1918-ci il may ayının 28-də Azərbaycanın müstəqilliyini bəyan edən İstiqlal bəyannaməsi qəbul edildi. Yeni qurulan Azərbaycan Xalq Cümhuriyyəti öz üzərinə götürdüyü çətin tarixi vəzifəni imkanlarının ən son həddində çalışaraq şərəflə yerinə yetirdi. Azərbaycanın ilk Parlamenti və Hökuməti, dövlət aparatı təşkil edildi, ölkənin sərhədləri müəyyənləşdirildi, bayrağı, himni və gerbi yaradıldı, ana dili dövlət dili elan edildi, dövlət quruculuğu sahəsində ciddi tədbirlər həyata keçirildi.
Azərbaycan Xalq Cümhuriyyətinin100 illik yubileyi haqqında Prezident Sərəncamından
Bakı, 16 may 2017-ci il
Artıq iki il yarımdır ki, dünyanın aparıcı kütləvi informasiya vasitələri Azərbaycanın İkinci Qarabağ müharibəsindən sonra yaratdığı reallıqların əksər ölkələr və beynəlxalq təşkilatlar tərəfindən qəbul edildiyini yazırdılar. İki gün əvvəl isə xəbər verdilər ki, Ermənistanın baş naziri Nikol Paşinyan da keçirdiyi mətbuat konfransında “biz Dağlıq Qarabağın da Azərbaycan ərazisi olduğunu tanımağa hazırıq” – ifadəsini dilə gətirib. Fikrimizcə, bu Azərbaycan diplomatiyasının böyük qələbəsidir. Dərhal əlavə edirik ki, otuz il düşmən tapdağında inləyən torpaqlarımızın əsarətdən azad edilməsinin də, ərazi bütövlüyümüzün hamı tərəfindən tanınmasının da təməlində məhz müstəqil dövlətimizin qüdrətlənməsi dayanır.
Məlum məsələdir ki, Azərbaycan xalqı 1991-ci ilin payızında yetmiş il əvvəl itirdiyi dövlət müstəqilliyini bərpa etməsəydi, 1993-cü ilin yayında ölkədə siyasi hakimiyyətə qayıdan ulu öndər Heydər Əliyev dövlət müstəqilliyimizin əbədiləşdirilməsinə nail olmasaydı və 2003-cü ilin payızından sonra da Heydər Əliyev siyasi kursu davam etdirilməsəydi, bu gün ərazilərimizin işğaldan azad edilməsindən də danışa bilməyəcəkdik, hansısa siyasi-diplomatik uğurdan da.
Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, bizim BMT Təhlükəsizlik Şurasının iclaslarına, Avropa Şurasi Nazirlər Komitəsinin sessiyalarına, Türk Dövlətləri Təşkilatına, Qoşulmama Hərəkatına və digər beynəlxalq təsisatlara sədrlik etməyimizin təməlində məhz ulu öndər Heydər Əliyevin siyasi kursu dayanır.
Ümummilli liderimizin özü isə xatırladırdı ki, müasir müstəqil Azərbaycan dövlətinin nailiyyətləri Aərbaycan Xalq Cümhuriyyətinin yaratdığı təməllər üzərində qazanılır: “Azərbaycan Xalq Cümhuriyyətinin yaranması bizim vaxtilə itirilmiş dövlətçiliyimizi bərpa etdi. Eyni zamanda, Azərbaycan Xalq Cümhuriyyətinin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. Əmin ola bilərsiniz ki, bu dövlət müstəqilliyi etibarlı əllərdədir”.
Ulu öndər 1998-ci il mayın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyinə həsr olunmuş təntənəli mərasimdəki nitqində demişdir: “Bu gün biz Azərbaycan Xalq Cümhuriyyətinin 80 illik yubileyini böyük iftixar, minnətdarlıq hissi ilə qeyd edirik, bayram edirik. Bu gün biz Azərbaycanda müstəqilliyin, demokratiyanın əsaslarını yaradan insanları böyük minnətdarlıq hissi ilə yad edirik... Mən bu gün Azərbaycanın milli azadlığı, müstəqilliyi yolunda xidmət göstərmiş, həlak olmuş, özünü qurban vermiş insanların ruhu qarşısında baş əyirəm. Azərbaycan xalqını, Azərbaycanın bütün vətəndaşlarını əmin edirəm ki, biz bundan sonra da Azərbaycan Xalq Cümhuriyyətinin sədaqətli varisləri olacağıq, xalqımızın milli azadlığını qoruyacağıq, saxlayacağıq. Biz Azərbaycanın dövlət müstəqilliyini göz bəbəyimiz kimi qoruyacağıq və günü-gündən möhkəmləndirəcəyik, daha da yüksəklərə qaldıracağıq!”
Ulu öndərin həmin əminliyini Prezident İlham Əliyev ən kiçik detallarına qədər günün reallığına çevirdi. Cənab Prezident təkcə son iyirmi ildə deyil, ümumiyyətlə, müstəqillik dövrümüzdə əldə olunan bütün uğurlarla fəxr etdiyini dəfələrlə söyləmişdir. Prezident İlham Əliyev 2018-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyi münasibətilə təşkil olunan rəsmi qəbuldakı nitqində demişdir: “Bu gün müstəqil Azərbaycan hər bir Azərbaycan vətəndaşı üçün qürur mənbəyidir. Biz Azərbaycan Xalq Cümhuriyyətinin qurucularının arzularını reallığa çevirdik. Biz elə bir dövlət qurduq ki, əminəm, hər bir Azərbaycan vətəndaşı, hər bir azərbaycanlı bu dövlətlə fəxr edir. Mən tam əminəm ki, əgər Azərbaycan Xalq Cümhuriyyətinin qurucuları bugünkü Azərbaycanı görə bilsəydilər, onlar da ölkəmizlə fəxr edərdilər”.
Doğrudan da, geridə qalan illərdə baş vermiş prosesləri xatırlayarkən çoxsaylı məhrumiyyətlər, məşəqqətlər yada düşür. Həm 1920-ci ildə, həm də 1991-ci ildə bizim dövlət müstəqilliyimizi qəbul etmək istəməyənlər çox idi. Hərə bir tərəfdən gənc müstəqil Azərbaycan dövlətinə badalaq gəlməyə çalışırdı. Ekspertlər yazırlar ki, biz 1991-ci ildə bərpa etdiyimiz dövlət müstəqilliyini xalqın vahid lider ətrafında birləşməsi nəticəsində qoruya bildik. Məhz həmin mütəşəkkilliyin nəticəsidir ki, bu gün Azərbaycan dünya xəritəsində bir uğur nümunəsi kimi qəbul edilir.
Dünya siyasətçiləri etiraf edirlər ki, bu gün Azərbaycan tam müstəqil siyasət aparır. Həm xarici siyasətlə, həm daxili siyasətlə, həm də iqtisadiyyatla bağlı olan bütün nailiyyətlər dövlət müstəqilliyimizin daha da möhkəmlənsinə xidmət edir. Prezident xatırladır ki, müstəqillik təkcə dövlət atributları deyil: “Sən müstəqil siyasət apara bilirsən, yoxsa yox? Bunu uğurla apara bilirsən, yoxsa yox? Bu müstəqil siyasət sənə xeyir gətirir, yoxsa yox? Bax, bu suallara cavab verdikdə əminliklə deyə bilərik ki, bu gün müstəqil siyasət aparan Azərbaycan öz milli maraqlarını tam şəkildə təmin edir”.
Bu qısa yazını Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın bir xatırlatması ilə yekunlaşdırmaq istəyirik. Qardaş ölkənin dövlət başçısı Bakıda olarkən demişdi ki, müstəqil Azərbaycanın qazandığı uğurlar çox olsa da, hələ atılacaq daha çox addımlar var: “İnşallah, Azərbaycan Qarabağın tamamilə fərqli şəkildə yüksəlişinə davam edəcəkdir. Allah köməyimiz olsun.”
İttifaq MİRZƏBƏYLİ, “Xalq qəzeti”

