxçıvan MR-da musiqi mühitinin təşək­külündə, formalaşmasında, inkişafında, təkmilləşməsində böyük rol oynayan təşkilatın 30 ildə keçdiyi yola nəzər salınmış, ayrı-ayrı professional musiqi­çilərin yaradıcılıq fəaliyyətləri işıqlandırılmışdır. 

Artıq təşkilatın yaranma­sından 45 il ötür. Bu gün də Naxçıvan Bəstəkarlar Təşkilatı böyük qayğı ilə əhatə olunur, bəstəkar və musiqişünasların yaradıcılığının inkişafına lazı­mi şərait yaradılır. Ümummilli liderimiz Heydər Əliyev tərə­findən əsası qoyulan bu qayğı və diqqətin nəticəsidir ki, tarixi baxımdan şərəfli bir yol keçmiş Naxçıvan Muxtar Respublikası­nın Bəstəkarlar Təşkilatı və on­ların üzvləri öz üzərlərinə düşən vəzifələri layiqincə yerinə yetirir və musiqi mədəniyyətimizin in­kişafı naminə qüvvələrini əsir­gəməyərək Azərbaycan mu­siqisini zənginləşdirir, xalqımıza yeni-yeni töhfələr bəxş edirlər. 

 

Jalə QULAMOVA,
Azərbaycan Milli Konservatoriyasının dosenti, sənətşünaslıq üzrə fəlsəfə doktoru

 

Sosial həyat