Nəzərlər yenidən Vaşinqtona yönəlir

post-img

Praqa, Brüssel, Vaşinqton, Moskva, Kişineu, indi yenidən Vaşinqton və daha sonra yenə Brüssel... Ortada İrəvanın və Bakının Moskvaya dəvət olunması ehtimalını da nəzərə alsaq, sülh meridianının üç qitədən keçdiyi məlum olur. Əslində, otuz ildən artıq təkcə bölgənin deyil, qitələrin, bütövlükdə dünyanın gündəmini məşğul etmiş münaqişənin son akkordları çalınmaqdadır. 

2023-cü il mayın 14-də Brüsseldə əldə olunmuş şifahi razılaşmanı sülh danışıqlarının ən böyük uğuru kimi dəyərləndirən ekspertlərlə razılaşma­maq çətindir. Aİ Şurasının rəhbəri Şarl Mişelin moderatorluğu ilə baş tutmuş bu formatda danışıqları tarixi görüş kimi səciyyələndirənlər də az deyil. Bu isə təsadüf sayılmamalıdır. Çünki həmin üç­tərəfli görüşün yekununda hətta konkret heç bir sənəd imzalanmasa belə, məhz 14 may sammiti Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağ daxil olmaqla, Azərbaycanın ərazi bütövlüyünü rəsmən tanıması ilə bağlı bəyanatı sülh sazişinin imzalanmasına aparan yolda ən böyük maneənin aradan qaldırılması anlamında böyük əhəmiyyətə malik idi. Moskvadan savayı Ağ Evin, onunla paralel avropalı vasitəçilər blokunun Cənubi Qafqazda sülhə nailolma səyləri, Bakı və İrəvan arasında tet-a-tet, üçtərəfli və beştərəf­li danışıq raundlarının intensiv xarakter alması müsbət nəticənin elə də uzaqda olmadığından xəbər verir. 

Ağ Ev nazirləri səbirsizliklə gözləyir 

Beş gündən sonra Azərbaycan və Ermənistan XİN başçılarının Vaşinqton­da növbəti görüşü gözlənilir. “ABŞ Azər­baycan–Ermənistan təmasının müxtəlif platformalarda keçirilməsindən məmnun­dur. Vaşinqtonda danışıqların daha bir raundunun keçirilməsini səbirsizliklə göz­ləyirik”. Bu sözləri ABŞ Dövlət Departa­mentinin mətbuat katibinin birinci müavini Vedant Patel keçirdiyi brifinqdə deyib. O, bildirib ki, tərəflər Cənubi Qafqaz regio­nunda dinc gələcəyə nail olmaq yolunu davam etdirirlər. “Birbaşa dialoq prob­lemlərin həllinin və davamlı sülhün əldə edilməsinin açarıdır. ABŞ Azərbaycanla Ermənistan arasında danışıqların müxtə­lif platformalarda keçirilməsindən, o cüm­lədən, liderlərin son görüşlərindən məm­nundur”, – deyə cənab Patel vurğulayıb.

Adətən xarici diplomatiya idarələri səviyyəsində görüşlər dövlət başçılarının qarşıdakı dialoquna hazırlıq mərhələ­si kimi qəbul edilir, amma bəzi hallarda dövlətlərarası müəyyən məsələlərə dair ilkin razılaşma və ya çərçivə sazişinin XİN başçıları tərəfindən imzalanması presendentləri də mövcuddur. Sülh və dövlətlərarası münasibətlərin normal­laşmasına dair çərçivə sənədinin ortaya qoyulması perspektivindın danışan po­litoloq Əhməd Əlili bu kontekstdə baş nazir Nikol Paşinyanın hələlik sülh sazişi ilə məsafə saxlamağa davam edəcəyini, amma bunu onun əvəzinə xarici işlər na­zirinin gerçəkləşdirə biləcəyi ehtimalını irəli sürür:

“Belə bir sənəd sülh prosesində yalnız tərəqqinin göstəricisi olacaq. Düşünürəm ki, hansısa bir sənəd imzalanmalıdır və artıq köhnəlmiş 2020-ci il 10 noyabr Bəyanatını əvəz etməlidir. Çünki üçtərəfli Bəyanatın imzalandığı şərait artıq yoxdur. Hazır­da dünya düzəni iki il yeddi ay əvvəlki deyil, geosiyasi dinamika da köklü şə­kildə dəyişib. Həm Cənubi Qafqazda, həm Ukraynada, həm də bütövlükdə bölgədə müxtəlif hadisələr baş verib. Yəni, üçtərəfli Bəyanat müasir tələb­lərə cavab vermir. Onu bir daha nəzər­dən keçirsək görərik ki, biz Kəlbəcəri, Laçını çoxdan geri almışıq. Həmçinin danışıqlar prosesində sərhədin de­markasiya və delimitasiyası kimi ay­rıca məsələ var. Eləcə də nəqliyyat kommunikasiyalarına toxunan digər vektor vurğulanmalıdır. Bütün tələblə­ri təmin etməkdən ötrü bu məqamlar üzrə daha detallı müqavilənin imzalan­masına ehtiyac duyulur”.

Politoloq məhz belə bir sənədin xarici işlər nazirləri səviyyəsində imzalana bilə­cəsiyini istisna etmir:

“Açığını desək, əgər bu, bəyanat, yaxud kommunikasiyalara, delimita­siya və demarkasiyaya dair sənədin hansısa fraqmenti formasında olacaq­sa, deməli rəsmi şəxslər kimi diplo­matlar da onun imzalanmasına birba­şa məsuliyyət daşıyacaqlar”. 

ABŞ Dövlət Departamentinin rəhbəri Antoni Blinkenin vasitəçiliyi ilə sülh da­nışıqlarının Vaşinqton formatının ikinci raundundan gözləntilər az deyil. Birləş­miş Ştatların bu yöndəki səylərinə Avro­pa İttifaqının Brüssel masasında dövlət başçılarının iyulun 21-nə planlaşdırılan növbəti görüşünə hazırlıq mərhələsi kimi də baxmaq olar. Hər halda, Aİ-nin Cə­nubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaarın Azər­baycana səfəri də prosesin davamlılığı­nı təsdiqləyir. Cənab Klaarın rəsmi Bakı ilə normallaşma və sülh yolunda müza­kirələr aparacağı şübhəsizdir.

İrəvan konkret addımlar atmalıdır 

Ayrı-ayrı dövlətlərin, nüfuzlu təşkilat­ların təşəbbüsü ilə Bakı və İrəvan arasın­da görüşlərin intensivliyi artsa da, tərəflər bir çox məsələlər üzrə ortaq məxrəcə yaxınlaşsalar da, hələlik imzalanmış konkret sənəd yoxdur. Beş gün sonra Bir­ləşmiş Ştatların paytaxtında baş tutacaq ikinci görüş Qərbin sülh təşəbbüsünün davamı kimi qəbul olunur. Bu baxımdan, Vaşinqtonda irəliyə doğru addımın atıla biləcəyinə inamını ifadə edən politoloq Fikrət Sadıxov, ümumiyyətlə, danışıqlar prosesinin əməldə, konkret sənədlərin qəbulunda əks olunması məqamının ye­tişdiyini bildirir:

“Vaşinqton, Brüssel və Kişineuda Qərbin, Avropa İttifaqı Şurasının rəh­bəri Şarl Mişelin vasitəçiliyi ilə keçi­rilmiş görüşlərdə müəyyən razılaşma­lar əldə edilib. Bu mənada, nəqliyyat kommunikasiyaları ilə bağlı məsələni xüsusi qeyd etmək lazımdır. Elə təəs­sürat yaranır ki, qarşıdakı Vaşinqton görüşündə irəliyə doğru addım atıla bilər. Yəni, Azərbaycanın maraqlarına cavab verən addımı nəzərdə tuturuq. Əlbəttə ki, bu, Ermənistanın yenə də müəyyən əngəlləri yaratmayacağı təqdirdə mümkündür. Bir var İrəvan hansısa məsələdə razılaşır, bir də var onun real həyata keçirilməsi yolları. Hələlik Ermənistanın gerçək siyasi addımlarını hiss etmirik. Eyni zaman­da, bu da bir həqiqətdir ki, Qarabağda hələ də on minə yaxın silahlı erməni dəstəsi qalır. Bu dəstə mütləq ərazini tərk etməlidir. Bütün bu məsələlər öz həllini taparsa, güman edirik ki, sülh sazişi imzalana bilər. Amma, bir daha deyirik, yekun müqavilə yalnız yuxarı­dakı şərtlər yerinə yetirildikdə müm­kün olacaq”. 

Mayın əvvəlində ABŞ-ın Virciniya ştatının Arlinqton şəhərində Azərbayca­nın Xarici İşlər naziri Ceyhun Bayramov və Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan arasında dörd gün davam et­miş danışıqların ardından 14 may Brüs­sel formatı Bakı üçün uğulu hesab olu­na bilər. Tərəflərin bu dəfəki Vaşinqton təmaslarının neçə gün çəkəcəyini proq­nozlaşdırmaq çətin olsa da, bu formatın Azərbaycanın maraqlarına cavab verdiyi şəksizdir. Sülh dialoqunun geridə qalmış mərhələsini, eləcə də irəlidəki raundları­nı üzvi şəkildə nəzərdən keçirsək, sonda belə qənaətə gəlmək mümkündür ki, da­nışıqlar özünün ən intensiv, eyni zaman­da həlledici mərhələsinə qədəm qoyub. 

Bizim üçün artıq fərqi yoxdur. Hansı məkanda, hansı formatda təşkil edilmə­sindən asılı olmayaraq, Bakı bölgəyə çoxdan gözlənilən sülhü və sabitliyi gə­tirəcək vasitəçinin yanında olacaq. Sülh danışıqlarının final raundunun sonuncu və ədalətli zəngi isə dünyanın hər tərə­fində eşidiləcək. 

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”





Siyasət