İrəvan 1975-ci il xəritəsinə şükür etməlidir

post-img

Son açıqlamalarında məntiqli və real mövqedən çıxış edirmiş kimi görünən Hayastanın baş naziri Nikol Paşinyan liderlərin üçtərəfli Moskva görüşünə sayılı günlər qalmış daha bir bəyanat verib. Mətbuat konfransında bir çox məsələlərdən danışan Paşinyan onu da deyib ki, Ermənistan–Azərbaycan sərhədinin delimitasiya və demarkasiyası məsələsinə aydınlıq gətirilib. 

Onun sözlərinə görə, Rusiya tərə­fi bir neçə dəfə bu xəritələrdən bəhs et­mişdi. “Ermənistanın mövqeyi dəyişməz olaraq qalır, o, SSRİ Baş Qərargahının 1975-ci ildəki xəritələrinə əsasən delimi­tasiya tərəfdarıdır. İrəvan aparılacaq de­limitasiyanın nəticələrinə görə qoşunların güzgüvari şəkildə geri çəkilməsində israr­lıdır. Təhlükəsizliyi təmin edəcək bu mis­siya artıq beynəlxalq birlik tərəfindən for­malaşdırılıb və məsələ vacibdir”. Ardınca Bakının qoşunların çıxarılması ilə bağlı mövqeyində heç bir irəliləyiş görmədiyini söyləyən hayların baş naziri Azərbaycan Ordusunun konkret haradan, hansı ərazi­dən geri çəkilməli olduğunu dəqiqləşdir­məyib. 

Xəritə ismarıcı 4 il əvvəl verilmişdi 

Moskva doğrudan da adıçəkilən xə­ritələr barədə bir neçə dəfə tərəflərə is­marıc göndərib. Onlardan birincisi hələ Vətən müharibəsinə qədər edilmişdi. Söhbət 2019-cu ilin oktyabrında Soçidə keçirilən “Valday” klubunun iclasından gedir. Həmin toplantıda Rusiya Prezidenti Vladimir Putin Ermənistan və Azərbay­can arasında sərhəd məsələsinə toxuna­raq demişdi ki, iki ölkə arasında sərhəd SSRİ-nin 1975–1976-cı illər xəritələri üzrə müəyyənləşə bilər. İkinci ismarıc Azər­baycanın Zəfəri və 10 noyabr Bəyanatının imzalanması ilə başa çatan müharibədən sonra Rusiya Federasiya Şurasının sədri Valentina Matviyenkonun dilindən səslə­nib. Sankt-Peterburqda Azərbaycan Milli Məclisinin sədri Sahibə Qafarova ilə görü­şündə o, sərhəd məsələsi ilə bağlı bu söz­ləri deyib: “Rusiya bu işə öz köməyini tək­lif edib. Sovet dövrünə aid xəritələr bizdə, Müdafiə Nazirliyində saxlanılır. Onların hamısı yoxlanılıb və Azərbaycanla Ermə­nistan arasında dəqiq sərhədləri müəyyən edir. Danışıqları ancaq bu xəritələr əsa­sında inamla aparmaq olar”. 

İndi Moskva bu məsələni beynəlxalq hüquqa uyğun şəkildə, ədalətlə nizamla­ya bilsə, Rusiyanın dünyadakı sülhyarat­ma missiyası müsbət imic, nüfuz qazan­mış olar. Kremlin ev sahibi kimi, liderlərin sabaha planlaşdırılan üçtərəfli görüşünü bir fürsət kimi dəyərləndirəcəyini güman edənlər az deyil. Dediyimiz prinsiplərə görə, Rusiya münaqişənin nizamlanma­sının son mərhələsində öz rolunu dü­rüst oynamalıdır. Bakının tələbi sadəcə bundan ibarətdir. Xəritə məsələsindən tutmuş sərhədlərin delimitasiyası və de­markasiyası, eləcə də bölgədə daya­nıqlı sülhün bərqərar olması prosesində Moskva bitərəf vasitəçi, ədalətli hakim ro­lunda çıxış etməlidir. 

“Ermənilər “Miatsum”dan uzaqlaşacaq”

Azərbaycan və Ermənistan arasında sərhədin SSRİ-nin 1975-ci il hərbi-topoq­rafik xəritəsi əsasında çəkiləcəyinə dair rusiyalı tarixçi, siyasi şərhçi Oleq Kuznet­sov, kifayət qədər, maraqlı açıqlama verib. Onun sözlərinə görə, iki ölkə arasında sər­hədi ötən əsrin 70-ci illərində SSRİ Silahlı Qüvvələrinin Baş Qərargahı tərəfindən hazırlanmış xəritələrlə müəyyənləşdirmək tam məntiqidir. Bunun hüquqi əsası kimi Helsinki aktını misal gətirən Kuznetsov bu işdə Azərbaycanın, haqlı olduğunu və bunu bütün dünyanın bildiyi qənaətində­dir. “Bəzilərində sual yarana bilər ki, niyə sərhədlər 1988 yox, 1975-ci il xəritəsi ilə müəyyənləşir? Çünki bu halda ermənilər 50 il geri atılmaqla, Qarabağı Ermənis­tana birləşdirmək kimi utopik, “Miatsum” kimi xəstə iddialarından uzaq düşürlər”. 

Yəqin bu səbəbdəndir ki, baş nazir Paşinyanın delimitasiya prosesinin 1975-ci il xəritəsilə aparılmasına razılığını ver­məsi, Ermənistan cəmiyyətində etirazlar doğurub. Axı 30 il uzanan işğal dövründə hayların toponim təhriflərinin, sərhəd sü­rüşdürmələrinin hamısı iflasa uğrayacaq. Razılaşdırılan zəmində sülh sazişinin im­zalanması ilə onların bütün yalanlarının ifşası davam edəcək.

Saxtakarlığın ömrü bura qədər imiş

Yetmiş illik SSRİ dönəmində, eləcə də müstəqillik illərində Azərbaycanın heç bir ölkənin torpağında gözü olmayıb. İşğalçı haylar isə son 30 ildə dəfələrlə öz sərhəd­lərini önə çəkməyə, ərazilərimizə yiyələn­məyə çalışıb və buna nail olublar. SSRİ yarandığı vaxtdan, yəni, 1922-ci il dekab­rın 30-dan 1984-cü ilə qədər Kremlin qə­bul etdiyi ədalətsiz qərarlarla Azərbaycan torpaqları kəsilərək Ermənistan deyilən respublikanın inzibati ərazisinə qatılıb. İki respublika arasında ərazi-inzibati sərhə­din mövcud olmasına baxmayaraq, bu zo­laq dəfələrlə hayların xeyrinə dəyişdirilib. Əgər bu gün təkcə 1975-ci ildən sonrakı xəritələr deyil, iyirminci əsrin əvvəllərin­dən indiyə qədər olan xəritələr dəqiq ana­liz edilsə, görərik ki, biz SSRİ-nin tərkibinə 114 min kvadrat kilometrlik ərazi ilə daxil edilmişik. Bunu sübut edən sənədlər, xə­ritələr indi də saxlanılır. SSRİ-nin tərki­bindən çıxanda isə Azərbaycanın ərazisi cəmi 86,6 min kvadratkilometr idi. Yəni, indiki Hayastanın ərazisi qədər – təx­minən 28 min kvadratkilometr torpağımı­zı məhz sovet dövründə itirmişik. Həmin ərazilər bu gün Zəngəzurda, Dərələyəz­də, Göyçə mahalındadır. Bu ərazilərimiz kəsilib “proletar beynəlmiləlçiliyi” adı altın­da, saxtakarlıqla Ermənistana verilib. 

SSRİ Silahlı Qüvvələri Baş Qərargahı­nın hərbi xəritəsinin hazırlandığı 1975-ci ildə həm də ATƏT-in Helsinki Yekun Aktı qəbul edilib. Bu Aktın 10 prinsipindən bi­rincisi ərazi bütövlüyü məsələsidir. İndi Azərbaycan özünün suveren hüququ, beynəlxalq akt və konvensiyaların tələblə­rinə uyğun olaraq ərazi bütövlüyünü təmin edir, sərhədlərini müəyyənləşdirir. Əgər bu təyinetmə və müəyyənləşdirmə tam ədalətli, tarixi reallıqlar nəzərə alınmaqla, misal üçün, 1920-ci il xəritəsinə əsasən həyata keçirilsəydi, bu halda Hayastan adlı dövlət yer üzündən silinərdi. Ona görə İrəvan şükür etsin və fransız şlyapa­sını göyə atsın... 

Fikrət SADIXOV,
politoloq 

Paşinyanın sonuncu bəyanatı sərhəd məsələsinə tam aydınlıq gətirdi. O, bildirdi ki, Azərbaycanın 86.6 min kvadratkilometrlik ərazisini Ermənistan rəsmən tanıyır. Onu da əlavə etdi ki, bu əraziyə Qarabağ, eləcə də Azərbaycanın işğal altında qalmış anklavları da daxildir. Əlbət­tə, bu, birmənalı şəkildə bizim İrə­vana birbaşa diplomatik təzyiqimi­zin nəticəsidir. 

1975, yaxud başqa bir il olsun, bizin üçün əsas 1991-ci ildə qəbul edilmiş Alma-Ata Bəyannaməsidir. Bu sənəd çərçivəsində İrəvan Azərbay­canın ərazi bütövlüyünü tanıyıb. O ki qaldı separatçıların Qarabağda yaşa­yan ermənilərin hüquqları, təhlükəsiz­liyi və s. məsələlərlə bağlı qopardıqları vay-şivənə, bu, artıq Ermənistanın işi sayılmır, ona aidiyyatı da yoxdur. Hə­min məsələni Azərbaycan Konstitusi­yası əsasında özümüz həll edəcəyik. Qarabağdakı etnik ermənilər bizim vətəndaşımız olmaq istəyirlərsə, buna etirazımız yoxdur. Bakı bu mövqeyi dəfələrlə deyib və səsləndirib: əgər şərtimizlə razılaşmırlarsa, dövlət baş­çımızın dediyi kimi, yaşamaq üçün öz­lərinə başqa ünvan seçə bilərlər. 

Şair RAMALDANOV,
ehtiyatda olan polkovnik 

Sovet İttifaqı Müdafiə Nazirliyi Baş Qərargahı o zaman xəritələri mütəmadi olaraq dəyişirdi. Sonun­cu belə dəyişiklik 1975-ci ilə təsadüf edir. İndi SSRİ Baş Qərargahının məhz 1975-ci ildəki son xəritəsi ilə iki ölkə arasında delimitasiya və de­markasiya məsələləri həllini tapmalı, mövcud əsasda ərazilərin tanınması həyata keçirilməlidir. 

Paşinyan da dediyimiz prinsip­lərlə bu xəritəni əsas götürür. Sovet İttifaqı dağılandan sonra bütün müt­təfiq respublikalar arasındakı möv­cud dövlət sərhədi həm coğrafi, həm də hərbi xəritələrə söykənərək qəbul olunur. Əslində, 30 il bundan əvvəl aparılmalı proses bu gün həyata ke­çirilir. Və bu zaman anklavlarla bağlı məsələ də öz həllini tapacaq. Bütün bunlar delimitasiya və demarkasiya­sı ilə məşğul olacaq komissiyanın, işçi qrupun həll edəcəyi məsələlər­dir. 

1975-ci il xəritəsi ilə Azərbayca­nın təkcə Ermənistanla deyil, həmçi­nin Gürcüstan və Rusiya ilə də quru sərhədləri dəqiqləşdirilə bilər.

 

İmran BƏDİRXANLI, “Xalq qəzeti”





Siyasət