Nikol Paşinyanın son günlər verdiyi açıqlamalar bizlər üçün nə qədər sağlam, məntiqə uyğun təsir bağışlasa da, Ermənistan daxilində bir o qədər qıcıqyaradan, hətta sensasion görünməkdədir. “Türkiyədən gələn bütün siqnallar açıqdır, onlar haqqında hər şeyi bilirsiniz”, – deyən hayların baş nazirinin Ağrı (Ararat) və Alagöz (Araqats) dağları ilə bağlı jurnalistin sualına verdiyi cavabı isə əməlli-başlı şok effekti yaradıb.
“Ararat və Araqatsdan danışanda mən suveren və Ermənistanın suveren olmayan əraziləri nəzərdə tuturam. Araqats Ermənistan ərazisindədir, Ararat isə Ermənistanda deyil. Türkiyəyə gəlincə, bizim dəqiq müəyyən edilmiş sərhədimiz var. Bu, pisdir, yoxsa yaxşı? Əlbəttə, yaxşıdır. İndi mənim dediklərimdə yenilik yoxdur, hökumətin 2021-ci il proqramında yazılıb”.
Bu sözləri Hayastanın sıravi məmuru deyil, baş naziri deyir. Ardına diqqət edin: “Mən uşaqlarla görüşəndə Ermənistanda ən hündür dağ hansıdır?, – deyə soruşanda onların çoxu belə cavab verir: “Ararat”. Gəlin buna digər tərəfdən baxaq. Türkiyədə deyirlər ki, Ararat Türkiyənin beynəlxalq səviyyədə tanınan ərazisindədir. Bu, bir faktdır. Bəs bizdə uşaqlar bu yanlış məlumatı harada öyrənirlər? Məktəbdə. Hökumətin həyata keçirdiyi təhsil siyasəti nəticəsində. Soruşurlar: əgər uşaqlar Ermənistanda ən yüksək dağın Araqats deyil, Ararat olduğunu deyirsə, bu, Ermənistanın Türkiyəyə qarşı ərazi iddiasının olması deməkdirmi?”.
Sizcə, hökumət başçısının bu siyasi etirafını, tarix dərsini dinləyən müxalif cəbhənin separatçı-daşnak qaraguruhu necə qarşılayacaq? Bunu təsəvvür etmək belə çətindir.
Məlum suala cavabının sonunda Nikol Paşinyanın dediklərini çaşmış millətinin gələcək nəsillərinə müraciəti kimi də yozmaq olar: “Əgər İrəvanın Ankaraya qarşı ərazi iddiaları varsa, o zaman türklər nə üçün Ermənistanın inkişafına dəstək verməlidir? İndi sual olunur: Ermənistanın ən hündür dağı hansıdır? Araqats! Bu, ölkəmizə inkişaf imkanı verəcək siyasətdir”.
Beləliklə, Qarabağ erməniləri ilə bağlı sərsəm tələblərdən rəsmən əl çəkən Paşinyan Türkiyəyə ərazi iddialarından da şifahi şəkildə imtina etmiş kimi görünür. Amma Ermənistan Konstitusiyası da və gerbində ərazi iddialarının olmasını nəzərə alsaq, ümumxalq referendumu ilə konstitusiyanın dəyişdirilməsi tələbi ortaya çıxır.
Hər halda, Nikol Paşinyanın “May manifesti” kimi dəyərləndirilə biləcək tarixi-coğrafi mövzulu açıqlamaları Ermənistan cəmiyyətində hələ uzun müddət dartışılacaq. Onun ən sonda düşündüyü, amma hələlik deyə bilmədiyi acı həqiqəti biz açıqlayaq: Tarixən haqqa və reallığa allergiyası olan hayların qəflət yuxusundan ayılmalarının, yad zirvələrdən gözlərini çəkmələrinin, qonşu çəpərindən düşmələrinin məqamı çatıb.
ARAYIŞ: Türkiyənin ərazisi sayılan Ağrı dağının ən yüksək zirvəsi – Böyük Ağrının hündürlüyü 5137 metrə çatır. Qərbi Azərbaycandakı – Hayastandakı Alagöz dağının hündürlüyü isə 4090 metrdir.
İ.HƏSƏNQALA, “Xalq qəzeti”

