Ramazanda necə qidalanaq?

post-img

On bir ayın sultanı Ramazan inanclı insanlar üçün özəl bir aydır. Oruc tutmağın insan sağlamlığına faydaları çoxdur. Bununla belə, Ra­mazanda düzgün qidalanma qaydala­rına xüsusi diqqət yetirmək lazımdır. Qida rasionu elə tərtib edilməlidir ki, imsakdan iftara qədər aclıq və susuzluq hissi narahatlıq yaratmasın. Xüsusilə imsakda mümkün qədər tər­kibində maye olan yeməklərin qəbulu artırılmalıdır. 

Terapevt Aygün Kərimova Ramazan ayında düzgün qidalanma haqqında məlumat verib.

İmsakda

Səhər, yəni imsakda qızardılmış, ədviyyatlı, duzlu yeməklərdən uzaq olmaq, kəpəkli çörək yemək vacibdir, çünki kəpəkli çörək ağ çörəyə nis­bətən 4 dəfə gec həzm olunur. 

Yaxşı olar ki, suda qaynadılmış yumurtaya üstünlük verilsin, çünki onun tərkibindəki zülal orqanizmin enerji balansını qoruyur. Suda qaynadılmış ət də bu yöndən faydalıdır. Bundan başqa 3–4 ədəd xurma yemək yaxşıdı. 

Kəpəkli undan hazırlanmış maka­ron, yerli düyü, duzsuz pendir, qaymaq, xama yemək də faydalıdır. Süddə bişmiş yulaf və ya firni insanı uzun müddət tox saxlayır. Bol su qəbul edilməli, orqa­nizmdə köp olmaması üçün razyana və çobanyastığı əlavə edilmiş çay içilməli­dir. Limon və ya məkkəgülü ilə dəmlən­miş çay da susuzluğun qarşısını almaq üçün yaxşı vasitədir.

A.Kərimova oruc tutanlar üçün xoşagələn bir içki resepti təqdim edib: Bir xörək qaşığı məkkəgülü çiçəkləri 3 stəkan suya tökülür. Üzərinə 2 çubuq darçın, 2 ədəd doğranmış alma, 2 xörək qaşığı bal və ya şəkər tozu əlavə edilib zəif odun üzərində 5 dəqiqə qaynadılır. 

İftarda

İftarda mədəni çox yükləmək olmaz və yeməkdən sonra mütləq şəkildə, ən azı, 1 saat yüngül idman hərəkətləri etmək və gəzintiyə çıxmaq lazımdır.

İftar zamanı qida qəbulu 2 hissəyə bölünməlidir. Mədəni bir dəfəyə çox yük­ləmək olmaz. İftarı su ilə açmaq, sonra sulu yeməklərə üstünlük vermək lazımdır. Çalışmaq lazımdır ki, süfrədə mövsümi tərəvəzlər, həmçinin qatıq, ayran, salat, göyərti bol olsun. Mədəsində turşuluğu çox olanlar qatığı kefirlə əvəzləsin. 

Sonra enerjili, bir qədər ağır, yağlı yeməklər qəbul etmək olar, amma, yenə də ağ çörəkdən istifadə etmək olmaz. Lifli yeməklər, meyvələr və quru mey­vələr yaxşıdır. Yeməkdən sonra köpün, qəbizliyin və sancıların qarşısını almaq üçün yaşıl çay, nanə, zəncəfil, adaçayı, darçın, hil, cirə, mixək kimi bitkiləri tək-tək və ya qarışıq halda dəmləyib içmək məsləhətdir. Suyu isə əsas yeməkdən sonra, yatana qədər hər 1 saat fasilə ilə içmək lazımdır. 

 

Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”

Sosial həyat