Alen Simonyan zamin axtarışında

post-img

Ermənistanda indiyədək mövcud olmuş rejimlərin və hayların özlərinin hər zaman xarici qüvvələrin timsalında arxa-dayaq axtarmağa çalışması heç kimə sirr deyil. Haylar məhz xarici havadarlarının hesabına Azərbaycan torpaqlarını işğal ediblər, XX əsrdə xalqımızın başına olmazın müsibətləri gətiriblər. Azərbaycanın yürütdüyü uğurlu xarici siyasət nəticəsində onlara sıx dəstək verən ölkələr neytrallaşdırılıb. Ancaq Müdafiə Nazirliyinin də bu ilin martın 30-da yaydığı açıqlamada deyildiyi kimi, Ermənistanın dünyada iki əsas müttəfiqi varsa, onlardan biri Fransa, ikinci isə İrandır. 

Son bir-iki ayda İrandan ölkəmizə ünvanlanan təhdidlər xeyli azalıb. Ən azı münasibətlər ilin ilk rübündə olduğu kimi, gərgin deyil. Ermənistan isə son vaxtlar Hindistanla müttəfiqlik münasi­bətlərini gücləndirməyə çalışır. Ölkələr arasında hərbi əməkdaşlıq qurulub, vaxtaşırı xarici işlər nazirlikləri arasın­da siyasi məsləhətləşmələr keçirilir. Qarşılıqlı səfərlərin sayında artım var. Azərbaycan da Hindistanla münasi­bətləri inkişaf etdirir və prosesdə həm Bakı, həm də Dehli maraqlıdır. Mayın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hindistanın ölkəmizə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Sridharan Madhu­sudhananı qəbul edib. Səfir qəbul za­manı bildirib ki, ölkəsi Azərbaycanın ilk 5 ticarət tərəfdaşı sırasındadır və ötən il qarşılıqlı ticarətin 155 faiz artması bunun yaxşı göstəricisidir. Hindistan Prezidenti Draupadi Murmunun mayın 27-də cənab İlham Əliyevə Müstəqillik Günü münasibətilə ünvanladığı təbrik məktubunda isə Hindistan və Azərbay­can arasında tarixi köklərə söykənən əlaqələrin mövcud olduğu bildirilir. Qeyd olunur ki, son zamanlar hər iki ölkənin ticarət dövriyyəsi əhəmiyyətli dərəcədə artıb: “Ümidvaram ki, əmək­daşlığımız qarşılıqlı hörmət və maraq­lar əsasında daha da inkişaf edəcək­dir”. Bütün bunları ümumiləşdirəndə, hazırda Ermənistanın dünyada yeganə əsas müttəfiqinin Fransa olduğunu qeyd etmək mümkündür.

Görünür, elə bu səbəbdəndir ki, Ermənistan parlamentinin sədri, baş nazir Nikol Paşinyanın yaxın adamı hesab olunan Alen Simonyan zamin axtarışına çıxıb. O, parlamentdə keçir­diyi brifinqdə deyib ki, Rusiya, Avropa İttifaqı və ABŞ Ermənistanla Azərbay­can arasında sülh müqaviləsinin təmi­natçısı olmağa hazırdır, lakin bunun üçün ən möhkəm mexanizmi seçmək lazımdır. O əlavə edib ki, danışıqların aparıldığı bütün mərkəzlər sazişin hə­yata keçirilməsinin təminatçısı olmağa hazırdır. Lakin Ermənistan tərəfi üçün bu təminatın razılaşmalara əməl olun­ması məsələsində ardıcıllığın olması vacibdir. Mövcud kontekstdə Simonyan bildirib ki, noyabrın 10-da imzalanmış üçtərəfli razılaşmanın həyata keçiril­məsinin tərəfdarı olan zamin davranışı və bəyanatları şəxsən onu qane etmir. “Bizim 10 noyabr təcrübəmiz var və biz keçmişin səhvlərini təkrar etməyəcə­yik”, – deyə spiker bildirib.

Jurnalistin “siz Rusiyanı nəzərdə tutursunuzmu” sualına isə Simonyan mənfi cavab verib və izah edib ki, söhbət təminatın daha aydın və ba­şadüşülən mexanizmlərindən gedir. Yenə jurnalistlərin ATƏT-dən nümunə götürərək beynəlxalq formatdan söh­bət getməsi ilə bağlı replikasına cavab olaraq parlamentin sədri əlavə edib ki, onun fikrincə, bir ölkə təminatçı kimi çıxış etsə, daha yaxşı olar: “Təcrübə göstərir ki, bir neçə ölkə prosesə cəlb olunanda ya onların arasında yaranan münaqişə səmərəli işə mane olur, ya da məsuliyyəti biri-birinin üzərinə at­mağa çalışırlar.

A.Simonyan bu məqamda Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının ünvanına giley-güzar yağdırıb. O, əv­vəlcə qurumda qərarların konsensusla qəbulunu KTMT-ni misal çəkib. Lakin diqqəti Rusiyanın üstün mövqe tut­masına yönəldib. Bununla belə əlavə edib ki, Moskva heç də həmişə qərarla­rın qəbulunda fəal rol oynamır. Simon­yan Ermənistanın KTMT müstəvisində iki sənədi imzalamaqdan imtina etdiyini xatırladıb: “Ona görə də yaxşı olardı ki, bir ölkə zamin olsun. Bu, Rusiya, Fran­sa, Almaniya ola bilər. Amma dəqiq mexanizmlərə malik bir ölkə. Əgər qə­rara alınsa ki, Laçın yolu bütün nəqliy­yat növləri üçün açıq olmalıdır, deməli bu qaydaya əməl olunmalıdır”.

Ermənistan parlamentinin sədri Azərbaycanın ünvanına böhtan at­maqdan da qalmayıb. Deyib ki, “etnik təmizləmə” (?) və ya atışma zama­nı tərəfdaşın necə hərəkət edəcəyini dəqiq fiksə etmək lazımdır.

Beləliklə, A.Simonyan indiyədək özünü N.Paşinyanın sadiq tərəfdarı kimi göstərsə də, onun son açıqlaması faktiki olaraq, baş nazirlə fikir müxtə­lifliyində olduğunu göstərir. Bu fakt Paşinyanın komandası daxilində ona qarşı çıxan qüvvələrin mövcudluğunu göstərir. Çünki Nikol indiyədək heç bir halda hansısa mexanizmlərin olmasın­dan, zamin ölkədən bəhs etməyib. O, yalnız Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təminatı məsələsin­dən söz açıb. Rəsmi Bakı isə Qarabağ ermənilərinin Azərbaycan vətəndaşları olduqlarını və ölkənin bütün vətən­daşları kimi, Konstitusiyamızda əksini tapmış hüquq və imtiyazlardan yarar­lanacaqlarını bəyan edib. Azərbaycan üçün hazırda prioritet məsələ ölkəmi­zin yurisdiksiyasından irəli gələn və­zifələrin həllidir. Hansısa zəmanətçiyə, moderatora və ya vasitəçiyə ehtiyacı­mız yoxdur. Simonyan tərəfindən bu arqumentin, belə bir narrativin ortaya atılması isə təkcə Bakının yox, həm də İrəvanın mövqeyi ilə üst-üstə düşmür.

Zaur MƏMMƏDOV,
Dövlət İdarəçilik Akademiyasının müəllimi, politoloq

– Sülh müqaviləsi imzalandıq­dan sonra ona hansısa ölkələrin, yaxud beynəlxalq institutların za­min durması məsələsi Ermənis­tanın müxtəlif rəsmiləri tərəfindən vaxtaşırı qaldırılır. Əgər Ermənis­tan Azərbaycanın əsas tələblərini yerinə yetirərsə və sülh müqavilə­sinin imzalanması ilə bağlı əsas məqamlar üzrə razılığa gələcəyik­sə, o zaman zaminçilik institutunun olması məsələsi müzakirə predme­ti ola bilər. Əsas problem Azərbay­can və Ermənistan arasında apa­rılan danışıqlarda İrəvanın ortaya hər dəfə yeni məsələlər atması, yeni terminlərlə gündəmə gəlməsi­dir. Ancaq ölkənin baş naziri Qara­bağın Azərbaycan ərazisi olmasını artıq etiraf edib. Buna baxmaya­raq, Simonyan hansısa təsisatların zaminliyindən dəm vurur. Biz bu və digər məsələlərə görə sülh müqa­viləsini hələ də imzalanmadığını görürük. Yəni, İrəvan tərəfindən belə hallar baş verir.

Ermənistan parlamentinin sədri Azərbaycanın regionda yaratdığı reallıqları yaxşı düşünüb dəyərlən­dirmək məcburiyyətindədir. Ancaq görünən odur ki, hələ də bunu dərk edə bilmir. Simonyan başa düşməlidir ki, bölgənin təhlükəsiz­lik arxitekturası məhz güclü Azər­baycan dövlətinin səyi nəticəsində qurulmaqdadır. Sülh müqaviləsinin həyata keçirilməsinə, Qarabağda yaşayan ermənilərin təhlükəsizli­yinə təminatı da Azərbaycan döv­ləti verəcək.

Artıq beynəlxalq institutlar və aparıcı dövlətlər Azərbaycanın haqq səsini eşitməkdə və Qara­bağın ölkəmizin ayrılmaz tərkib hissəsi olduğunu qəbul etməkdə­dirlər. Nikol Paşinyanın son etirafı da bu təzyiq fonunda baş verdi. Bundan sonra tez bir zamanda Ermənistan verdiyi sözlərə əməl etməlidir. Çünki uzun müddət göz­ləyəsi deyilik. 2023 və 2024-cü il bu məsələnin həllində əsas illər olmalıdır. Çünki bundan sonra re­gionda vəziyyət gərginləşə bilər. Paşinyan bunu çox yaxşı başa düşməlidir. Əslində, ya Ermənis­tan Azərbaycan və Türkiyə ilə yeni münasibətlərə qədəm qoyur, Qa­rabağı Azərbaycanın tərkib hissəsi kimi qəbul edir, ərazi iddialarının üzərindən xətt çəkir, ya da Ermə­nistan dövlətçiliyinin özü sual altı­na düşür. Bu, artıq Azərbaycan və Türkiyə ilə bağlı deyil. Ümumən, erməni dövlətçiliyinin gələcəkdə təhdid altında qalmasının ən böyük səbəbkarı məhz onun indi yanında olduğu, siyasi təhlükəsizlik çətiri altında gizləndiyi ölkələr olacaqdır. İrəvanın Bakı və Ankaranın yanın­da olması isə onun təhlükəsizliyi üçün çox böyük sığorta deməkdir. Əgər Ermənistan düşmənçiliyi, kin-küdurəti davam etdirəcəksə, o zaman təklənəcək.

Səxavət HƏMİD, “Xalq qəzeti”





Siyasət