Ermənistanda siyasi kollaps

post-img

Ermənistanın baş naziri Nikol Paşinyanın Qarabağın Azərbaycana məxsusluğunu bildirdiyi bəyanat böyük əks-səda doğurub. Hazırda erməni siyasi dairələri içərisində məsələ ətrafında isterik durum var. Bu durumun müxtəlif təzahür formaları özünü göstərməkdədir. Yazımızın ikinci bölümündə belə hallara nəzər salacağıq. 

Bundan əvvəl isə bildirək ki, N.Paşinyanın mə­lum bəyanatı Rusiyanın siyasi daiərələri tərəfindən də təhlil olunmaqda, mövcud xüsusda müxtəlif məqamlara nəzər salınmaqdadır. Bu baxımdan, fikirlərinə istinad etdiyimiz şəxs Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun tərkibində­ki Avro-Atlantik Təhlükəsizlik Mərkəzinin aparıcı elmi işçisi, politoloq Sergey Markedonovdur. Mar­kedonov özünün “Don kazakı” teleqram kanalında keçirdiyi mətbuat konfransında Ermənistanın baş nazirinin fikirlərini təhlil edib. Onun yanaşma tərzi, kifayət qədər, özünəməxsus səciyyə daşımaqda­dır. 

Beləliklə, politoloq Markedonov bildirib ki, yaxın gələcəkdə üç rəqəm (səkkiz və iki altı) erməni milli rəvayətlərində mürəkkəb dramatik əksetdirmə ob­yektinə çevriləcək. Söhbət Azərbaycanın baş nazir N.Paşinyan tərəfindən tanındığı bildirilən 86,6 min kvadratkilometrlik ərazisindən gedir. O ərazidən ki, onun tərkibində Qarabağ da var.

Markedonov deyib ki, Nikolu milli xəyanətdə ittiham etmək, eləcə də “Qarabağın təslim edil­məsi” prosesinin kim və nə vaxt başladığı barədə sui-qəsd nəzəriyyələri yaratmağa başlamaq daha asandır. “Postsovet Ermənistanının “Qarabağsız­laşdırılmasının” sistemli təhlilini təqdim etməyə çalışmaq isə çətindir. Bir şərh çərçivəsində bu, əlbəttə, mümkün deyil. Ancaq əsas nöqtələri qeyd etmək olar və lazımdır”, – deyən rusiyalı politoloq vurğulayıb ki, əslində Nikolun bəyanatı yenilik de­yil. Çünki Qarabağın Azərbaycana məxsusluğunu hələ çoxdan, istər o, istərsə də onun komandasın­dakı digər şəxslər bu və ya digər dərəcədə təkrar­lamaqda idilər. 

Əlbəttə, Markedonov Paşinyanın hələ ha­kimiyyətə gəlməzdən öncə söylədiklərini diqqətə çatdırmağı unudur. Yada salaq ki, Nikol 2018-ci il seçkilərindən əvvəl özünün seç­kiqabağı platformasında Qarabağın Ermənistana yük olduğunu bildirmiş və bu yükdən azad olunma­ğın vacibliyinə toxunmuşdu. Yeri gəlmişkən, onu da diqqətə çatdıraq ki, o zaman Nikolun ideyası cə­miyyətdə xeyli populyarlıq qazanmışdı. Hər halda, bəyənilməsə idi, Paşinyan hakimiyyətə gəlməzdi. Hərçənd, Nikolun mövcud xüsusdakı fikirlərindəki hədəf daha çox Qarabağ klanı, yəni Sarkisyan–Koçaryan xuntası idi ki, erməni xalqı Paşinyana etimad göstərməklə, daha çox bu ruspərəst xunta rejimindən canını qurtarmağı düşünürdü və istə­yinə nail oldu da. Ancaq ötən müddət göstərir ki, həmin xalq özünün ənənəvi xəstəliyindən qurtula bilmədi, üstəlik, lap əvvəldən eyforik durumda olan Paşinyan da xəstəliyə yoluxdu. Nəticə etibarilə İkinci Qarabağ müharibəsi baş verdi ki, savaşda­kı rüsvayçı məğlubiyyətin Ermənistanın hazırkı dramatik siyasi mənzərəsinin katalizatoru rolunda çıxış etdiyi danılmaz reallıqdır. 

Ancaq Markedonov daha böyük reallığa diqqət çəkib və deyib ki, Ermənistanın uduzduğu İkinci Qarabağ müharibəsindən sonra bölgənin Azər­baycanın nəzarətinə keçəcəyini proqnozlaşdırmaq çətin deyildi. Onun sözlərinə görə, 2020-ci ilin no­yabrı (10 noyabr 2020-ci il tarixli üçtərəfli Bəyanat nəzərdə tutulur – red.) keçmiş regional status-kvo­nun qırılma nöqtəsi və yeni Cənubi Qafqaz niza­mının formalaşmasının başlanğıcı oldu. İrəvan isə bu prosesdə siyasi benefisiar olmayıb və indi də deyil.

Bəs, nəyə görə Ermənistan müharibədən son­rakı yeni Cənubi Qafqaz düzənində iştirak edə bil­mədi? Axı, ilk baxışdan ona bu şans yaradılmışdı. Söhbət Azərbaycan və Türkiyənin liderlərinin, elə­cə də ayrı-ayrı rəsmi şəxslərinin İrəvana yönəlik xoş mesajlarından gedir. O mesajlardan ki, on­larda Ermənistan hakimiyyəti avantüradan kənar dayanmağa, əməkdaşlığa çağırılırdı. Markedonov məsələyə diqqət yetirməsə də, heç şübhəsiz, onun siyasi benefisiar məntiqində bu məqam dayan­maqdadır. 

S.Markedonov Ermənistan daxilində Rusiya­nın ermənilərə kömək etmədiyinə dair yayılmış fikirlərə də münasibət bildirib: “Siz Rusiyanı müt­təfiqinə kömək etməməkdə (və düzünü desəm, bu cür tənqidlər heç də həmişə əsassız olmaya­caq) nə qədər istəyirsinizsə, ittiham edə bilərsiniz. Amma görürük ki, heç bir qüvvə birmənalı şəkil­də Ermənistanın tərəfini tutmayıb. Burada “tvitlər” və PR məqsədilə edilən hərəkətlər, eləcə də ABŞ konqresmenlərinin “demokratik Artsaxın tanınma­sı” ilə bağlı ekzotik təşəbbüsləri nəzərə alınmır. Bu o deməkdir ki, Paşinyanın (və onun yerində hər hansı başqa adın) “erməni rekonkistası”nın həyata keçirilməsi naminə kənar dəstəyi yoxdur. Bunu təsdiqləmək üçün sadəcə faktları sıralamaq yetərlidir”. Bu yerdə yada Azərbaycan Prezidenti İlham Əliyevin əminliklə dilə gətirdiyi bir fikir dü­şür. Dövlətimizin başçısı dəfələrlə bildirmişdi ki, İrəvana heç kəs kömək göstərməyəcək. Söhbət əsaslı, Markedonovun da nəzərində tutduğu böyük dəstəkdən gedir.

Rusiyalı politoloq Ermənistan daxilində “Qarabağı Azərbaycana təslim etmək” ideyasının populyar olmadığını bildir­sə də, “Qarabağ bizimdir” bəyanatı ilə bölgəni həyatı bahasına müdafiəyə hazır olmaq arasın­da uçurumun mövcudluğunu da diqqətə çatdırıb. “2020–2022-ci illərdə bir neçə etiraz dalğası var idi. Lakin onlar kütləvi xarakter almadı və Qarabağ üçün mühüm əhəmiyyət daşıyan liderlərin (Vazgen Manukyan və Robert Köçəryan nəzərdə tutulur – red.) müxalifət roluna girməsi də 1988–1989-cu illərdə olduğu kimi, Ermənistan cəmiyyətini ayılt­madı. Kütlə isə münaqişədən yorulub. Buna görə onu danlamalısan? Kim kimə bunu etmək hüququ­nu verib? İnsanlar bəzən müharibələrdən o qə­dər yorulurlar ki, ədalətsiz sülhə də hazır olurlar. Buna dair çoxlu misallar gətirmək olar”, – deyən Markedonov İkinci Qarabağ müharibəsindən sonra təzyiqlərə məruz qalmış Paşinyanın seçkilərə get­məsinə və təzyiqlərin qarşısında yenə prosesdən qalib ayrılmasına diqqət çəkib. Onun sözlərindən belə qənaət hasil olur ki, erməni xalqı Nikolu devir­məyə xırda cəhd belə göstərmədi, əksinə baş naziri qorudu və indi də bu meyil özünü göstərməkdədir: “Baxmayaraq ki, onun (Paşinyanın – red.) 2021-ci il seçki proqramında Qarabağın öz müqəddəratını təyin etməsinin dəstəklənməsi ilə bağlı müddəlar var idi. Amma bəyannamə ilə icra arasında xeyli fərq mövcuddur”.

Rusiyalı siyasi ekspert bir daha keçmişə müra­ciət edib və Ermənistanın daxilində 1988–1989-cu illərdəki yüksəlişlə müqayisə oluna biləcək heç nə­yin olmadığını vurğulayıb və əlavə edib ki, hazırda erməni cəmiyyətində Qarabağ yükündən yorğun­luq göz qabağındadır. “Dərhal deyəcəyəm ki, bu xoş və ya ürək bulanmasına səbəb ola bilər, amma faktlar olduğu kimidir”, – deyə, S.Markedonov Moskvanın Cənubi Qafqazda baş verən proses­lərə təmkinli yanaşmasına da münasibət bildirib. Siyasi ekspert bu təmkinin Moskvanın Qafqaz­dakı mövcudluğunun sonunun başlanğıcı olaca­ğına dair suala cavab verməyə çalışıb və bildirib: “Cavab verməyə tələsməyək. Qarsın, Ərdəhanın və ya Artvinin itirilməsi Sovet Rusiyasının (sonra SSRİ-nin) Qafqaz regionundan çıxmasına səbəb olmadı. Amma düzünü desək, çoxlu milli travmalar, fobiyalar olub. Qarabağ hekayəsi, ola bilsin, oxşar bir şeyə çevrilə bilər. Qarabağla bağlı bütün qərar­lar çətindir”.

***

İndi isə baş nazir N.Paşinyanın mayın 22-də dilə gətirdiyi məlum məzmunlu fi­kirlərinə Ermənistan daxilindəki reaksi­yalardan söz açaq. Başlayaq ölkənin üçüncü prezidenti, Qarabağ cəlladı Serj Sarkisyandan. Sarkisyan pafosu və mənasız sabun köpüyü ri­torikasını işə salaraq bildirib ki, Nikolun Qaraba­ğın Azərbaycanın tərkib hissəsi kimi tanınması ilə bağlı bəyanatından sonra, üçüncü prezident kimi ondan cavab tələb edilməsi təhqir deyilsə də, anlaşılmazdır. 

Prezidentliyi dövründə Qarabağ məsələsin­də, guya prinsipial mövqe tutduğunu deyən Sar­kisyan fikirlərini daha çox ölkənin hazırkı iqtida­rının ona qarşı səsləndirdiyi əks baxışlara cavab tonunda qurub: “Bizə nə qədər böhtan atsalar, bizi gözdən salsalar, təqib etsələr də, vuruşmu­şuq və mübarizəmizi davam etdiririk. Əgər kim­sə indi birdən “gözlənilmədən təəccüblənirsə” və məndən yeni açıqlama tələb edirsə, bu, ən azı çaşqınlıq yaradır”. Göründüyü kimi, Qara­bağ cəlladı Sarkisyan da indiki vəziyyətdə, necə deyərlər, yaxasını kənara çəkməklə məşğuldur. 

Qeyd edək ki, Ermənistan parlamentində təmsil olunan müxalifət təmsilçiləri N.Paşinyanın mətbuat konfransı zamanı söylədikləri ilə bağlı Milli Assambleyada ayrıca müzakirələrin aparıl­masına dair çağırış səsləndiriblər.

“Ermənistan” bloku fraksiyasının katibi Arts­vik Minasyan qeyd edib ki, baş nazir Ermənis­tanın milli maraqları kontekstində qəbuledilməz fikirlər səsləndirib. O vurğulayıb ki, parlament onun anti-dövlət və antimilli yanaşmalarına qiy­mət verməlidir. Minasyan, eyni zamanda, ali qanunverici orqandakı parlament çoxluğunun müxalifətin bütün təşəbbüslərini rədd etməsinə diqqət çəkərək bildirib ki, digər müvafiq təşəb­büslər işə salınmalıdır. Hansı təşəbbüslər, depu­tat bu barədə danışmayıb...

Ermənistan parlamentinin spikeri Alen Si­monyan isə baş nazir Paşinyanın yanaşmala­rını tam dəstəklədiyini bildirib. Nikola qarşı Milli Assambleyada səslənmiş fikirlərə, o cümlədən, Qarabağ mövzusunda ayrıca müzakirə apar­maq təkliflərinə reaksiya verən Simonyan deyib: “Əgər mənim şəxsi fikrim sizi maraqlandırırsa, o zaman baş nazirin səsləndirdiyi yanaşmaları tam dəstəkləyirəm”.

Qarabağın və anklavların Azərbaycana ve­rilməsi kimi qərarların qeyri-legitim olduğunu deyən siyasi müşahidəçi Arman Abovyan bildi­rib ki, legitimlik yalnız referendum yolu ilə təmin edilə bilər. “O zaman bəlli olacaq ki, xalqın 90 faizindən çoxu hakimiyyətin apardığı siyasətin əleyhinədir. İndiki hakimiyyət xalqın arxasınca qərar qəbul etməyəcəyinə söz verib. Yaxşı, vəd­lərinizə əməl edin, qərarı referenduma təqdim edin”, – deyən Abovyanın irəli sürdüyü referen­dum məntiqi Ermənistan cəmiyyətindəki isterik durumun yalnız bir elementidir. 

Yeri gəlmişkən, N.Paşinyan da Qarabağın və anklavların Azərbaycana verilməsi ilə bağlı refe­rendumun keçirilməsinin mümkünlüyünə toxu­nub. O, belə bir ehtimalın müzakirəsini məqbul hesab etsə də, sözlərindən bu təəssürat yaranıb ki, prosesə gedilməsi istisnadır: “Belə bir qərar verən hakimiyyət siyasi məsuliyyəti öz üzərinə götürür. Təbii ki, mexanizmlər çoxdur. İstəməz­dim ki, siyasi məsuliyyətimizdən yayınıb, onu başqalarının üzərinə atmağa çalışdığımıza dair təəssürat yaransın”.

Bu arada N.Paşinyanın məlum fikirlərinə re­aksiya verənlərdən biri də “Rusiya Erməniləri İttifaqı” ictimai təşkilatının rəhbəri Ara Abram­yandır. Daha doğrusu, o da erməni cəmiyyə­tindəki isterik durumun təsviri üçün lazım olan təcrübə dovşanlarından biridir. Abramyan bildirib ki, erməni xalqını, guya, ermənilərə qarşı soyqı­rımı siyasətinə sadiqliyini dəfələrlə təsdiqləyən Azərbaycan rəhbərliyinin mərhəmətinə burax­maq, nəinki əxlaqsızlıqdır, həm də Ermənistan konstitusiyasına ziddir. Ölkənin müstəqilliyi, di­gər məsələlərlə yanaşı, “Ermənistan SSR Ali Sovetinin və Dağlıq Qarabağ Milli Şurasının 1989-cu il 1 dekabr tarixli birgə qərarına əsas­lanır”, – deyən Abramyanın fikirləri də yumşaq desək, beynəlxalq hüquqa zidd siyasi interpreta­siyadır. Böyük anlamda isə buna misli görünmə­miş həyasızlıq demək daha məntiqlidir.

Həyasızlığını davam etdirən Abramyan onu da bildirib ki, Qarabağ xalqının öz müqəddəratını təyinetmə hüququ­nu inkar edən istənilən razılaşma Ermənistan konstitusiyasına ziddir. Təşkilat sədri bir qədər də “irəli gedərək” bildirib ki, 2018-ci ildən baş­layaraq, Ermənistanda baş verənlər erməniləri Ermənistandan və Rusiya regionundan sıxışdı­rıb çıxarmaq məqsədi daşıyır. “Erməni ziyalıla­rı, biznes elitası, ictimai xadimləri, o cümlədən, diaspor nümayəndələri artıq susmamalıdırlar. Bu gün onlar xalqı uzun sürən siyasi süstlük­dən çıxarmaq üçün öz mövqeyini açıq şəkildə bildirməyə borcludurlar”, – deyən A.Abramyanın şüvən qopardığı aşkar görünən digər fikirlərinə toxunmaq istəmirik. Həm də ona görə ki, erməni cəmiyyətindəki acınacaqlı durumun təsviri baxı­mından daha fərqli həyasızlıqlar var. 

Qeyd etdiyimiz anlamda Qarabağdakı se­paratçı rejimdə səslənmiş fikirlər də diqqət çəkməkdədir. Rejimin oyuncaq parlamentinin bəyanatında bildirilib ki, N.Paşinyan Ermənis­tanın Müstəqillik Bəyannaməsinin və Ermənis­tan konstitusiyasının Qarabağa münasibətdəki müddəalarını, xüsusən də Ali Sovetin qərarının imperativ prinsipini kobud şəkildə pozub. Çünki Ermənistan Respublikasının 8 iyul 1992-ci il ta­rixli qərarı ilə ölkənin Qarabağın Azərbaycanın tərkib hissəsi kimi göstərildiyi hər hansı bey­nəlxalq və ya daxili sənədi qəbul etməsi yolve­rilməzdir.

Əlbəttə, separatçı rejimin parlamentinin bə­yanatındakı bir-birinə zidd ayrı-ayrı məqamları diqqətə çatdırmaq niyyətində deyilik. Görünən budur ki, Ermənistan daxilində olduğu kimi, separatçı rejimdəkilər də başlarını itiriblər. Bu durum ilahi ədalətin təntənəsidir və ilahi ədalət baxımından Qarabağ cəlladlarının düşdükləri miskin durumu təsvir etmək daha məntiqi oldu­ğundan, onlardan daha ikisinin – separatçı reji­min sabiq rəhbərləri Arkadi Qukasyanın və Bako Saakyanın birgə qəbul etdikləri bəyanatın üzə­rində dayanaq. 

Separatçılar bildiriblər ki, Ermənistan haki­miyyəti son illər “Artsax dövlətçiliyinə” şübhə ya­radan çoxlu anlaşılmaz addımlar atıb. “Əlimizdə olan kanallar vasitəsilə biz bu cür davranışın zərərli nəticələri barədə xəbərdarlıq etməyə ça­lışdıq. Təəssüf ki, xəbərdarlığımız təsir vermədi. Danışıqlarda uğursuzluq, fəlakətli müharibə, indi isə düşmənin bütün tələblərini yerinə yetirmək məcburiyyətindəyik”, – deyən sabiq separatçı rəhbərlərin sözlərindən gəlinən qənaət də budur ki, Paşinyan Qarabağdakı erməni tör-töküntülə­rinin işinə qarışmamalıdır. Əlbəttə, nə Paşinyan, nə də dünya birliyi məsələnin qoyuluşunu belə görmür. Çünki Ermənistan erməni separatçılığı üçün məsuliyyət daşıyan tərəfdir və məsuliyyət həm də separatçılığın və avantürizmin aradan qaldırılmasına prinsipial yanaşma tələbi ön plan­dadır. Nikol, sadəcə, iş icraçısıdır. İşini nə qədər qüsursuz görsə, Ermənistan dövləti, ümumən erməni dövlətçiliyi üçün bir o qədər xeyirdir. 

***

Sonda onu da deyək ki, baş nazir Ni­kol Paşinyanın mayın 22-də keçirdi­yi mətbuat konfransında Qarabağın Azərbaycana məxsusluğunu bildiriməsi və Er­mənistanın bunu tanımasına dair fikirləri ölkədə əsil siyasi kollaps yaradıb. Bu durumun daha müxtəlif detallarına da toxunmaq mümkündür. Ancaq ehtiyac duymuruq. Çünki ortadakı mən­zərə eynidir. Mövcud situasiyada Ermənistanda yaxın perspektivdə hansı proseslərin yaşanaca­ğı – Paşinyan iqtidarının təzyiqlər qarşısında du­ruş gətirib-gətirməyəcəyi maraq doğurmaqdadır. 

 

Ə.CAHANGİROĞLU, “Xalq qəzeti”

 





Siyasət