Ermənistan hakimiyyəti bir müddətdir ki, Azərbaycanla sərhədlərin delimitasiya prosesində Rusiya Silahlı Qüvvələrinin Baş Qərargahının arxivində saxlanılan 1975-ci il xəritəsinin əsas götürüləcəyi barədə təbliğat aparır. Bu fikir müxtəlif rəsmi şəxslər, əsasən də təhlükəsizlik şurasının katibi Armen Qriqoryan və xarici işlər naziri Ararat Mirzoyan tərəfindən səsləndirilir. Onlar 1975-ci il xəritəsinin Ermənistanın maraqlarına uyğun olduğunu vurğulayırlar. Sonuncu dəfə iyunun 4-də ölkəsinin İctimai Televiziyasına müsahibə zamanı A.Qriqoryan delimitasiya prosesində həmin xəritəyə xüsusi istinad edilməsinin vacibliyini deyib.
XİN erməni yalanını ifşa etdi
Azərbaycan Xarici İşlər Nazirliyi iyunun 5-də A.Qriqoryanın müsahibə zamanı səsləndirdiyi iddialara münasibət bildirib. Nazirlik qeyd edib ki, onun növbəti dəfə bir sıra istiqamətlərdə məsələlərin mahiyyətini təhrif etməsi, Ermənistanın üzərinə götürdüyü öhdəliklərdən yayınmaqla, həm beynəlxalq ictimaiyyətdə, həm də bu ölkənin cəmiyyətində çaşqınlıq yaratmaq cəhdləri qəbuledilməzdir: “Delimitasiya prosesinin hansı əsasda aparılması iddiası ilə bağlı qeyd etmək lazımdır ki, həm Praqa, həm də Soçi görüşü üzrə bəyanatlara əsasən delimitasiyanın ərazi bütövlüyünün və suverenliyin qarşılıqlı tanınması əsasında həyata keçirilməsi nəzərdə tutulub. Ümumiyyətlə, bu bəyanatlarda BMT nizamnaməsinə və Alma-Ata Bəyannaməsinə istinad qeyd edilən prinsiplər kontekstində verilib. Bu və digər bir görüşdə delimitasiyanın hansısa xəritə əsasında həyata keçirilməsi barədə hər hansı bir razılıq olmadığı Ermənistan tərəfinə yaxşı məlumdur”.
XİN bildirib ki, beynəlxalq təcrübəyə əsasən, Ermənistandan fərqli olaraq Azərbaycanın indiyə qədər bəzi qonşuları ilə həyata keçirdiyi delimitasiya prosesi xüsusi seçilmiş xəritə əsasında deyil, bütün hüquqi əhəmiyyəti olan sənədlərin təhlili və nəzərdən keçirilməsi əsasında baş tutub: “Bu təcrübənin Ermənistanla da tətbiq edilməsi mümkündür. Bu xüsusda, Ermənistan tərəfinin 1975-ci il xəritəsinə xüsusi istinad edilməsini təkid etməsi əvəzinə, delimitasiya işinə başlaması daha faydalı olardı. 2020-ci il Vətən müharibəsindən sonra ölkəmizin Ermənistanla sərhədlərin delimitasiya olunması təklifinə uzun müddət heç bir cavab verməyən tərəfin də məhz Ermənistan olduğu unudulmamalıdır”.
Nazirlik bu açıqlama ilə sərhədlərin delimitasiyası prosesində, guya 1975-ci il xəritəsinin əsas götürüləcəyi haqda rəsmi İrəvanın apardığı təbliğatın və bundan irəli gələn iddiaların yalan olduğunu ortaya qoymuş oldu.
Rəsmi Bakının mövqeyi Ermənistan rəsmilərini təkzib verməyə məcbur edib, ardınca isə hayların media qurumları və siyasi ekspertləri digər “münasib variantlar” üzərində şərhlərə başlayıblar. Hazırda daha əvvəlki dövrün xəritələri ilə bağlı fikirlər səsləndirilməkdədir.
Argişti Kiviryan: “Bakı Azərbaycan Xalq Cümhuriyyətinin ərazisinə iddia edə bilər”
2021-ci ilin iyunun 20-də keçirilmiş növbədənkənar parlament seçkisində iştirak məqsədilə Robert Koçaryanın qurub yaratdığı “Hayastan” blokundan deputat seçilmiş və 2022-ci ilin noyabrınadək Ermənistan parlamentinin deputatı olmuş, sonra isə mandatdan imtina etmiş politoloq Artur Kazinyan bu məsələdə bir qədər də irəli, daha doğrusu, uzaq tarixə gedib. O, delimitasiya prosesində 1926-cı il xəritələrinin əsas götürülməsinin vacibliyi fikrini irəli sürüb. İddia edib ki, Azərbaycan və Ermənistan sərhədləri SSRİ tərkibində ilk dəfə 1926-cı ildə ayrılıb, sonrakı dəyişikliklər isə “formal xarakter” daşıyıb.
Bu fikir ermənilərin özləri arasında belə tərəddüdlə qarşılanıb. Çünki “1926-cı il xəritəsi” deyilən bir anlayış yoxdur. 1920–1929-cu illərdə ermənilər Azərbaycandan əlavə torpaqlar qoparmağa çalışıblar ki, bunlardan biri də 1926-ci ilə təsadüf edib. Amma SSRİ zamanı ilk razılaşdırılmış xəritə 1929-cu ildə olub. O ki qaldı Kazinyanın dediyi kimi, hər iki respublikanın SSRİ-yə daxil olmasına qədər olan ərazilərinə, bununla bağlı elə erməni politoloqlar özləri narahatlıqlarını ifadə ediblər. Məsələn, politoloq Argişti Kiviryan bildirib ki, Azərbaycan Respublikası Azərbaycan SSR-in deyil, 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 20-dək mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin hüquqi, siyasi və mənəvi varisidir. Belə olduğu üçün müasir Azərbaycan Respublikası varisi olduğu respublikanın ərazisinə iddia etmək hüququ əldə edir. Azərbaycan Xalq Cümhuriyyəti 1920-ci ilin yanvarın 11-də Birinci Dünya müharibəsinin yekunları ilə bağlı keçirilmiş Versal sülh konfransının Ali Şurasında Böyük Britaniyanın xarici işlər naziri Corc Kerzonun təklifi ilə de-fakto tanınıb. Kiviryan bildirib ki, bunu əsas götürərək, Azərbaycan Zəngəzura və Göyçə gölünün yarısına iddiasını beynəlxalq müstəviyə qaldıra bilər.
Dilicanın qubernatoru: “Anklavlar mövzusu 2018-ci ildən sonra yaranmayıb”
Bu arada Ermənistanın Azərbaycanla həmsərhəd, anklav kəndlərimizin yerləşdiyi Dilican (Tavuş) vilayətinin (ermənilər “marz” deyir-S.H.) qubernatoru Ayk Qalumyan bildirib ki, son dövrlərdə vilayətin sərhədlərində heç bir dəyişiklik baş verməyib. Parlamentdə jurnalistlərə açıqlama verən qubernator onu da deyib ki, insanlar gündəlik həyatlarını yaşayırlar və bunda heç bir problem görmür. Qubernator əlavə edib ki, hazırda anklavlarla bağlı hansısa danışıq aparılmır, olanda bu barədə cəmiyyətə məlumat veriləcək: “Azərbaycanın nəzarətində bizim ərazilərimiz olduğu kimi (?), onların da həm Tavuş vilayətində, həm də Ermənistanın digər yerlərində nəzarət etdikləri ərazilər var. Məsələ həll olunacaq. Baş nazir dəfələrlə vurğulayıb və izah edib ki, bu, delimitasiya və demarkasiya prosesində həllini tapacaq”.
Qalumyan konkret kəndlərin adlarını sadalaya bilməyəcəyini diqqətə çatdırıb. Sadəcə onu bildirib ki, İcevan rayonunun Berkaber kəndinin, təxminən, 950 hektar ərazisi Azərbaycanın nəzarəti altındadır (?). O, anklavlar mövzusunun həmişə olduğunu, 2018-ci ilin “məxməri inqilabı”ndan sonra yarandığını vurğulayıb: “Azərbaycanlıların da bizim kimi problemləri var, masa arxasına əyləşib məsələləri həll etməliyik. Hələlik konkret müzakirə aparılmayıb”.
Erməni mütəxəssis də Qriqoryana qarşı çıxdı:
“Xəritə dövlət üçün sənəd rolunu oynaya bilməz”
Geodezist-kartoqraf Şahen Şahinyanın “Panorama.am” saytına müsahibə zamanı səsləndirdiyi fikirlər də Armen Qriqoryanın irəli sürdüyü 1975-ci il xəritəsi tezisinə anti-tezis kimi qiymətləndirilə bilər. O bildirib ki, xəritə özlüyündə dövlət üçün ayrıca sənəd rolunu oynaya bilməz. O, sənəd olması üçün tam informasiya daşıyıcısı, bütöv məlumat bazası deyil: “Fotoşəkilli xəritə çox az informasiya daşıyır, xəritənin arxasında və ya ona əlavə edilmiş sənədlərdə hansı məlumatların olması çox vacibdir. Dövlət sərhədi sənədlərində xəritə həmişə əsas sənəd üçün əlavə, köməkçi material kimi çıxış edir. Xəritələr qəti sərhəd sənədləri deyil, onlar əsas sənədlərə əlavə olunan köməkçi materiallardır. Paşinyanın bir müddət öncə mətbuat konfransında dediyi fikirlərə gəldikdə isə birinci dəfədir ki, dövlətin kadastr şəhadətnaməsinin ola biləcəyini eşidirəm. Güman edirəm ki, bu, sülh müqaviləsi adlanan mürəkkəb sənədi çox primitiv səviyyəyə endirmək cəhdidir, lakin bu, ən azı mənim fikrimcə, çox mənfi nəticələrlə doludur. Əgər kadastr sənədindən danışırıqsa, beynəlxalq hüquq sahəsində bu sənədi verən səlahiyyətli orqanın kim olduğunu başa düşməliyik. Yəni, dünyada elə bir qurum varmı ki, dövlətin varlığını, onun müəyyən yerdə mövcudluğunu şübhə altına alsın? Əgər bizdə kadastr şəhadətnaməsi deyilən şey yoxdursa, o zaman dövlətimizin mövcudluğu və ya hüquqi qüvvəsi sual altındadır, bu absurd janr qəbuledilməzdir. Kadastr şəhadətnaməsi termini dövlətlərarası münasibətlərdə tətbiq olunmur”.
Şahen Şahinyan deyib ki, xəritənin hüquqi əsası və bu xəritədə əks olunan sərhədi müdafiə etmək üçün dövlətin gücü olmalıdır: “Hüquqi nöqteyi-nəzərdən 1926–1932-ci illərin xəritələrində və hətta birinci respublikanın sərhədlərində güclü mövqelərimiz (?) var. Amma indi demarkasiya prosesini keçmiş Sovet İttifaqının inzibati-ərazi sərhədləri baxımından nəzərdən keçirsək, o zaman, fikrimcə, 1926–1932-ci illərin xəritələri hüquqi qüvvəyə malik olmalı, prosesə uyğun aparılmalıdır”.
O, həmçinin qeyd edib ki, 1991-ci ilin xəritəsi mövcud deyil: “1991-ci ildə Sovet İttifaqında xəritə nəşr etməyi dayandırmışdılar. Müstəqil Ermənistan Respublikasının xəritələri isə daxili xarakter daşıyır, Azərbaycanla sərhədyanı danışıqlar aparılmadığından, bu xəritələr yenilənməyib. Təhlillərimiz göstərir ki, dövlət qurumları 1991-ci ilin xəritələrindən danışanda söhbət 1991-ci ilin de-fakto vəziyyətindən, yəni o vaxt Ermənistan və Azərbaycan qoşunları harada idilərsə, sərhədi bu faktın müəyyən etməli olduğunu nəzərdə tuturlar. “1991-ci ilin xəritəsi” ifadəsindən biz ancaq de-fakto vəziyyəti başa düşə bilərik, o vaxt təsdiqlənmiş dövlətlərarası xəritə yox idi”.
Yeganə HACIYEVA,
politoloq
– Mövcud beynəlxalq münasibətlər sistemində və Azərbaycanla Ermənistanın üzvü olduğu beynəlxalq təşkilatlarda iki legitim əsas var. Bunlardan biri Alma-Ata Bəyannaməsi, digəri BMT Nizamnaməsidir. BMT üzvü olarkən müəyyən olunan sərhədlərimiz məhz Alma-Ata Bəyannaməsi əsasında qəbul olunub. Bu, hüquqi baxımdan legitim sayılsa da, tarixi ədaləti əks etdirmir. Amma biz məsələyə beynəlxalq hüququn nəyi tanıması prizmasından yanaşırıq. Əgər Ermənistan xəritələri, mövcud sərhədləri mübahisələndirirsə, burada da haqlı olan tərəf İrəvan deyil, Bakıdır. Çünki tarixi ədalət o zaman bərpa olunardı ki, biz SSRİ-yə daxil olduğumuz ərazi ilə ittifaqdan çıxardıq.
Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Armen Qriqoryan və Ararat Mirzoyan Ermənistan hakimiyyəti daxilində müxtəlif qrupların təmsilçiləridir. Paşinyan bu qruplar arasında yaranmış balans üzərində hakimiyyətdədir. Baş nazirin daxildəki siyasi qruplar üzərində nüfuzu çox da yüksək deyil. Onun istər qərarları, istərsə də səsləndirdiyi fikirlər mübahisələndirilir. Ancaq bu, prosesin Paşinyandan xəbərsiz getdiyi anlamına da gəlməməlidir. Burada bir koordinasiyalı oyun var. Əgər proseslər sabotajla “o xəritə sənin, bu xəritə mənim” müstəvisinə çəkiləcəksə, bu ritorika İrəvanın xeyrinə nəticələnməyəcək. Buradan uduşlu çıxan ölkəmiz olacaq.
Qriqoryan tərəfindən 1975-ci il xəritəsinin qabardılmasını işğal altındakı 8 kəndin boşaldılması prosesinə dirəniş kimi qəbul etmək lazımdır. Ancaq Qriqoryan anlamalıdır ki, bu kəndlərin boşaldılması zaman məsələsidir. Qriqoryanın, yaxud Mirzoyanın nə deməsi heç nəyi dəyişmir.
Səxavət HƏMİD, “Xalq qəzeti”