Ərdoğan: Türkiyə dünyanın ən güclü 10 dövlətindən biri olacaq

post-img

Türkiyədə olduqca gərgin və kəskin rəqabət şəraitində keçən parlament və prezident seçkilərindən dərhal sonra ölkə iqtidarı vaxt itirmədən qarşıda duran vacib məsələlərin həlli üçün qüvvələrini səfərbər etməyə başlayıb. Zaman gözləmir, işlər isə çoxdur! 

Vəzifə və çağırışlar, həqiqətən, az de­yil. Ölkədə son illər ərzində sürətlə artan inflyasiyanın qarşısını almaq, milli valyuta – lirənin dollara münasibətdə dəyər qa­zanmasına nail olmaq, miqrant problemi­ni və s. çox sayda məsələləri həll etmək lazımdır. Görünən budur ki, R.T.Ərdoğan iqtidarı öz öhdəliklərini yerinə yetirməkdə qərarlıdır. 

Təhlilçilər hesab edirlər ki, növbəti dəfə azad və şəffaf seçkilərdə xalqın etimadını qazanan R.T.Ərdoğanın komandası ölkə iqtisadiyyatını dirçəltmək, yaxın aylar, illər ərzində sürətli iqtisadi inkişafı təmin et­mək üçün bugünkü reallıqlara və gələcək çağırışlara hesablanmış proqramlara ma­likdir. Bu layihələrin icrası üçün isə kifayət qədər kadr potensialı mövcuddur. 

Bu il iyunun 6-da Prezident R.T.Ərdo­ğanın sədrliyi ilə keçirilən Nazirlər Kabi­netinin ilk iclasında ölkənin mövcud sosi­al-iqtisadi durumu geniş müzakirə olunub, hədəflər müəyyən edilib. Tədbirdə çıxış edən dövlət başçısı əvvəlcə seçkilərin əhəmiyyətindən danışıb. Bildirib ki, mayın 14-ü və 28-i tarixlərində keçirilən və dün­yaya səs salan demokratik seçkilər, siyasi mənsubiyyətindən asılı olmayaraq bütün 85 milyonluq türk xalqının qələbəsidir. 

R.T.Ərdoğan sonra qədirbilənlik his­silə deyib: “Ölkəm və millətim adından Türkiyənin əsl dostlarına təşəkkürümüzü bildirirəm. 5 mindən çox qonağın iştirakı ilə andiçmə mərasimi keçirdik. Mərasim­də iştirak edən bütün dövlət və hökumət başçılarına, xüsusən də həmvətənlərimə təşəkkür etmək istəyirəm. Ölkəm və mil­lətim adından Türkiyənin əsl dostlarına minnətdarlığımızı bildirirəm. Bildirmək istərdim ki, minlərlə kilometr uzaqdan gələrək göstərdikləri lütfkarlığı heç vaxt unutmayacağam”.

Prezident, həmçinin əmin olduğunu bildirib ki, ölkənin bütün vətəndaşları öz səylərini səfərbər edərək iyirmi birinci yüz-illiyi “Türkiyə əsri”nə çevirəcəklər. Türk xalqı istedadlı, güclü və yenilməzdir. Ölkə vətəndaşları üçün milli maraqların fövqün­də heç nə yoxdur. Hər kəs bu həqiqəti dərk edir: Zaman Türkiyənin güclü və qüd­rətli olmasını tələb edir! 

“Türkiyə əsri” arzusunu reallaşdırmaq üçün hazırkı iqtidarın iki əsas konsep­siyası var. Bunlar sabitlik və etimaddır. R.T.Ərdoğan deyib ki, Türkiyə məhz bu iki əsas bünövrə üzərində sürətlə inkişaf və tərəqqi edəcək. Onun sözlərinə görə, Tür­kiyə seçkilərdə bütün dünyaya nümunə göstərib. Bu gün bu uğuru iqtisadi müstə­vidə də təkrar etmək son dərəcə vacibdir. 

Prezident fevralın 6-da ölkədə baş verən dəhşətli zəlzələnin fəsadlarını ara­dan qaldırmaq üçün iqtidarın gördüyü işlərdən də bəhs edib. Vurğulayıb ki, zəl­zələ bölgəsində 650 min ev inşa ediləcək. Təkcə yaxın bir il ərzində 319 min ev zəl­zələdən zərər görmüş ailələrə təhvil ve­riləcək. 

Nazirlər Kabinetinin ilk iclasından sonra televiziya ilə xalqa müraciətində R.T.Ərdoğan deyib: “Bundan sonra da Türkiyə üçün çalışmağa davam edəcəyik. Hədəfimiz həm ağıllı mühafizəkarlıq, həm də yenilikçilikdir. Bəli, biz həm inkişaf edi­rik, həm də kökümüzə bağlıyıq”. 

Bir çox təhlilçilər hesab edirlər ki, son illər iqtisadiyyatda yaranan problemlərin həlli üçün rasional maliyyə sisteminə qa­yıtmaqdan və maliyyə intizamına riayət etməkdən başqa yol yoxdur. Yeni maliyyə və xəzinə naziri Mehmet Şimşəyin təyinatı ölkəyə xarici investorların cəlb edilməsinə hesablanıb.

Görünən budur ki, iqtidar bundan sonra da ölkədə ictimai-siyasi sabitliyin qorunması, terror təhlükəsinin kökünün kəsilməsi üçün əlindən gələni etməyə ha­zırdır. Çünki sabitlik və etimad olmayan yerdə inkişaf və tərəqqi ola bilməz. Yeni komanda, əlbəttə, öz sələfinin bu sahə­dəki ənənələrini davam etdirmək əzmin­dədir. 

Yeri gəlmişkən, dünən Prezident Rə­cəb Tayyib Ərdoğanın rəhbərliyi ilə Tür­kiyə Milli Təhlükəsizlik Şurasının iclası keçirilib. Tədbirə vitse-prezident Cevdət Yılmaz, ədliyyə naziri Yılmaz Tunç, xarici işlər naziri Hakan Fidan, daxili işlər nazi­ri Ali Yerlikaya, milli müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi, ordu generalı Musa Avsevər qatılıblar.

Məlumata əsasən, iclasda Şimali İraq və Suriyada həyata keçirilən terrorla mü­barizə əməliyyatları başda olmaqla strate­ji, regional və milli təhlükəsizlik məsələləri müzakirə edilib. Müzakirələr zamanı qeyd olunub ki, Ankara Bakı ilə birlikdə Qara­bağda daimi sülhün bərqərar olunması üçün bütün zəruri addımları atmağa ha­zırdır. 

Yeri gəlmişkən, Türkiyədə siyasi isla­hatlar paketi də hazırlanır. Belə ki, konsti­tusiyaya dəyişikliklərlə bağlı parlamentdə məsələ qaldırılacaq. Türkiyə lideri ölkənin bütün siyasi qüvvələrini yeni konstitusiya layihəsinin hazırlanmasında fəal iştirak etməyə çağırıb. 

 

Məsaim ABDULLAYEV, “Xalq qəzeti”

Siyasət