Xəritələr: dövrün və şəraitin korrektələri

post-img

Ermənistan hakimiyyəti bir müd­dətdir ki, Azərbaycanla sərhədlərin delimitasiya prosesində Rusiya Si­lahlı Qüvvələrinin Baş Qərargahının arxivində saxlanılan 1975-ci il xəritəsi­nin əsas götürüləcəyi barədə təbliğat aparır. Bu fikir müxtəlif rəsmi şəxslər, əsasən də təhlükəsizlik şurasının ka­tibi Armen Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan tərəfindən səs­ləndirilir. Onlar 1975-ci il xəritəsinin Ermənistanın maraqlarına uyğun ol­duğunu vurğulayırlar. Sonuncu dəfə iyunun 4-də ölkəsinin İctimai Televi­ziyasına müsahibə zamanı A.Qriqor­yan delimitasiya prosesində həmin xəritəyə xüsusi istinad edilməsinin vacibliyini deyib.

XİN erməni yalanını ifşa etdi

Azərbaycan Xarici İşlər Nazirliyi iyu­nun 5-də A.Qriqoryanın müsahibə zama­nı səsləndirdiyi iddialara münasibət bil­dirib. Nazirlik qeyd edib ki, onun növbəti dəfə bir sıra istiqamətlərdə məsələlərin mahiyyətini təhrif etməsi, Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayın­maqla, həm beynəlxalq ictimaiyyətdə, həm də bu ölkənin cəmiyyətində çaşqın­lıq yaratmaq cəhdləri qəbuledilməzdir: “Delimitasiya prosesinin hansı əsasda aparılması iddiası ilə bağlı qeyd etmək lazımdır ki, həm Praqa, həm də Soçi gö­rüşü üzrə bəyanatlara əsasən delimitasi­yanın ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata ke­çirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, bu bəyanatlarda BMT nizamnaməsinə və Alma-Ata Bəyannaməsinə istinad qeyd edilən prinsiplər kontekstində verilib. Bu və digər bir görüşdə delimitasiyanın han­sısa xəritə əsasında həyata keçirilməsi barədə hər hansı bir razılıq olmadığı Er­mənistan tərəfinə yaxşı məlumdur”.

XİN bildirib ki, beynəlxalq təcrübəyə əsasən, Ermənistandan fərqli olaraq Azərbaycanın indiyə qədər bəzi qonşula­rı ilə həyata keçirdiyi delimitasiya prose­si xüsusi seçilmiş xəritə əsasında deyil, bütün hüquqi əhəmiyyəti olan sənədlərin təhlili və nəzərdən keçirilməsi əsasında baş tutub: “Bu təcrübənin Ermənistanla da tətbiq edilməsi mümkündür. Bu xü­susda, Ermənistan tərəfinin 1975-ci il xəritəsinə xüsusi istinad edilməsini təkid etməsi əvəzinə, delimitasiya işinə başla­ması daha faydalı olardı. 2020-ci il Vətən müharibəsindən sonra ölkəmizin Ermə­nistanla sərhədlərin delimitasiya olun­ması təklifinə uzun müddət heç bir cavab verməyən tərəfin də məhz Ermənistan olduğu unudulmamalıdır”.

Nazirlik bu açıqlama ilə sərhədlərin delimitasiyası prosesində, guya 1975-ci il xəritəsinin əsas götürüləcəyi haqda rəs­mi İrəvanın apardığı təbliğatın və bundan irəli gələn iddiaların yalan olduğunu orta­ya qoymuş oldu.

Rəsmi Bakının mövqeyi Ermənistan rəsmilərini təkzib verməyə məcbur edib, ardınca isə hayların media qurumları və siyasi ekspertləri digər “münasib variant­lar” üzərində şərhlərə başlayıblar. Hazır­da daha əvvəlki dövrün xəritələri ilə bağlı fikirlər səsləndirilməkdədir.

Argişti Kiviryan: “Bakı Azərbaycan Xalq Cümhuriyyətinin ərazisinə iddia edə bilər”

2021-ci ilin iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkisində iştirak məqsədilə Robert Koçaryanın qurub yaratdığı “Hayastan” blokundan deputat seçilmiş və 2022-ci ilin noyab­rınadək Ermənistan parlamentinin de­putatı olmuş, sonra isə mandatdan im­tina etmiş politoloq Artur Kazinyan bu məsələdə bir qədər də irəli, daha doğ­rusu, uzaq tarixə gedib. O, delimitasiya prosesində 1926-cı il xəritələrinin əsas götürülməsinin vacibliyi fikrini irəli sürüb. İddia edib ki, Azərbaycan və Ermənis­tan sərhədləri SSRİ tərkibində ilk dəfə 1926-cı ildə ayrılıb, sonrakı dəyişikliklər isə “formal xarakter” daşıyıb.

Bu fikir ermənilərin özləri arasın­da belə tərəddüdlə qarşılanıb. Çünki “1926-cı il xəritəsi” deyilən bir anlayış yoxdur. 1920–1929-cu illərdə ermənilər Azərbaycandan əlavə torpaqlar qopar­mağa çalışıblar ki, bunlardan biri də 1926-ci ilə təsadüf edib. Amma SSRİ zamanı ilk razılaşdırılmış xəritə 1929-cu ildə olub. O ki qaldı Kazinyanın dediyi kimi, hər iki respublikanın SSRİ-yə daxil olmasına qədər olan ərazilərinə, bununla bağlı elə erməni politoloqlar özləri nara­hatlıqlarını ifadə ediblər. Məsələn, poli­toloq Argişti Kiviryan bildirib ki, Azərbay­can Respublikası Azərbaycan SSR-in deyil, 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 20-dək mövcud olmuş Azərbay­can Xalq Cümhuriyyətinin hüquqi, siyasi və mənəvi varisidir. Belə olduğu üçün müasir Azərbaycan Respublikası varisi olduğu respublikanın ərazisinə iddia et­mək hüququ əldə edir. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin yanvarın 11-də Birinci Dünya müharibəsinin yekunları ilə bağlı keçirilmiş Versal sülh konfran­sının Ali Şurasında Böyük Britaniyanın xarici işlər naziri Corc Kerzonun təklifi ilə de-fakto tanınıb. Kiviryan bildirib ki, bunu əsas götürərək, Azərbaycan Zəngəzura və Göyçə gölünün yarısına iddiasını bey­nəlxalq müstəviyə qaldıra bilər.

Dilicanın qubernatoru: “Anklavlar mövzusu 2018-ci ildən sonra yaranmayıb”

Bu arada Ermənistanın Azərbay­canla həmsərhəd, anklav kəndlərimizin yerləşdiyi Dilican (Tavuş) vilayətinin (er­mənilər “marz” deyir-S.H.) qubernatoru Ayk Qalumyan bildirib ki, son dövrlərdə vilayətin sərhədlərində heç bir dəyişiklik baş verməyib. Parlamentdə jurnalistlərə açıqlama verən qubernator onu da deyib ki, insanlar gündəlik həyatlarını yaşayır­lar və bunda heç bir problem görmür. Qu­bernator əlavə edib ki, hazırda anklavlar­la bağlı hansısa danışıq aparılmır, olanda bu barədə cəmiyyətə məlumat veriləcək: “Azərbaycanın nəzarətində bizim əra­zilərimiz olduğu kimi (?), onların da həm Tavuş vilayətində, həm də Ermənistanın digər yerlərində nəzarət etdikləri ərazilər var. Məsələ həll olunacaq. Baş nazir dəfələrlə vurğulayıb və izah edib ki, bu, delimitasiya və demarkasiya prosesində həllini tapacaq”.

Qalumyan konkret kəndlərin adlarını sadalaya bilməyəcəyini diqqətə çatdırıb. Sadəcə onu bildirib ki, İcevan rayonunun Berkaber kəndinin, təxminən, 950 hektar ərazisi Azərbaycanın nəzarəti altındadır (?). O, anklavlar mövzusunun həmişə ol­duğunu, 2018-ci ilin “məxməri inqilabı”n­dan sonra yarandığını vurğulayıb: “Azər­baycanlıların da bizim kimi problemləri var, masa arxasına əyləşib məsələləri həll etməliyik. Hələlik konkret müzakirə aparılmayıb”.

Erməni mütəxəssis də Qriqoryana qarşı çıxdı:
“Xəritə dövlət üçün sənəd rolunu oynaya bilməz”

Geodezist-kartoqraf Şahen Şahinya­nın “Panorama.am” saytına müsahibə zamanı səsləndirdiyi fikirlər də Armen Qriqoryanın irəli sürdüyü 1975-ci il xə­ritəsi tezisinə anti-tezis kimi qiymətlən­dirilə bilər. O bildirib ki, xəritə özlüyündə dövlət üçün ayrıca sənəd rolunu oynaya bilməz. O, sənəd olması üçün tam infor­masiya daşıyıcısı, bütöv məlumat bazası deyil: “Fotoşəkilli xəritə çox az informasi­ya daşıyır, xəritənin arxasında və ya ona əlavə edilmiş sənədlərdə hansı məlumat­ların olması çox vacibdir. Dövlət sərhədi sənədlərində xəritə həmişə əsas sənəd üçün əlavə, köməkçi material kimi çıxış edir. Xəritələr qəti sərhəd sənədləri de­yil, onlar əsas sənədlərə əlavə olunan köməkçi materiallardır. Paşinyanın bir müddət öncə mətbuat konfransında de­diyi fikirlərə gəldikdə isə birinci dəfədir ki, dövlətin kadastr şəhadətnaməsinin ola biləcəyini eşidirəm. Güman edirəm ki, bu, sülh müqaviləsi adlanan mürək­kəb sənədi çox primitiv səviyyəyə en­dirmək cəhdidir, lakin bu, ən azı mənim fikrimcə, çox mənfi nəticələrlə doludur. Əgər kadastr sənədindən danışırıqsa, beynəlxalq hüquq sahəsində bu sənədi verən səlahiyyətli orqanın kim olduğunu başa düşməliyik. Yəni, dünyada elə bir qurum varmı ki, dövlətin varlığını, onun müəyyən yerdə mövcudluğunu şübhə al­tına alsın? Əgər bizdə kadastr şəhadət­naməsi deyilən şey yoxdursa, o zaman dövlətimizin mövcudluğu və ya hüquqi qüvvəsi sual altındadır, bu absurd janr qəbuledilməzdir. Kadastr şəhadətnaməsi termini dövlətlərarası münasibətlərdə tət­biq olunmur”.

Şahen Şahinyan deyib ki, xəritənin hüquqi əsası və bu xəritədə əks olunan sərhədi müdafiə etmək üçün dövlətin gücü olmalıdır: “Hüquqi nöqteyi-nəzər­dən 1926–1932-ci illərin xəritələrində və hətta birinci respublikanın sərhədlərində güclü mövqelərimiz (?) var. Amma indi demarkasiya prosesini keçmiş Sovet İtti­faqının inzibati-ərazi sərhədləri baxımın­dan nəzərdən keçirsək, o zaman, fikrim­cə, 1926–1932-ci illərin xəritələri hüquqi qüvvəyə malik olmalı, prosesə uyğun aparılmalıdır”.

O, həmçinin qeyd edib ki, 1991-ci ilin xəritəsi mövcud deyil: “1991-ci ildə Sovet İttifaqında xəritə nəşr etməyi dayandır­mışdılar. Müstəqil Ermənistan Respubli­kasının xəritələri isə daxili xarakter daşı­yır, Azərbaycanla sərhədyanı danışıqlar aparılmadığından, bu xəritələr yenilən­məyib. Təhlillərimiz göstərir ki, dövlət qurumları 1991-ci ilin xəritələrindən da­nışanda söhbət 1991-ci ilin de-fakto və­ziyyətindən, yəni o vaxt Ermənistan və Azərbaycan qoşunları harada idilərsə, sərhədi bu faktın müəyyən etməli olduğu­nu nəzərdə tuturlar. “1991-ci ilin xəritəsi” ifadəsindən biz ancaq de-fakto vəziyyə­ti başa düşə bilərik, o vaxt təsdiqlənmiş dövlətlərarası xəritə yox idi”.

Yeganə HACIYEVA,
politoloq

– Mövcud beynəlxalq münasibət­lər sistemində və Azərbaycanla Er­mənistanın üzvü olduğu beynəlxalq təşkilatlarda iki legitim əsas var. Bun­lardan biri Alma-Ata Bəyannaməsi, digəri BMT Nizamnaməsidir. BMT üzvü olarkən müəyyən olunan sər­hədlərimiz məhz Alma-Ata Bəyan­naməsi əsasında qəbul olunub. Bu, hüquqi baxımdan legitim sayılsa da, tarixi ədaləti əks etdirmir. Amma biz məsələyə beynəlxalq hüququn nəyi tanıması prizmasından yanaşırıq. Əgər Ermənistan xəritələri, mövcud sərhədləri mübahisələndirirsə, bu­rada da haqlı olan tərəf İrəvan deyil, Bakıdır. Çünki tarixi ədalət o zaman bərpa olunardı ki, biz SSRİ-yə daxil olduğumuz ərazi ilə ittifaqdan çıxar­dıq.

Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Armen Qriqoryan və Ararat Mirzoyan Ermənistan haki­miyyəti daxilində müxtəlif qrupların təmsilçiləridir. Paşinyan bu qruplar arasında yaranmış balans üzərində hakimiyyətdədir. Baş nazirin daxildə­ki siyasi qruplar üzərində nüfuzu çox da yüksək deyil. Onun istər qərarları, istərsə də səsləndirdiyi fikirlər mü­bahisələndirilir. Ancaq bu, prosesin Paşinyandan xəbərsiz getdiyi anla­mına da gəlməməlidir. Burada bir ko­ordinasiyalı oyun var. Əgər proseslər sabotajla “o xəritə sənin, bu xəritə mənim” müstəvisinə çəkiləcəksə, bu ritorika İrəvanın xeyrinə nəticələn­məyəcək. Buradan uduşlu çıxan ölkəmiz olacaq.

Qriqoryan tərəfindən 1975-ci il xə­ritəsinin qabardılmasını işğal altındakı 8 kəndin boşaldılması prosesinə dirə­niş kimi qəbul etmək lazımdır. Ancaq Qriqoryan anlamalıdır ki, bu kəndlə­rin boşaldılması zaman məsələsidir. Qriqoryanın, yaxud Mirzoyanın nə deməsi heç nəyi dəyişmir.

 

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət