“Makronologiya”, yaxud Fransa imperializmində Edip kompleksi

post-img

“Bu yaramaz uşağın böyüyüb kim olacağını düşünəndə adamın tükləri biz-biz olur”. “Sehrli xalat” filmində səslənmiş bu ifadə bir növ zərb-məsəldir. Yazımızın qəhrəmanı da, necə deyərlər, yaramaz uşaqdır. Sadəcə “Sehrli xalat”ın Rəşidindən fərqli olaraq, müsbət obraz deyil, anti-qəhrəmandır. 

Bu uşaq dindar sayılmayan ziyalı ailəsində doğulmasına rəğmən, 12 ya­şında katolik kimi vəftiz olunmaq istəyib və olub. Sonra dini dünyagörüşü baxı­mından aqnostikliyə maraq göstərib. Yəni, yayğın, Tanrı və tanrıyabənzər, mövcudluğu ilə yoxluğu müəyyənləşdi­rilməyən varlıqlara inamı aşılayan fəlsəfi cərəyanın təmsilçisinə çevrilib və bu ye­niyetmənin gələcəyinə təsir göstərməyə başlayıb. Yeri gəlmişkən, o, indinin özün­də də aqnostikdir. 

...15 yaşında özünün həmin vaxt 40 yaşını haqlamış ədəbiyyat müəlliminə vurulub. Qeyd edək ki, psixoanaliz nöq­teyi-nəzərindən yeniyetmənin davranışı Edip kompleksi kimi xarakterizə edilir. Bu kompleksi uşağın şüursuz şəkildə əks cinsdən olan yeni valideynə sahib­lənmək istəyi səciyyələndirir. Tədricən istək valideynliyi aradan qaldırmağa kök­lənir. Freydin bu fenomenini şərh etmək üçün əsas götürdüyü Edip mifində söh­bət təkcə ana ilə oğul arasındakı “insest sevgi”dən getmir. Məsələyə həm də üs­yana qalxmış oğulun etirazı kimi baxmaq olar. O, patriarxal ailədə ata hakimiyyə­tinə qarşı çıxır. Yəni, bu mifdə əsas olan cinsi fon deyil, şəxsiyyətlərarası müna­sibətlərin məğzini təşkil edən gücə mü­nasibətdir. Nəhayət, Edip gücü yenir və əks cinsdən olan “valideynə” sahiblənir. Daha doğrusu, 40 yaşlı müəllim öz həyat yoldaşından ayrılır. Hələ buna qədər isə yeniyetmənin doğma atası həmin müəl­limə yaxınlaşıb ondan uşağın, heç olma­sa 18 yaşına çatmasını gözləməyi xahiş edir ki, bəlkə övladının fikri dəyişər. Şa­girdinə daha yaxşı “bələdçiliyə malik” pe­daqoqun cavabı isə təxminən belə olur: sizə heç nə söz verə bilmərəm. 

Bəli, yeniyetmənin fikri dəyişmir. Hər­çənd, özündən 25 yaş böyük olan müəlli­mi ilə ailə həyatı qurması vaxt aparır. Nə az, nə çox, düz 14 il. Nəhayət, 2007-ci ildə cütlüyün nigahı qeydə alınır. Bun­dan 10 il sonra isə ədəbiyyat və latın dili müəllimi ölkənin birinci xanımına çevrilir. Diqqətli oxucularımız, çox güman, söh­bətin hansı cütlükdən getdiyini təxmin etdilər. 

***

Əlbəttə, məqsədimiz Fransa Prezi­denti Emmanuel Makronun şəxsi həyatı­nı incələmək deyil. Diqqətə çatdırdığımız məqamlar da əslində aşağı-yuxarı bir çoxlarına məlumdur. İstəyimiz herento­fil psixoloji patalogiyasına malik birinin Fransanı da həmin patalogiyaya uyğun idarə etməsini diqqətə çatdırmaqdır. Nəzərə alaq ki, bu idarəçiliyin yaşadı­ğımız coğrafiyaya da təsiri var. Çünki hazırda Makronlu Fransa Avropadan və Avropa maraqlarından tam uzaq düşüb, dövlət başçısı ölkə lideri adının sanbalını özünün 16 yaşındakı motivlərinə qurban verib. Daha doğrusu, Makron rəsmi Pari­sin siyasətini özündən 25 yaş böyük olan həyat yoldaşı Bridciti vaxtilə əldə etmək üçün baş vurduğu ambisiya notlarına kökləmiş durumdadır. Onun özü də hə­min köklənişdən çıxa bilməyib. Dünyaya eyni “özünütəsdiq bucağından” yanaşır. Bu səbəbdən siyasətin müasir düzəni bu şəxs üçün qətiyyən maraqlı deyil. 

***

İlk baxışdan, mənzərə sadəlövh gö­rünə bilər. Ancaq Makronun karyera yük­səlişi göstərir ki, o, heç də sadəlövh deyil. Yəni, Fransa Prezidentinin kosmopolit tə­sir bağışlayan tərzi aysberqin yalnız gö­rünən tərəfidir. Nəzərə alaq ki, Makronun ölkənin İqtisadiyyat Nazirliyində maliyyə müfəttişliyindən başlanmış siyasət yo­lunda başlıca hədəf pul idi. Emmanuelin daha böyük pullar üçün ödəniş etməsi reallığı da var. O, 2008-ci ildə, yəni Bridcitlə ailə qurandan bir il sonra 50 min avro verərək, dövlətlə arasındakı müqa­viləni pozub. “Rothschild&Cie” qrupunda ticarət bankçısı işinə başlayıb. 2012-ci ilədək bu vəzifədə qalarkən, “Pfizer” şirkətinin bir qolunun “Nestle” tərəfindən satın alınması işinə girişib və 9 milyard avro qazanıb. 

Əslində son dövrlərin Fransası ölkə liderlərinin pula hərisliyi və qeyri-ordinar hərəkətləri baxımından diqqət çəkmək­dədir. Yada salaq ki, Makrondan əvvəlki dövlət başçısı Fransua Olland hakimiy­yəti illərində yalnız bir məsələ – 2013-cü ildə eynicinslilərin nikahını rəsmiləşdirən qanunu imzalaması ilə diqqət çəkmişdi. Ollandan əvvəlki Prezident Nikola Sarko­zi isə həbsə düşüb. 1984-cü ildə ölkənin Neuilly bələdiyyəsinin sədri kimi nikahını kəsdiyi qadınla 1996-cı ildə ailə qurmuş Sarkoziyə, həmçinin 2007-ci ildə onun prezidentlik kampaniyasını Liviyanın o zamankı lideri Müəmmər Qəddafinin ma­liyyələşdirməsi ilə bağlı səs-küylü işdə iştirak edən 12 nəfərə qarşı cinayət mü­hakiməsinin keçirilməsi Avropanın gün­dəmindən düşmür.

Əlbəttə, Makron nə Sarkozi deyil, nə də Olland. İkincilər onun yanında daha sadəlövh görünürlər. Hərçənd, Sarko­zinin pul hərisliyi baxımdan Fransanın hazırkı dövlət başçısına yaxınlığını iddia etmək mümkündür. Bəs, Makronun bu hərisliyi barədə nə demək mümkündür? Nəzərə alaq ki, 2008-ci ildə dövlət qul­luğunu daha çox vəsait qazanmaq üçün tərk etməsini və uğur əldə etməsini ona damğa kimi vurmaq bir o qədər yerinə düşmür. Deməli, daha nələrsə var. Bu baxımdan Fransa–Rusiya əlaqələri üzə­rində dayanmaq mümkündür. İlk baxış­dan, görünən mənzərə budur ki, Paris dünyanın aparıcı qüvvələri kimi Moskva­ya qarşıdır. Ancaq reallıq necədir? 

***

Son vaxtlar dünya mediasına çıx­maqda olan bəzi məlumatlar Makronun gizli Rusiya təəssübüsünü qabartmaq­dadır. Həmin məlumatlarda onun iqtisadi mənfəətlər naminə Kremli dəstəklədiyi iddia olunmaqdadır. Yəni, ilk baxışdan, anti-Rusiya müstəvisində yer aldığı gö­rünən Fransa əslində Moskvanın Ukray­na cəbhəsində ayaqda qalmasını təmin edən qüvvə qismində təqdim olunur. Yeri gəlmişkən, mövcud xüsusda Ermənis­tanla işbirliyi də qabardılmaqdadır. 

Qeyd edək ki, bu günlərdə ABŞ me­diasında Ermənistana elektron məhsulla­rın ixracının kəskin şəkidə artdığına dair məlumatlar yayılmışdı. Söhbət raketlərin hərəkətə gətirilməsi üçün elektron ele­mentlərdən – mikro çiplərdən gedir. O elementlər ki, sanksiya səbəbindən Ru­siyanın onları əldə etməsi mümkünsüz­dür. Yayılmış məlumatlarda Ermənista­nın bu işdə transizt funksiyası daşıdığı önə çəkilirdi. Ehtimallar var ki, hazırkı Fransa–Ermənistan işbirliyində mövcud məqam da əsas götürülməkdədir. Yəni, bu müstəvidə Paris İrəvana patronajlıq­la məşğuldur. Deməli, Fransanın erməni təəssübkeşliyinin müasir aspektlərində biznes maraqlarının dayandığı barədə söz açmaq mümkündür. Hər halda, qər­bpərəst Ermənistan o nəhənglikdə “biz­nesi” təkbaşına idarə edəcək, özünü ris­kə atacaq potensialda deyil... 

Fransanın Rusiya ilə bağlı mövqe­yinin dünya dövlətləri tərəfindən qəzəb­lə qarşılandığını da yada salmalıyıq. Makron ötən ilin oktyabrında ölkə tele­viziyasına müsahibəsində bildirmişdi ki, Rusiya nüvə silahı işlədərsə, Fransa ona sanksiya tətbiq etməyəcək. Belə bir baxı­şın səslənməsi, ilk növbədə, Britaniyanı hiddətləndirmişdi. Hələ o zamandan Pa­risin Moskvanın dirənişində rol oynadığı­na dair mülahizələr gündəmə gəlməyə başlamışdı. Doğrudur, Makron vaxtaşırı anti-Rusiya tezislərini dövriyyəyə burax­maqla, diqqəti öz üzərindən yayındırma­ğa müvəffəq olur... 

Ümumən, Fransının dövlət başçısı­nın Rusiya–Ukrayna müharibəsi fonun­da səsləndirdiyi fikirlər savaşın hazırkı arealından daha yüksək fazada olduğu barədə təsəvvür formalaşdırmağa he­sablanıb. Məsələn, o, bu ilin fevralında Avropa İttifaqını müdafiə xərclərini artır­mağa çağırmış, Böyük Britaniya, Fran­sa, Almaniya kimi ölkələrin və sənaye nümayəndələrinin iştirakı ilə Avropada Hava Hücumundan Müdafiə Konfransı­nın keçirilməsini təklif etmişdi. Sual olu­nur: Rusiya təhlükəsi bu qədərmi geniş miqyaslıdır? Onsuz da ölkə hər tərəfdən sanksiya burulğanındadır. 

Bəli, Makron sadəcə görüntü yaradır. Burada diqqət yetirilməli məqam onun xərclərin artırılmasını vurğulamasıdır. Bəs, özü bunu edirmi? Əslində yox. Ha­zırda Ukraynanın dirənişinə böyük döv­lətlərlə müqayisədə ən az töhfə verən Fransadır. Daha doğrusu, ən minimal pul xərcləyən Parisdir. Deməli, Makron çalışır ki, böyük dövlətlər anti-Rusiya cəbhəsinə maliyyə enerjisi sərf etməklə taqətdən düşsünlər. İlin əvvəlində “Rusi­ya məğlub olmayanadək Ukraynada sülh olmayacaq” deyən Makron bir neçə gün əvvəl bildirib ki, “biz Rusiya ilə müharibə aparmırıq. Bu, Rusiya ilə müharibə deyil. Biz Ukraynaya müqavimət göstərməyə kömək edirik, bu o deməkdir ki, biz Rusi­ya ərazisinə çata biləcək və ya Rusiyaya hücum etməyə yardımçı olacaq silahlar tədarük etmirik”. 

Görəsən, Makron Rusiyanın məğlub olmasını necə təsəvvür edir? Hər halda, indiki məqamda inanmaq sadəlövhlük olar ki, Moskva Əfqanıstanda olduğu kimi, qoşunlarını Ukrayna ərazisindən geri çağıracaq. Hər halda, Rusiya Pre­zidenti Vladimir Putin bunun ölkəsi üçün hansı mənfi perspektivi doğuracağını bil­məmiş deyil. 

Deməli, Fransa Ukraynada davamlı müharibə mühitinin mövcudluğunu istə­yir. Necə də istəməsin? Axı, Rusiya ilə savaşın aparıcı ölkələrə ziyanı Makrona imkan verir ki, ölkəsindəki durğunluğa qlobal izah tapsın və fikrini yerli ictima­iyyətə sırıyaraq hakimiyyət kürsüsün­də qalsın. Makronun istəyi budur. Digər tərəfdən, müharibədə itirən və sözün böyük anlamında qazanan tərəf var. Makron sözdə Rusiyanın, obrazlı desək, suyun qarşısını kəsmiş əjdaha simasını formalaşdırıb əjdahaya qarşı mübarizəyə təhrik etməklə bərabər, həmin əjdahanı ayaqda tutmaq istəyir ki, qazanmış tərəf özü olsun. 

***

Fransa istər Makronla, istərsə də ona qədərki liderlərlə özünü dünyaya qey­ri-ciddi təqdim edib. Əslində, yaşadığımız tarix qlobal Fransa imperializminin qüru­buna da şahidlik etməkdədir. Qurdluqdan düşəni yemək qaydası var. Makronu düz­gün dərk etdiyi elə budur və buna qarşı müqavimət göstərir. Əslində göstərdiyi müqavimət yox, çırpıntıdır. Fransa Pre­zidenti ölkəsinin siyasət nəhəngləri tərə­findən “yemə” çevriləcəyinin fərqindədir, sadəcə siyasi düşüncəsi çatmır ki, həm buna qarşı çıxsın, həm də harada səh­və yol verdiyini anlasın. Nə etmək olar, Fransanın siyasi sistem kasaddır, ortaya rasional düşüncə sahibi qoya bilmir. Nə­ticə etibarilə, əslində təsadüf nəticəsində hakimiyyətə gəlmiş və bunu etiraf etmiş Makron ölkəsinin qlobal mövcudluq axta­rışı uğrunda Yelisey sarayı rəhbərlərinin indiyədək heç vaxt yollanmadığı Monqo­lustana səfər gerçəkləşdirir. Öz aləmində yeni qütb formalaşdırır... 

Bəli, Makron yaxşı bilir ki, Rusiya–Uk­rayna müharibəsindən sonra yaranacaq siyasi sistemdə Fransanın maraqlarına yer yoxdur. Bu səbəbdən, müharibənin mümkün qədər çox davam etməsini istə­yir və mövcud kontekstdə Fransa–Rusi­ya gizli əməkdaşlığının Moskvanı ayaqda tutmaq məntiqi ilə bağlı dünya mediasına yol tapmış fikirlərin həqiqət payı üzərin­də dayanmaq mümkündür. Başqa bir tərəfdən, Parisin müharibənin davam et­məsindən yararlanıb, ayrı-ayrı istiqamət­lər üzrə özünün hakim mövqe tutmaq istəməsi amili də var. Budur, Makron Cə­nubi Qafqazda fəallıq göstərir.

Ümumən, sadaladıqlarımız Makron Fransasının cılız hərkətlər trayektoriyası­nın məhsulu kimi meydana çıxmaqdadır. Bu sayaq gedişlər, təxribatçılıq meyilləri uğur qazanmaq üçün kifayət deyil. Söh­bət sırf Fransa Prezidentinin özündən gedirsə, belə görünür, onun ən böyük uğuru həyatını özündən 25 yaş böyük müəllimi ilə bağlamağı bacarmasıdır. Bu yerdə “Şərikli çörək” filmindəki bir ifadə yada düşür: “Uşaqda fərasətə bax ey!..”.

 

Ə.CAHANGİROĞLU,
“Xalq qəzeti”

Siyasət