Bakıda Boks Mərkəzində yeniyetmə dəri əlcək ustaları arasında ümummilli lider Heydər Əliyevin 100 illiyinə həsr olunan beynəlxalq turnir start götürüb.
Azərbaycan Boks Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, yarış 5 gün davam edəcək.
Turnirdə Azərbaycan yığması ilə yanaşı, Rusiya, Özbəkistan, Qazaxıstan, Gürcüstan, Tacikistan, Qırğızıstan, Bosniya və Herseqovina, Belarus, İsrail və Moldova boksçuları da mübarizə aparırlar. Komandamızın baş məşqçisi Vaqif Kazımov turnirdə 40 idmançını sınaqdan keçirəcək. Ümumilikdə isə mükafatlar uğrunda 100-dən artıq boksçu gücünü sınayır.
Döyüşlər hər gün saat 16:00-da başlayır.
Qeyd edək ki, yarışın baş hakimi Emil Qurbanəliyevdir.
Elçin AĞAMİRZƏ, “Xalq qəzeti”