Anklavlar: səkkizin birə nisbəti?

post-img

Baş nazir Nikol Paşinyanın mayın 22-də keçirdiyi geniş mətbuat konfransında səsləndirdiyi fikirlər Ermənistan cəmiyyətində geniş rezonans doğurub. Mətbuat konfransı ölkəmizdə də diqqətlə izlənilib. Bizim üçün daha vacib olan və haylar arasında kəskin etirazla qarşılanan məqam Nikolun Azərbaycanın 86,6 min kvadratkilometrlik ərazisinə Qarabağın da daxil olduğunu etiraf etməsidir. Bundan əlavə, Paşinyan bildirib ki, anklavlar Azərbaycanın ərazi bütövlüyünün bir hissəsidir: “29,8 min kvadratkilometrlik Ermənistanın ərazi bütövlüyünə isə Artsvaşen daxildir. Anklavlar məsələsinin həlli üçün bir neçə variant var. Onlardan biri bu ola bilər: xəttin hər iki tərəfindəki anklav ərazilər yerləşdikləri tərəfin nəzarəti altında qalır. Digər variant isə odur ki, sülh müqaviləsi imzalandıqdan sonra Artsvaşen Ermənistanın, qalan ərazilər isə Azərbaycanın suverenliyi altına qayıdacaq. Bu, siyasi nöqteyi-nəzərdən olan mövqedir, lakin hüquqi aspekt hələ də öyrənilməlidir”.

Qeyd edək ki, anklav beynəlxalq hüquqda bir dövlətə məxsus, amma hər tərəfdən digər dövlətin əraziləri ilə əhatə olunmuş əraziyə deyilir. SSRİ dövründə Azərbaycanın Ermənistanda 8 kənddən ibarət anklavları olub. Bunlar Qazax ra­yonunun Bağanis Ayrım, Xeyrimli, Barxu­darlı, Sofulu, Yuxarı Əskipara, Aşağı Əs­kipara və Qızıl Hacılı kəndləri, həmçinin Naxçıvan Muxtar Respublikasının Sə­dərək rayonunun Kərki kəndidir. Bir müd­dət əvvəl Ermənistan mediasında əvvəl­lər Azərbaycan kəndlərinin olduğu yerdə indi heç kimin yaşamadığı, heç bir tikili­nin salamat qalmadığı barədə məlumat yayılmışdı. Bu məlumat bizim üçün təəc­cüblü olmadı. Çünki haylar işğal dövrün­də Azərbaycanın digər şəhər və rayonla­rında da evləri yağmalayıb, onları tikinti materialı kimi bazarlarda satıblar. Hazır­da işğaldan azad edilmiş rayonlarımızda evlərin yalnız quru divarları qalıb. Prezi­dent İlham Əliyev 2021-ci ilin yanvarın 19-da Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının (hazırda Türk Dövlətləri Təş­kilatı) Baş katibi Bağdad Amreyevi qəbul edərkən bununla bağlı deyib: “Azərbay­can işğal olunmuş ərazilərə qayıdandan sonra, beynəlxalq təşkilatların, səfirlik­lərin nümayəndələri, jurnalistlər oraya səfər edir, hər şeyi öz gözləri ilə görürlər. Bu, misli görünməmiş vandallıqdır. Elə bil bu ərazilərdən vəhşi qəbilə keçib”. Bəli, haylar işğal altında saxladıqları Azərbay­can anklavlarına münasibətdə də dağıdı­cı xislətlərinə uyğun davranıblar.

Ermənistanın isə Azərbaycan ərazi­sində yalnız bir anklavı olub. Paşinyanın və digər hayların Artsvaşen adlandır­dıqları və inzibati baxımdan Gexarkunik vilayətinə (əsl adı Göyçə mahalı) daxil olduğunu iddia etdikləri bu kənd Gədə­bəy rayonunun inzibati-ərazi vahidindəki Başkənd kəndidir. Kənd 1992-ci ilin 6-8 avqust tarixlərində həyata keçirilən “Baş­kənd əməliyyatı” nəticəsində Azərbayca­nın nəzarəti altına keçib.

***

Nikol Paşinyan bundan əvvəl də dəfələrlə xəttin hər iki tərəfindəki anklav ərazilərin yerləşdikləri tərəfin nəzarəti al­tında qala biləcəyini bildirib. Amma onun ortaya qoyduğu bu mövqenin Bakıda qəbul olunacağı inandırıcı deyil. Məsələ ondadır ki, Azərbaycandakı Ermənistan anklavının, yəni, Başkəndin ərazisi cəmi 40 kvadratkilometrdir. Ermənistandakı Azərbaycan anklavlarının (faktiki işğal olunmuş 8 kəndin) ümumi ərazisi isə 120 kvadratkilometrdən çoxdur. Belə ki, Yuxarı Əskipara kəndi 8,6, Aşağı Əski­para 9,1, Bağanis Ayrım 40, Bərxudarlı 10,1, Sofulu 22, Qızıl Hacılı 11, Xeyrimli 4,1, Kərki kəndi isə 19,2 kvadratkilometr əraziyə malikdir. Ümumilikdə, Qazax ra­yonunun 7 kəndinin və Naxçıvan MR-in bir kəndinin ümumi sahəsi 124,1 kvad­ratkilometrdir ki, bu da Başkənd yaşayış məntəqəsinin ərazisindən üç dəfə böyük­dür. Bu baxımdan Paşinyanın yanaşması qüsurludur və həyata keçirilməsi proble­matikdir.

***

Hayların digər əndişəsi anklav kənd­lərin Azərbaycana veriləcəyi təqdirdə ölkəmizin əldə edəcəyi üstünlüklərlə bağlıdır. Onlar iddia edirlər ki, bu hal­da İrəvan–Tbilisi avtomobil yolu hər iki tərəfdən bağlanacaq. Belə ki, Sofulu və Bərxudarlı kəndləri ölkəmizin nəzarətinə keçəcəyi halda Azərbaycan İrəvan–Tbili­si magistralına və Berdə gedən əsas yola nəzarət edəcək. Əgər hayların Tiqrana­şen adlı eybəcər yarlıq yapışdırdıqları Kərki kəndi də təhvil verilərsə, o zaman İrəvan–Zəngəzur yolu Azərbaycanın nə­zarətinə keçəcək.

Erməni kartoqraf Şahen Şahinyan da N.Paşinyanın “Ermənistan 1975-ci ilin xəritələri ilə Azərbaycanla bütün sərhəd xəttini qəbul etməyə hazırdır” fikrini şərh edərkən deyib ki, əgər söhbət 1970-ci illərin xəritələrindən gedirsə, anklavların Azərbaycana verilməsi nəzərdə tutulur. “Brüsseldə, eləcə də Moskvada aparı­lan danışıqlar bu ərazilərin Azərbaycana verilməsi baxımından daha böyük risklər yaratmırmı?” sualına erməni kartoqraf belə cavab verib: “Təbii ki, onlar böyük risk yaradır. Bu vəziyyəti belə təsvir edərdim. Azərbaycan bizdən substantiv güzəştlər istəyir. Heç kim təminat vermir ki, Azərbaycan Ermənistan ərazisini tanı­maqla yeni hərbi əməliyyatlara əl atma­yacaq və yeni əraziləri tutmayacaq”.

1998–2008-ci illərdə Hayastanın xari­ci işlər naziri olmuş Vardan Oskanyan isə “Mediamaks” saytı üçün məqaləsində ya­zır: “Nikol Paşinyanın mətbuat konfran­sında, nəhayət, aydın oldu ki, o, Qaraba­ğı Azərbaycana verir (?). O da bəlli oldu ki, “anklavlar” adı altında əlavə ərazilər də verir ki, bu da iki dost ölkə – İran və Gürcüstanla strateji kommunikasiyaları­mıza mütləq ziyan vuracaq. Təbii olaraq ciddi təhlükəsizlik problemləri yaradacaq. Şübhə etmirəm ki, tezliklə biz Azərbayca­na “qeyri-dəhliz məntiqi” ilə dəhliz verilə­cəyini eşidəcəyik”.

Ancaq şahinyanların, oskanyanla­rın nə deməsindən asılı olmayaraq, fakt faktlığında qalır ki, Azərbaycanın heç vaxt heç bir ölkənin torpaqlarında gözü olmayıb. Hərçənd ki, indiki Ermənistanın tarixi Azərbaycan torpaqlarında yaradıl­mış dövlət olduğu təsdiqini tapıb. Buna baxmayaraq, Azərbaycan qalib dövlət kimi Ermənistana barışıq əlini uzadır, re­gionda sülh və əmin-amanlığın bərpasını istəyir. Hayların bu təşəbbüsə verəcəyi reaksiyanın nədən ibarət olduğunu isə gələcək göstərəcək.

Zaur MƏMMƏDOV,
politoloq

– Nikol Paşinyan mayın 22-də “Qarabağ Azərbaycandır!” dedi və anklavların Azərbaycan ərazisi olması ifadəsindən istifa­də etdi. Anklavlarla bağlı qalan məsələlər təfərrüatdır. Paşinyan sülh müqaviləsinə imza atmasa belə, Qarabağın və anklavların Azərbaycan ərazisi olduğunu eti­raf etməsi artıq tarix kitablarına düşdü, internetdə arxivləşdi. Bizə bu lazım idi və bunu əldə etdik. Bundan sonra optimal variant odur ki, İrəvan sülh sazişini im­zalasın və həmin detallar orada da öz əksini tapsın. Əlbəttə, buna maneələr var. Maneələr regional, beynəlxalq qruplardan, Ermənis­tanın daxilindən və separatçı­lardan gəlir. Amma bu tərəflərin hər biri başa düşməlidir ki, əgər prosesə əngəl törətməkdə da­vam edəcəklərsə, dedikləri kimi sülh müqaviləsini, Paşinyanın imzasını tanımayacaqlarsa, o za­man Azərbaycana daha bir ixtiyar verəcəklər ki, ölkəmiz yaraqlıların tərk-silah olunması əməliyyatını keçirsin və sülh prosesinə xələl gətirən separatçıları həbs edərək Bakıya gətirsin.

Anklavlar məsələsi çox incə məsələdir. Onların qaytarılmasın­dan sonra bu kəndlərə gediş-gəliş məsələsi, bəzi ölkələrin anklavlar məsələsindən istifadə edərək öz hərbi monitorinq missiyasını da­vam etdirmək iddiaları var. Odur ki, bu məsələlər zamanla həllini tapacaq. Düşünürəm ki, hazırda baş verənlər birbaşa Azərbaycan xalqının və dövlətinin xeyrinədir.

 

Səxavət HƏMİD, “Xalq qəzeti”



Siyasət