Koksun “Lenin yolu”

post-img

Bolşevizmin banisi Leninin “Bütün dünyanın proletarları bir­ləşin!” şəklində saxta beynəlmiləl­çiliyə söykənmiş çağırışı var. Belə görünür, Britaniya Parlamentinin Lordlar Palatasının üzvü, barones­sa Kerolayn Koks da Leninin yolu ilə gedir. Hərçənd, ermənipərəst­liyi çoxdan sübut olunmuş bu britaniyalı siyasətçinin Qarabağ ermənilərinə ünvanlanmış və hə­yasızlığın sentimentallıqla çulğa­laşdığı məktubuna nəzər salarkən, Lenini yada salmaq, ona həqarət sayılmalıdır. Amma bunda hansısa problem görmürük... 

K.Koks bildirir ki, İkinci Qarabağ mü­haribəsi zamanı dünya ədalət yanaşması baxımından kar və kor oldu. Belə çıxır, beynəlxalq ictimaiyyət Azərbaycanın öz torpaqlarını işğaldan azad etməsinə ma­neçilik törətməli imiş. Ona görə ki, Qa­rabağ erməniləri, Koksun bildirdiyi kimi, “Artsax xalqı” qəhrəmandır, mərddir, ira­dəlidir və s. Əsaslandırma bu qədər pri­mitivdir, ucuz populizmə söykənir. Böyük anlamda isə Lordlar palatasının üzvünün beynəlxalq hüquqa saymazyana münasi­bəti heyrət doğurur. 

Başa düşdük ki, xanım parlamen­tari köhnə şakərindədir. Amma adamın bu cümləsini başa düşmək olduqca çə­tindir: “Mənə dedilər ki, 1990-ci illərdə Qarabağda 88 dəfə olmuşam”. Görünür, xanım Koksa harada, neçə dəfə oldu­ğunu kimsə bildirməlidir? Əlbəttə, hə­min illərdə Koks erməni avantürizminin Qərb qanadının təmsilçisi kimi Qarabağa səfərlər edir, erməni millətçilərinin qəsb­karlıqlarını görür və onların işğalçılığını beynəlxalq ictimaiyyətin gözündə haqq davası kimi leqallaşdırmaq istiqamətində aramsız təbliğat aparırdı. “Xidmətlərinə” görə yaxşı bəxşiş də alırdı.

Amma görünür, erməni avantürizmi kimi o da qocalıb. Qocaldığı üçün də yad­daşını itirib. Əslində məktuba diqqət ye­tirəndə də bunu hiss etmək mümkündür. Çünki onun yazdıqlarının müəyyən hissə­si keçmişin naftalin qoxulu çərənləmələri­dir. Barronesa tarixə baş vurarkən, gedib Sumqayıt hadisələrinə çıxır, Azərbaycanı şəhərdə qırğınlar törətməkdə günahlan­dırır. Halbuki, Sumqayıt olaylarının sovet rəhbərliyindəki erməni daşnak millətçilə­rinin hazırladıqları “ssenari” olduğu sübu­ta yetirilib. 

Bəli, Koksun məktubunda, axmaqla­malar kifayət qədər çoxdur. Görünür, ona Qarabağda 88 dəfə olduğunu söyləyən­lər baronessanın məktubuna Azərbayca­nın 44 günlük müharibədə, guya, terror­çulardan istifadə edərək, qalib gəldiyini dürtməyi də unutmayıblar. Üstəlik, sən demə, savaşdan sonra ölkəmiz bölgədə xristian mədəniyyətinin izlərini silməklə məşğuldur. Hələ bu sıraya “dünya mə­dəniyyəti incilərinə təcavüz faktlarını” da əlavə etmək mümkündür. Sanki, otuz ilə yaxın müddətdə Azərbaycanın torpaq­larını yağmalayanlar xanım Keralaynın dostları deyilmişlər...

Bəli, B.Koks hazırda Azərbaycanla Ermənistan arasında sülh müqaviləsinin imzalanma ehtimalının böyüklüyündən ciddi narahatdır. Nəinki narahatdır, həmin müqaviləyə görə Qarabağın Azərbaycan ərazisi kimi təsdiqlənməsindən sancıya düşür və ərazidəki erməni əhalinin taleyi ilə bağlı həyəcan təbili çalır: “Beynəlxalq güclərin qondarma sülh müqaviləsi müqa­bilində “Artsaxı” Azərbaycan Respublika­sına qurban verməsi üçün Ermənistan Respublikasına təzyiq göstərməsi barə­də məlumat məni dərindən narahat edir. Məlumatlara görə, danışıqlar prosesinin iştirakçıları bu razılaşmanın Ermənistan Respublikasının sərhədlərinin təhlükəsiz­liyini təmin edəcəyini və türk dünyası ilə ticarətə imkan verəcəyini bildirirlər”.

Yox, xanım Koks eşidir. Çox qocal­mayıb. O, hələ siyasi məsələlərdən də anlayışlıdır və konspriologiyasını işə sa­laraq deyir ki, sülh və firavanlıq vədlərinin qiyməti, daha doğrusu, ödənci var. “Sülh müqaviləsi hazırkı formada imzalansa, siz öz müqəddəratınızı təyin etmək üçün beynəlxalq hüququnuzdan imtina etməli olacaqsınız. Həyatınıza, azadlığınıza və torpağınıza nəzarətdən əl çəkəcəksiniz. Ermənistan Ali Ruhani Şurasının son bəyanatını qeyd edim: “Artsax Respub­likası”nı Azərbaycanın bir hissəsi kimi tanıyan Ermənistan hakimiyyəti qaçılmaz olaraq “Artsax”dakı qardaş və bacılarımı­zı yeni soyqırımı və deportasiya qarşı­sında qoyacaq”, – yazan Koksun erməni lobbi və diaspor təşkilatlarının hazırkı durumla bağlı irəli sürdüyü təqdimat not­larına kökləndiyi, sülh prosesini pozmaq üçün hərəkətə keçdiyi aşkardır. 

Təxribatçı mövqe tutan Lordlar pala­tasının üzvünün çərənləmələrində əlavə bir neçə məqam da var. Əvvəla, o, necə deyərlər, sarı simlərə toxunur. “Artsax xalqı” adlandırdığı amorf kütləni qəhrə­man kimi qələmə verərək, çalışır ki, bu kütlə silaha sarılsın. Kerolaynın təsvir et­diyi indiki mənzərədə Qarabağ erməniləri milli mənlik hisslərini, şərəflərini, ləyaqət­lərini itirmiş alçaq durumdadırlar. O, özü bilərəkdən məktubuna sadə insanların qüruruna toxuna bilmə ehtimalı böyük olan ifadələr daxil edir, təhrik yolu tutur. Göründüyü kimi, xanım parlamentarinin sentimentallığının arxasında qəddarlıq, təfriqə yaratmaq istəyi dayanır. 

Koks sülh müqaviləsindən sonra­kı durumla bağlı da söz açır. O yazır ki, rəsmi Bakı sənəddə göstərilənlərə əməl etməyəcək. Bu cür fikir bildirməkdə məqsəd Qarabağ ermənilərini Azərbay­cana qarşı hərəkətə keçirməkdir. Digər yandan isə yerli əhalinin ölkəmizin yu­risdiksiyası altında yaşamasının yolve­rilməzliyini vurğulayır, qorxu və həyəcan yaradır. 

Bu yerdə onu da deyək ki, dünya er­məniliyi Qarabağ ermənilərinin ölkəmizin tabeliyində qalmasındansa, onların fiziki cəhətdən məhvinə üstünlük verir. Baxın, Koks da etnik təmizləmədən, soyqırımın­dan danışır. Faktiki olaraq, həmin mənfur planın detallarına diqqət yetirir. Deməli, bu günlərdə, yaxud sülh müqaviləsinin bağlanması istiqamətində işlərin inten­sivləşəcəyi təqdirdə, Qarabağdakı qa­nunsuz silahlı hərbi birləşmələrinin yerli erməniləri qətlə yetirməyə başlayacaqları ehtimalı yaranır. Sonra da Koks kimi er­mənibaşlar bunu Azərbaycanın üstünə yıxmağa cəhd göstərə bilərlər. Hər halda, dünya erməniliyinin belə bir mənfur sse­narisinin mövcudluğu şübhəsizdir. Tarix boyu oxşar vəhşi əməlləri çox törədiblər. Bu kəsim eyni zamanda, “ermənilərsiz Qarabağ” formulunu avantürizmin niskili şəklində gələcəyə daşımaq niyyətindədir. Britaniyalı parlamentarinin məktubunda da həmin niskil ifadə olunmaqdadır. 

Sonda yenidən Leninin əvvəldə haqqında söz açdığımız məşhur saxta şüarına diqqət yetirərək, fikrimizi ye­kunlaşdıraq. Bəli, K.Koksun naməsi Azərbaycan–Ermənistan nizamlanma­sı prosesindəki hazırkı pozitiv çalarları heçə endirmək yönümlü aşkar təxribat mətnidir. Tam aydındır ki, ona məktub yazdıranların məqsədi də məhz budur. Əlbəttə, Koks və onun kimi küpəgirən­lərin səyləri əbəsdir. Çünki Qarabağda separatizmin nəfəsi kəsilmək üzrədir. Elə bu məzmunlu məktub da separatizm üçün aqoniya anının uzaq olmadığından xəbər verməkdədir. Belə saxta məzmun­lu mətnlər hansı pafoslu tonda təqdim olunmasından asılı olmayaraq, gəbərmiş “Miatsum” ideyasının xortlaması üçün birləşdirici rol oynaya bilməz.

 

Ə.RÜSTƏMOV, “Xalq qəzeti”

Siyasət