Lerik camaatının avtobus dərdi

post-img

Uzun illərdir, Lerikdə ictimai nəqliyyat işləmir. Halbuki, sovet vaxtı bu dağlıq rayonda 28 avtobus xətti fəaliyyət göstərirdi. Keçmiş ittifaq dağılandan sonrakı ilk illərdə rayonumuzda avtobus marşrutları necə ləğv olundusa, indiyə qədər bərpa edilməyib. Buna görə də kəndlərimizin əhalisi rayon mərkəzinə, digər yaşayış məntəqələrinə, həmçinin Lənkəran şəhərinə gedib-gəlməkdə böyük çətinliklərlə üzləşir. 

Piran kəndi Lerikin böyük yaşayış məntəqəsidir. Rayon mərkəzindən təqribən 40 kilometr aralıda yerləşir. Ətraf kəndlər­dən də mərkəzə getməkdən ötrü buraya düşməli olurlar. Lənkəran–Lerik avtomobil yolu kəndin mərkəzindən keçir. İctimai nəq­liyyat olmadığına görə, neçə illərdir ki, bu yolda taksi sürücüləri “cövlan” edirlər. Yol haqqı isə baha başa gəlir. Təsəvvür edin ki, rayonun çox kəndindən mərkəzə ge­diş-gəliş 15 manata başa gəlir, bu isə məh­dud maddi imkanlı insanlar üçün qətiyyən sərfəli deyil. Təəssüf ki, bütün əlaqədar təşkilatlara məlum olan bu sosial məsələ öz həllini tapmır ki, tapmır. 

Dövlətimiz son vaxtlar əhalinin rahatlığı üçün əksər ucqar dağ kəndlərinə belə as­falt yollar çəkib. İctimai nəqliyyatın yoxlu­ğu səbəbindən qanunsuz taksi fəaliyyəti ilə məşğul olan sürücülər “kəlləçarx” qiymətlər­lə camaatın rahatlığını pozurlar. Yol haqqı­nı onlar öz istədikləri kimi müəyyən edirlər. Nədənsə rayonda ictimai nəqliyyat istəyən əhalinin bu tələbi diqqətsiz qalmaqdadır. 

 

Zəfər ORUCOĞLU,
Lerik rayonu, Bradi kənd sakini

Sosial həyat