Rusiyanın TASS informasiya agentliyində “Rusiya–Azərbaycan: media əməkdaşlığının aktual məsələləri” mövzusunda dəyirmi masa təşkil olunub.
Tədbirdə Azərbaycanın və Rusiyanın aparıcı media qurumlarının rəhbərləri və nümayəndələri, Azərbaycanın Rusiya Federasiyasındakı səfiri Polad Bülbüloğlu, TASS agentliyinin Baş direktorunun birinci müavini Mixail Qusman iştirak ediblər.
Dəyirmi masanı açan TASS agentliyinin Baş direktoru Sergey Mixaylov xatırladıb ki, Azərbaycan Prezidenti İlham Əliyev ötən ilin fevralında Rusiya Federasiyasına rəsmi səfəri çərçivəsində TASS-da Rusiyanın aparıcı kütləvi informasiya vasitələrinin rəhbərləri ilə görüşüb: “Bu görüşdə Azərbaycanın və Rusiyanın aparıcı KİV-ləri arasında fikir mübadiləsi, qarşılıqlı fəaliyyət üzrə dəyirmi masa təşkil etmək ideyası yarandı. Xüsusilə xoşdur ki, bizim bu tədbir Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin 100 illik yubileyinin bayram edildiyi günlərdə keçirilir. Heydər Əliyev TASS-ın böyük dostu idi”.
Azərbaycan Dövlət İnformasiya Agentliyinin – AZƏRTAC-ın İdarə Heyətinin sədri Vüqar Əliyev TASS agentliyi ilə qarşılıqlı əlaqələr kontekstində AZƏRTAC-ın tarixindən və keçdiyi inkişaf yolundan danışıb.
Dəyirmi masada çıxış edənlər iki ölkənin mediasının yeni reallıqlarda, informasiya mübadiləsinin inkişafında qarşılıqlı əlaqələrinin vacibliyini vurğulayıb, gələcək əməkdaşlıq yolları barədə müzakirələr aparıblar.
“Xalq qəzeti”

