Azərbaycanın sərhədləri pozulmazdır

post-img

Erməni təxribat-diversiya qrupunun 2 üzvünə cinayət işi açılıb

Mayın 26-da Azərbaycan–Ermə­nistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisin­dən keçən hissəsində Ermənistan silahlı qüvvələrinin təxribat-diver­siya qrupu tərəfindən Azərbaycan Respublikasının dövlət sərhədinin pozulmasının qarşısı alınıb.

Bu barədə Azərbaycan Respublika­sı Baş Prokurorluğu və Dövlət Sərhəd Xidməti birgə məlumatında bildirilir ki, sərhəd-döyüş məntəqəsində xidmətdə olan hərbi qulluqçularımızın sayıqlığı nəticəsində təxribat-diversiya qrupu­nun hərəkəti vaxtında aşkarlanaraq zəruri tədbirlər görülüb və nəticədə Ermənistan silahlı qüvvələrinin 2 hərbi qulluqçusu saxlanılıb.

Faktla bağlı Azərbaycan Respub­likası Baş Prokurorluğunun İstintaq idarəsində aparılan araşdırma zamanı Ermənistan Respublikasının hərbi qul­luqçuları – Hovakimyan Harut Yuriki, Qazaryan Karen Aşoti və qeyrilərinin qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək mayın 26-da saat 16 radələrində Azərbaycan Respubli­kasının mühafizə olunan dövlət sərhə­dini qanunsuz əldə edib özləri ilə daşı­dıqları odlu silah və döyüş sursatları ilə birlikdə qanunsuz olaraq nəzarət-bu­raxılış məntəqələrindən və gömrük sərhədindən gömrük nəzarətindən kə­nar keçməklə respublikamızda ictimai təhlükəsizliyi pozmaq, əhali arasında vahimə yaratmaq, yaxud Azərbaycan Respublikasının dövlət hakimiyyət orqanları tərəfindən ərazi bütövlüyü­müzün ziddinə qərar qəbul edilməsinə təsir göstərmək və milli düşmənçilik salmaq məqsədilə insanların həlak ol­ması, onların sağlamlığına zərər vurul­ması, əhəmiyyətli əmlak ziyanının vu­rulması üçün Zəngilan rayonu Rəzdərə kəndi ərazisində yerləşən və dövlət sərhədini mühafizə edən Dövlət Sər­həd Xidmətinin Sərhəd Qoşunlarının N saylı hərbi hissəsinin hərbi qulluq­çularına odlu silahla atəşlər açmaqla onlara qarşı zor tətbiq edib terror aktı törədəcəkləri ilə hədələmələrinə əsaslı şübhələr müəyyən edilib.

Qeyd olunanlarla bağlı Azərbaycan Respublikasının Baş prokuroru tərə­findən Cinayət Məcəlləsinin 206.3.2 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silah və döyüş sursa­tının qaçaqmalçılığı), 214.2.1, 214.2.3 (terrorçuluq, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən odlu silahdan is­tifadə etməklə törədildikdə), 228.2.1 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah əldə etmə, daşıma, saxlama), 283.2.1 (zor tətbiq etməklə milli düşmənçiliyin salınmasına aşkar surətdə yönələn hərəkətlər etmə) və 318.2-ci (qabaqca­dan əlbir olan bir qrup şəxs tərəfindən zor tətbiq etməklə Azərbaycan Res­publikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələri ilə cinayət işi başlanaraq ibtidai istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilib.

Toplanmış sübutlar əsasında Harut Hovakimyan və Karen Qazaryan şü­bhəli şəxs qismində tutularaq istintaqa cəlb olunub.

Hazırda cinayət işi üzrə zəruri istin­taq tədbirləri davam edir.

İstintaqın gedişatı və nəticəsi barə­də ictimaiyyətə ətraflı məlumatın veril­məsi təmin ediləcək.

***

Baş Prokurorluğun mətbuat xid­mətindən qəzetimizə verilən məlu­matda bildirilir ki, Ermənistan si­lahlı qüvvələrinin təxribat-diversiya qrupu bu il mayın 26-da Azərbay­can–Ermənistan dövlət sərhədinin Zəngilan rayonunun Rəzdərə kəndi ərazisindən keçən hissəsində Azər­baycan Respublikasının dövlət sər­hədinin pozmuş və digər qanunsuz hərəkətlər törətmişdir.

Bununla bağlı Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq mad­dələri ilə cinayət işi başlanıb. Baş Prokurorluğun İstintaq idarəsində istintaq edilən cinayət işi üzrə Ermə­nistan silahlı qüvvələrinin 2 hərbi qul­luqçusu – Hovakimyan Harut Yuriki və Qazaryan Karen Aşoti təqsirləndirilən şəxs qismində cəlb edilib və məh­kəmənin qərarı ilə barələrində həbs qətimkan tədbiri seçilib.

 

Qəzənfər QASIMOV, “Xalq qəzeti”

Siyasət