Sabah üç taekvondoçumuz mübarizəyə başlayacaq

post-img

Bakıda keçirilən taekvondo üzrə 26-cı dünya çempionatının üçüncü gününün püşkü atılıb. Püşkatmanın nəticəsinə görə, mayın 31-də mübarizə aparacaq Azərbaycan taekvondoçularının ilk rəqibləri bəlli olub.

Onu da əlavə edək ki, Dünya Taekvondo Federasiyasının 50 illik, ümummilli lider Heydər Əliyevin 100 illik yubiley mərasimi ilə eyni vaxta təsadüf edən çempionatda 80 kiloqram çəki dərəcəsində dayanq üzərinə çıxacaq Əliəskər Əliyev onaltıdabir final mərhələsində Ababakar Soumare (Seneqal) – Teddi Opoya Lessakola (Qabon) cütünün qalibi ilə qarşılaşacaq.

Qeyd edək ki, 87 kiloqram çəki dərəcəsində mübarizə aparacaq digər həmyerlimiz Taleh Süleymanov da mübarizəyə onaltıdabir finaldan qoşulacaq. İlk görüşdə onun rəqibi Manuel Pollet (Belçika) – Laurentiu Snakov (Rumıniya) cütünün qalibi olacaq.

Sonda bildirək ki, 49 kiloqram çəkidə yarışacaq qadın taekvondoçumuz Patimat Abakarova da ilk mərhələdən azaddır.  Patimat onaltıdabir finalda Yaponiya taekvonduçusu Çina Murakami və Finlandiya idmançısı Jenna Ylonen cütünün qalibini sınağa çəkəcək. 

Sabah bu üç çəki dərəcəsi üzrə döyüşlərə saat 09:00-da start veriləcək.

Məlumat üçün deyək ki, yarışın birinci və ikinci günlərində milli komandanın üç üzvü –Cavad Ağayev (68 kq), Qaşım Maqomedov (58 kq)  və Fəridə Əzizova (67 kq) çempionatı mükafatsız başa vurublar.

Elçin ABBASOV,
"Xalq qəzeti"

İdman