Azərbaycan ilə Rusiya arasında Xəzər dənizi məsələləri üzrə məsləhətləşmələr keçirilib

post-img

Mayın 30-da Moskva şəhərində Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında Xəzər dənizi məsələləri üzrə ikitərəfli məsləhətləşmələr keçirilib.

Bu barədə AZƏRTAC-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, məsləhətləşmələrdə Azərbaycan tərəfini xarici işlər nazirinin müavini, Azərbaycan Respublikası Prezidentinin sərhəd və Xəzər dənizi məsələləri üzrə xüsusi nümayəndəsi Xələf Xələfov, Rusiya tərəfini isə MDB-nin iştirakçı dövlətləri olan həmsərhəd dövlətlərlə Rusiya Federasiyasının dövlət sərhədlərinin delimitasiyası və demarkasiyası üzrə Rusiya Federasiyası Prezidentinin xüsusi nümayəndəsi Mixail Petrakov təmsil edib.

Görüş zamanı, Xəzər dənizində beştərəfli əməkdaşlığa aid olan geniş spektrli məsələlər müzakirə olunub.

Xəzəryanı dövlətlərin 2022-ci il iyunun 29-da keçirilən altıncı Zirvə toplantısında qəbul olunmuş qərarların həyata keçirilməsinin vacibliyi qeyd olunub.

Xəzər dənizi məsələləri üzrə Yüksək Səviyyəli İşçi Qrupun gündəliyi ilə bağlı məsələlərə dair mövqelərin dəqiqləşdirilməsinin qarşılıqlı anlaşmaya və qrupun növbəti iclasının səmərəliliyinə töhfə verəcəyi vurğulanıb.

Məsləhətləşmələr zamanı Xəzər dənizində düz çıxış xətlərinin çəkilməsi metodikası və Xəzəryanı dövlətlər arasında razılaşma mərhələsində olan sahəvi əməkdaşlıq məsələləri ilə bağlı saziş layihələri, eləcə də Xəzər regionunda təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

Siyasət