28 may seçkiləri: Türkiyə yenidən sandıq başındadır

post-img

Bu gün Türkiyə dövləti və xalqının taleyində ən mühüm günlərdən biridir. Belə ki, 28 mayda qardaş ölkədə prezident seçkilərinin ikinci turu keçirilir. Bu gün axşam saatlarında prezidentliyə iki namizəddən birinin – AKP lideri Rəcəb Tayyib Ərdoğanın, yoxsa CHP-nin rəhbəri Kamal Kılıçdaroğlunun dövlətin ali postuna seçiləcəyi bəlli olacaq. 

Hazırda bütün dünyanın nəzərləri Türkiyəyə dikilib. Qeyd edək ki, 28 may­da səsvermənin nəticələri təkcə Türkiyə və region üçün deyil, hətta qlobal dün­ya düzəni üçün də böyük önəm daşıyır. Bunu həm Türkiyə daxilində, həm də ölkə xaricində hər kəs başa düşür. 

Rəsmi Ankaranın dünya siyasətində çəkisi və nüfuzunun artmasını arzula­yanlar yetərincə olduğu kimi, təəssüf ki, onun daxili işlərinə qarışaraq, Türkiyənin yenidən xaricdən idarəolunan bir döv­lətə çevrilməsinə çalışanlar da az deyil. Bütün mənalarda bugünkü səsvermənin nəticələri çox şeyə təsir göstərə bilər. Son və həlledici sözü, təbii ki, müdrik türk xalqı deyəcək! 

Hörmətli oxucular, “Xalq qəzeti” Tür­kiyədə prezident seçkilərinə hazırlıq və səsvermənin təşkili və nəticələri ilə bağlı silsilə analitik yazılar, şərh və reportaj­lar dərc edib. 14 may seçkilərinin birinci mərhələsinin nəticələri və bunları şərtlən­dirən səbəblər, eləcə də ikinci turla bağlı proqnozlar barədə Ankaradakı Bilkənd Universitetinin professoru, Türkiyə–Azərbaycan Dostluq, Əməkdaşlıq və Həmrəylik Fondunun Rəyasət və İdarə heyətlərinin üzvü, Dövlət mükafatı laure­atı, Əməkdar elm xadimi Əmrulla Məm­mədlinin məxsusi olaraq qəzetimiz üçün qələmə aldığı məqalənin birinci hissəsini bundan əvvəlki nömrəmizdə oxucula­ra təqdim etmişik. Yazının kifayət qədər dolğun və aktual olduğu barədə müsbət rəylər almışıq. Bu gün həmin analitik ya­zının ikinci hissəsini oxucuların diqqətinə təqdim edirik. 

II məqalə

Türkiyədə keçirilən son seçkilərə dünyanın hər yerində maraq böyükdür. Xüsusilə Avropa və ABŞ-da bu prosesi ilk gündən diqqətlə izləyirlər. Təsadüfi deyil ki, Qərb mətbuatı Türkiyədəki seçkilərlə bağlı çox sayda şərh və rəylər dərc et­mişdir. 

Nüfuzlu “The Financial Time” qəzeti ABŞ Senatının Xarici Əlaqələr Komitəsi­nin üzvü, demokrat senator Kris Mörfinin “Bu ölkəni kimin idarə etməsindən ası­lı olmayaraq Türkiyə bizim üçün həyati tərəfdaş olacaq” sözlərinə istinad edən şərh dərc edib. Yazıda AKP lideri, Pre­zident R.T.Ərdoğanın Rusiya–Ukrayna müharibəsində vasitəçi roluna xüsusi diqqət verilib. Türkiyənin dövlət başçısı­nın xarici siyasətdə parlaq uğurlar əldə etdiyini vurğulayan qəzet, həmçinin iqti­darın 2023-cü il fevralın 6-da baş verən dəhşətli zəlzələdən sonra əhaliyə təcili yardım təşkil etdiyini qeyd edib. 

Türkiyədə seçkilərə hazırlıq prosesi­ni xronoloji ardıcıllıqla təhlil edən qəzet “Ərdoğan bütün ehtimalları necə məğlub etdi?” başlıqlı məqalədə dövlət başçı­sının xarici şərhçilərin neqativ gözlən­tilərinin fövqündə durduğundan yazıb. Şərhdə “R.T.Ərdoğan seçicilərin ilk turda dəstəyinə əmin idi, hətta zəlzələ bölgə­sində əhalinin ona və komandasına olan etimadı azalmadı” ifadələri işlədilib. 

Türkiyədə son iyirmi ildə mövcud ha­kimiyyətin əldə etdiyi uğurlar göz önündə­dir. Amma bu, Qərb siyasətçilərini və bu ölkələrin media qurumlarını narahat edir. Türkiyənin 2023–2028-ci illərdə R.T.Ər­doğanın mümkün prezidentliyi dövründə daha böyük zəfərlər qazanacağı ilə bağlı narahatlıqlardır. 

Bəli, rəqibləri Ərdoğan Türkiyəsini dayandıra bilmir! Akkuyuda tam gücü ilə işləyəcək Atom Elektrik Stansiyası, Cə­nub-Şərqi Anadoluda neft ehtiyatlarının aşkar edilərək istifadəyə hazır vəziyyətə gətirilməsi, modern hücum təyyarələri­nin ölkənin silahlı qüvvələrinə verilməsi, zəlzələ bölgəsində genişmiqyaslı tikinti işlərinin başa çatdırılması və on minlərlə evin və müvafiq infrastrukturun zəlzələ­dən zərərçəkən ailələrə verilməsi, hazır­da iqtisadi problemləri olan Türkiyənin yenidən dirçəlməsi və regionda liderliyini təsdiqləməsi, Şərqi Aralıq dənizində söz sahibi olması, ölkə ərazisində yüksək sürətli dəmir yollarının ardıcıl olaraq is­tifadəyə verilməsi, Yeni İstanbul Kanalı layihəsinin reallaşdırılması və buna bən­zər bir çox iri layihələr “müttəfiqləri” çox narahat edir. 

Rəsmi Anakaranın xarici əlaqələrdəki uğurlarından müfəssəl söz açmağı belə artıq hesab edirəm. 2020-ci ilin payızın­da 44 günlük Vətən müharibəsində “Can Azərbaycan”ın yanında olduğunu bəyan edən və hərtərəfli dəstəyini əsirgəməyən, Rusiya–Ukrayna müharibəsində hər iki ölkə ilə danışa bilən, qardaş Türk Döv­lətləri Təşkilatının yaradılmasına rəhbər­lik edən, onları bütün səviyyələrdə müda­fiə edən, qoruyan, Türkiyə artıq regional güc olmaqdan çıxıb və çağdaş dünyada sayılıb-seçilən, hörmətli və qüdrətli bir ölkədir.

Qərb isə 1960–1990-cı illər arasında hər cəhətdən ona ehtiyacı olan bir Tür­kiyə xəyal edir və bu səbəbdən də sayın Rəcəb Tayyib Ərdoğan avropalılara və amerikalılara heç cür sərf eləmir. Onlar hazırkı dövlət başçısı kimi dəmir iradəli lideri yox, hər cür güzəştə açıq olan digər namizədi var gücləri ilə dəstəkləyirlər. 

Qərbin qərəzli mövqeyinə yeganə əks yanaşmanı isə rəsmi Pekin sərgiləyir. Belə ki, bir müddət əvvəl Çin Xalq Res­publikasının Ankaradakı fövqəladə və səlahiyyətli səfiri Liu Şaobin deyib: “Çin tərəfi hər zaman Türkiyənin öz təhlükə­sizliyini və ərazi bütövlüyünü qorumaq səylərini dəstəkləyir”. İHA agentliyinə açıqlama verən səfir Şaobin Türkiyə-Çin münasibətlərini, Ukrayna-Rusiya mühari­bəsini və Çinin Tayvan siyasətini dəyər­ləndirib. Səfir bir daha vurğulayıb ki, onun ölkəsi Türkiyənin öz milli maraqla­rına uyğun inkişaf yolu ilə irəli getməsini müsbət hal qiymətləndirir. Digər Çin rəs­miləri də dəfələrlə bəyan ediblər ki, onlar xarici güclərin Türkiyənin daxili işlərinə qarışmasına qarşıdırlar. 

“Millət İttifaqı” tərəfindən seçkilərin nəticələrinə baxanda ürəkaçan bir və­ziyyətlə rastlaşmırıq. Seçkilərdə ağır məğlubiyyətlə üzləşən (6+1) koalisiyası düçar olduğu uğursuzluğu ört-basdır et­mək üçün guya əvvəlki seçkilərdə oldu­ğu kimi, yenə də “səslərin oğurlandığını” iddia edir. Lakin onlar “səslər oğurlanıb” yalanını dövriyyəyə buraxsalar da, CHP-yə yaxın jurnalistləri belə buna inandıra bilmədilər. 

P.S. 14 may seçkiləri ilə bağlı dünya­nın çox sayda yaxın-uzaq ölkələrinin ta­nınmış siyasətçiləri, vətəndaş cəmiyyəti fəalları, saysız-hesabsız media təmsil­çiləri Türkiyəyə səfər edərək bu ölkənin ayrı-ayrı şəhər və qəsəbələrində səs­vermə prosesini izləyiblər. Onların çoxu qardaş ölkədə səsvermə prosedurunun ən yüksək səviyyədə, tam sərbəst, azad və şəffaf şəkildə təşkil olunduğunu etiraf etməli olublar. 

Azərbaycan vətəndaşları olaraq biz seçkilərin ikinci turunun da nümunəvi şəkildə keçiriləcəyinə, müdrik türk xalqı­nın ən doğru seçimi edəcəyinə əminik. Böyük Atatürk deyirdi: “Azərbaycanın se­vinci bizim sevincimiz, kədəri bizim kədə­rimizdir”. Azərbaycan xalqı da məhz belə düşünür. Təəssüf ki, son günlər iki xalq arasında münasibətlərə zərər vurmaq istəyən qüvvələr peyda olub. Bakı Dövlət Universitetinin Türkologiya kafedrasının müdiri, professor Rüfət Rüstəmov bildir­di ki, azərbaycanlılarla türklərin arasını vurmaq cəhdləri mənasız və boş şeydir. Dırnağı ətdən ayırmaq mümkün deyil! 

Dahi siyasətçi Heydər Əliyev hər za­man fəxrlə “Azərbaycan ilə Türkiyə iki dövlət, bir millətdir” deyirdi. Bu gün xoş­bəxtlikdən Türkiyə dövləti dünyanın ən sivil, demokratik və güclü dövlətlərindən biridir. Türkün azad, yenilməz ruhu bu milləti hər zaman ayaqda saxlayıb, onu güclü və əyilməz edib. Əziz Türkiyə, biz səninlə fəxr edirik və hər zaman sənin yanındayıq! Sənin seçimin bizim seçi­mimizdir, sənin iradən bizim iradəmizdir. Allah Türkiyəni və türkü qorusun! 

 

Yazını təqdim etdi:
Məsaim ABDULLAYEV,
“Xalq qəzeti”



Siyasət