On bir ayın sultanı Ramazan inanclı insanlar üçün özəl bir aydır. Oruc tutmağın insan sağlamlığına faydaları çoxdur. Bununla belə, Ramazanda düzgün qidalanma qaydalarına xüsusi diqqət yetirmək lazımdır. Qida rasionu elə tərtib edilməlidir ki, imsakdan iftara qədər aclıq və susuzluq hissi narahatlıq yaratmasın. Xüsusilə imsakda mümkün qədər tərkibində maye olan yeməklərin qəbulu artırılmalıdır.
Terapevt Aygün Kərimova Ramazan ayında düzgün qidalanma haqqında məlumat verib.
İmsakda
Səhər, yəni imsakda qızardılmış, ədviyyatlı, duzlu yeməklərdən uzaq olmaq, kəpəkli çörək yemək vacibdir, çünki kəpəkli çörək ağ çörəyə nisbətən 4 dəfə gec həzm olunur.
Yaxşı olar ki, suda qaynadılmış yumurtaya üstünlük verilsin, çünki onun tərkibindəki zülal orqanizmin enerji balansını qoruyur. Suda qaynadılmış ət də bu yöndən faydalıdır. Bundan başqa 3–4 ədəd xurma yemək yaxşıdı.
Kəpəkli undan hazırlanmış makaron, yerli düyü, duzsuz pendir, qaymaq, xama yemək də faydalıdır. Süddə bişmiş yulaf və ya firni insanı uzun müddət tox saxlayır. Bol su qəbul edilməli, orqanizmdə köp olmaması üçün razyana və çobanyastığı əlavə edilmiş çay içilməlidir. Limon və ya məkkəgülü ilə dəmlənmiş çay da susuzluğun qarşısını almaq üçün yaxşı vasitədir.
A.Kərimova oruc tutanlar üçün xoşagələn bir içki resepti təqdim edib: Bir xörək qaşığı məkkəgülü çiçəkləri 3 stəkan suya tökülür. Üzərinə 2 çubuq darçın, 2 ədəd doğranmış alma, 2 xörək qaşığı bal və ya şəkər tozu əlavə edilib zəif odun üzərində 5 dəqiqə qaynadılır.
İftarda
İftarda mədəni çox yükləmək olmaz və yeməkdən sonra mütləq şəkildə, ən azı, 1 saat yüngül idman hərəkətləri etmək və gəzintiyə çıxmaq lazımdır.
İftar zamanı qida qəbulu 2 hissəyə bölünməlidir. Mədəni bir dəfəyə çox yükləmək olmaz. İftarı su ilə açmaq, sonra sulu yeməklərə üstünlük vermək lazımdır. Çalışmaq lazımdır ki, süfrədə mövsümi tərəvəzlər, həmçinin qatıq, ayran, salat, göyərti bol olsun. Mədəsində turşuluğu çox olanlar qatığı kefirlə əvəzləsin.
Sonra enerjili, bir qədər ağır, yağlı yeməklər qəbul etmək olar, amma, yenə də ağ çörəkdən istifadə etmək olmaz. Lifli yeməklər, meyvələr və quru meyvələr yaxşıdır. Yeməkdən sonra köpün, qəbizliyin və sancıların qarşısını almaq üçün yaşıl çay, nanə, zəncəfil, adaçayı, darçın, hil, cirə, mixək kimi bitkiləri tək-tək və ya qarışıq halda dəmləyib içmək məsləhətdir. Suyu isə əsas yeməkdən sonra, yatana qədər hər 1 saat fasilə ilə içmək lazımdır.
Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”